Vaxt.Az

150 km boru xəndəyə endirilib


 

Albaniyada TAP-ın 70 faizi hazırdır

150 km boru xəndəyə endirilib Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniya hissəsində boruların təxminən 70 faizi xəndəyə endirilib.

TAP konsorsiumundan verilən məlumata görə, bu isə 215 km-in 150 km-i deməkdir. «Cənub-şərqi Avropada qarlı və soyuq havaya baxmayaraq işlər qrafikə uyğun həyata keçirilir», - məlumatda qeyd olunub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə «Şahdəniz-2» layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

«Şahdəniz» konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20 faiz), SOCAR (20 faiz), «Snam S.p.A.» (20 faiz), «Fluxys» (19 faiz), «Enagas» (16 faiz) və «Axpo» (5 faiz) şirkətləri çıxış edir.

 





01.03.2018    çap et  çap et