ABŞ diplomatlarına xarici dil öyrədən Amerika Xarici Xidmət İnstitutunun hesabatında ingilisdillilərin ayrı-ayrı dilləri hansı müddətdə öyrənə biləcəkləri müəyyənləşdirilib.
Bu hesabatda hər bir dilin öyrənilməsinə lazım olan vaxt həftələrlə göstərilib.
Beləliklə, avtomatik olaraq, dillərin çətinlik qrupları da müəyyənləşib.
Birinci kateqoriyaya ingilisdillilər üçün «ən asan dillər» daxil edilib. Bunların minimum öyrənilməsinə minimum 24 həftədən 30 həftəyədək vaxt lazım gəlir. Bu dillərdən bəziləri bunlardır: Danimarka, holland, fransız, italyan və ispan dili.
İkinci kateqoriya nisbətən çətin dilləri ehtiva edir. Bunların öyrənilıməsinə minimum 36 həftə vaxt lazımdır. Bunlar alman, indoneziya, svahili, malay dilləridir. Gördüyümüz kimi bu kateqoriyada Avropa dillərindən yalnız alman dili var.
Azərbaycan dili çətinliyinə görə üçüncü kateqoriyaya düşüb. İngilisdillilərin Azərbaycan dilini babat öyrənməsi üçün azı 44 həftə lazımdır. Yəni az qala bir il. Gürcü, çex, alban, fars, fin, ivrit dilləri bu qrupdadır. Bütün türk dilləri də bu qrupa düşüb və rus dili də buradadır.
Amma bundan da çətin dillər qrupu olan 4-cü kateqoriya da var. Ərəb, çin, yapon, koreya dilləri bu qrupa salınıb. Bu dilləri minimum öyrənmək üçün ingilisdilli tələbəyə 88 həftə vaxt lazımdır.