Rusiyada doğulmuş Gennadiy Kapkanov fevralın 25-də Kiyevdə Ukrayna kiberpolisi tərəfindən həbs edilib. Onun «Avalanche» adlı mürəkkəb cinayətkar kompüter serverləri şəbəkəsinə başçılıq etdiyi iddia olunur. Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü Kapkanovun həbsini təsdiqləyib.
Polisə müqavimət göstərməyib
Kapkanovun saxta Ukrayna pasportu ilə yaxalandığını deyən DİN sözçüsü Artyom Şevçenko həmin sənədin surətini təqdim edib.
Nazirliyin məlumatında deyilir ki, Kapkanovun Ukrayna paytaxtında tutduğu evdən noutbuk, fləş-kart və nağd pul tapılaraq götürülüb.
Ukrayna polisinin yaydığı videoda Kapkanovun polis nəzarətində olduğunu, polis əməkdaşlarının onun həbs edildiyi mənzildə dəlil topladığını görmək olar.
Shevchenko-nun sözlərinə görə, Kapkanov keçən dəfəki həbsindən fərqli olaraq, bu dəfə polisə müqavimət göstərməyib.
«Avalanche» kibercinayət şəbəkəsinin yeddi il fəaliyyətdə olduğu bildirilir. İndiyə qədər 40 ölkənin hüquq-mühafizə qurumları bu şəbəkəylə mübarizə aparıb.
Kapkanovun həbs edildiyi beynəlxalq reyd 2016-cı il noyabrın 30-da dörd ölkənin ərazisində aparılıb. ABŞ Federal Təhqiqat Bürosunun (FTB) xarici tərəfdaşları bu əməliyyatı kibercinayətkarlıqla mübarizə sahəsində presedenti olmayan qlobal hüquq -mühafizə tədbiri adlandırıblar. O zaman 33 yaşı olan Kapkanov həmin gün Ukraynanın Poltava şəhərində həbs edilib. Onun həbsi zamanı hətta qısa atışma da baş verib.
2 aylığa həbs olunub
Ancaq həbsdən bir həftə sonra yerli məhkəmənin hakimi prokurorluğun ittihamnaməni düzgün tərtib etmədiyini deyib və o azad edilib. Bu qərar hüquq-mühafizə orqanlarında ciddi qəzəblə qarşılanıb. Hətta ölkənin Baş prokuroru Yuriy Lutsenko hakimin vəzifəsindən kənarlaşdırılmasına nail olacağını deyib. O zaman Kapkanov yoxa çıxıb. Bundan sonra barəsində beynəlxalq axtarış elan edilib. Hakerin azad olunandan təkrar həbsinədək harada və nə işlə məşğul olduğu hələ də bəlli deyil. Ancaq A.Shevchenko-nun sözlərinə görə, onun bu müddət ərzində Britaniyada olduğu düşünülür.
Kapkanov fevralın 26-da Poltavada məhkəmə qarşısına çıxarılıb. Məhkəmə hakerin 2 aylıq həbsi barədə qərar çıxarıb.
Kapkanov «maliyyə vəsaitinin yuyulması», «kompüterlərin işinə icazəsiz müdaxilə», «dələduzluq» və «hökumət nümayəndəsinə müqavimət» maddələri üzrə ittiham olunur.
«Avalanche» haker qrupunun virus yaymaq, fişinq və spam kampaniyası ilə gündə bütün dünyada yarım milyonadək kompüteri virusa yoluxdurduğu bildirilir. 30 ölkənin hüquq -mühafizə qurumları bu platformanın rəhbərinin axtarışı ilə məşğul olub.
100 milyon avro itki
Almaniyada irimiqyaslı qlobal kiberhücumlar və çirkli pulların yuyulması üçün meydan kimi istifadə olunan «Avalanche» beynəlxalq cinayət şəbəkəsinə qarşı cinayət işi açılıb. Mütəxəssislər şəbəkənin fəaliyyəti nəticəsində ölkəyə 6 milyon avro (7.3 milyon dollar) ziyan dəydiyini hesablayıblar.
Bundan başqa, ilkin hesablamalara görə, «Avalanche» bot şəbəkəsinin kiberhücumları 100 milyon avro (122.2 milyon dolar) dəyərində pul itkisinə yol açıb.
2016-cı ilin noyabrında keçirilən beynəlxalq əməliyyat nəticəsində cinayət şəbəkəsinin fəaliyyətini dayandırmaq mümkün olub. O zaman Avropol (Avropa Birliyi Hüquq Mühafizə Əməkdaşlığı Agentliyi) 800 minədək internet domeninin aşkarlanaraq bloklandığını, bir neçə yüz serverin fəaliyyətinin dayandırıldığını bildirmişdi.
Avropolun Kibercinayət Mərkəzinin ozamankı rəhbəri Fernando Ruiz «Avalanche»ın yaratdığı infrastrukturu «cinayətin xidmət sahəsi kimi fəaliyyət göstərməsinə ideal nümunə» adlandırmışdı.