Vaxt.Az

Putin ittifaqında süd qalmaqalı


 

«Avrasiya İttifaqı Rusiyanın siyasi hədəfləri üçün yaradılıb»

Putin ittifaqında süd qalmaqalı 26 fevralda Rusiya Belarusdan süd məhsullarının idxalını qadağan edib. Halbuki, Rusiyaya idxal edilən süd məhsullarının çox hissəsi məhz Belarusun üzərinə düşür.

Rusiya Kənd Təsərrüfatı Məhsullarına Federal Nəzarət Xidmətinin («Rosselxoznadzor») bu qərarı müzakirələrə səbəb olub. Məlumatlara görə, «Rosselxoznadzor» bu qərarını qayda pozuntuları ilə əlaqələndirib. Əsas məsələ isə baytarlıq-sanitar normalarının pozulmasıdır. 2017-ci ildə 596 belə pozuntunun qeydə alındığı bildirilir.

Belarusun keçmiş baş naziri Sergey Sidorski bildirib ki, «Rosselxoznadzor»un qadağası üçün heç bir əsas yoxdur. Həmçinin deyib ki, bu, Avrasiya İqtisadi İttifaqının prosedurlarına da ziddir.

Rusiya 2017-ci ildən Belarusdan süd məhsulları idxalını məhdudlaşdırmaq niyyətindədir. Hətta bir zamanlar müvəqqəti sanksiyalar haqqında da söhbətlər gedirdi.

Erməni ekspert Ovanes İqityanın sözlərinə görə, Avrasiya İttifaqı heç zaman şəffaf qurum olmayacaq, çünki bu, siyasi strukturdur.

«Ümumiyyətlə, belə ittifaqlar gömrük məntəqəsi olmadan işləməlidir, onların vahid gömrük zonası olmalıdır. Məsələn, Avropa Birliyində hər şey aydındır, bu quruma üzv ölkələr arasında heç bir gömrük məntəqəsi, gömrük yoxlamaları yoxdur. Ümumi standartlar var və insanlar sakitcə işləyirlər, deməli, hər şey qaydasındadır. Gəlin, Avrasiya İttifaqına baxaq, bu Rusiyanın təşəbbüsü ilə siyasi hədəflər üçün yaradılıb. Ona görə də bu qurum Belarus, Ermənistan və ittifaqın digər üzvləri üçün maneələr yaradır», - deyə ekspert bildirib.

İqityanın sözlərinə görə, Rusiya ilə Belarus arasında problemlər çoxdan mövcuddur və vaxt ötdükcə daha da ağırlaşır.

Məsələ ondadır ki, Belarusun ət və süd məhsulları daha ucuzdur. Rusiya isə Belarusa tələb qoyur ki, süd məhsullarının istehsalı üçün Rusiyanın resurslarından istifadə etsin.

Ekspertlərin fikrincə, bu tələb anlaşılan deyil. «Rusiya hansısa tezisi irəli çəkməyə hazırlaşır, çalışır ki, yerli istehsalçıları müdafiə etsin. Amma Avrasiya İttifaqında iştirakçı dövlətlərin də maraqlarını müdafiə etmək lazımdır», - deyə İqityan söyləyib.

«Bütün bunların yoxluğu sübut edir ki, Avrasiya İttifaqı heç bir gələcəyə malik deyil. Əgər hazırkı metodlarının rəhbər tutulması davam edəcəksə və sanksiya məsələləri ortaya çıxacaqsa bu təşkilata yeni üzvlər qəbul olmayacaq. Əksinə, üzv dövlətləri də itirəcək», – İqityan əlavə edib.

Ekspert vurğulayıb ki, Ermənistan təhlükəsizliyini riskə ataraq Avrasiya İttifaqına daxil olub.

«Qırğızıstan isə Rusiyaya olan borcuna görə bu ittifaqa daxil oldu. Belarus çoxdan bəri ümumi dövlət anlayışını tətbiq etməyə çalışır. Qazaxıstan bir tərəfdən Rusiya ilə münasibətləri korlamamağa çalışır, digər tərəfdən isə öz bazarlarını Avrasiya İttifaqına üzv dövlətlərindən qorumaq istəyir.

Avrasiya İttifaqında vaxt ötdükcə mövcud problemlər artmağa başlayacaqsa, bu, quruma heç nə verməyəcək və təşkilat dağılacaq», - deyə İqityan qeyd edib.

 





01.03.2018    çap et  çap et