Vaxt.Az

Kimdi günahkar?


 

Baş tutmayan transferin təfərrüatları

Kimdi günahkar? Bir müddət əvvəl «Bakı»nın şərəfini qoruyan Nurlan Novruzovun Türkiyə PTT 1-ci liqasında mübarizə aparan «Fəthiyəspor»un heyətinə cəlb olunacağı barədə xəbərlər yayılmışdı. Təbii ki, məlumatlar öz təsdiqini tapdı və Novruzov Türkiyə klubuna baxışa yollandı. (futbolinfo.az)

Sözügedən futbolçu 1-ci liqa təmsilçisinin heyətinə müqavilə bağlamaq üçün yollanmışdı. Elə gənc futbolçu üçün hər şey bundan sonra başladı. Nurlanın qardaş ölkə futbolunu dadacağı bir anda həmyerlilərimiz 20 yaşlı hücumçunun legioner karyerasına imkan vermədi.

Təbii ki, bu barədə biz yox, Novruzovun Türkiyədə işlərini görən menecer Ömər Bədioğlu məlumat verib. Hərmyerlimizin Türkiyə klubuna transferinin niyə baş tutmadığını öyrənmək üçün Bədioğlu ilə əlaqə saxladıq: «Cavid Əhmədoğlu adlı jurnalist mənə belə bir futbolçunun olduğunu bildirdi. Daha sonrə mən də həmin futbolçunun görüntülərini «Fəthiyəspor»a təqdim etdim və onların işini gördüm. Nurlan gəldi, sənədlərinin hamısının hazır olduğunu dedi. Hətta o bizə, klub prezidenti ilə görüşdüyünü və ölkə xaricində oynamaq üçün rəhbərlik tərəfindən heç bir problemin yaradılmayacağını bildirdi. Mən də razılaşdım, komandanın düşərgəsinə qoşuldu. Azərbaycandakı meneceri Vaqif Heydərli transfer qiyməti olaraq 100 min avro istədi. Daha sonra «icarəyə verim və icarə müddəti bitdikdən sonra gəlib alsınlar» dedi. Mən dedim «10-15 min dollar verərik». Çünki gənc futbolçudu və Türkiyədə onu heç kim tanımır. Daha sonra icarəyə razılaşdıq. Vaqif Nurlanın Azərbaycana qayıdaraq bir neçə sənədə qol çəkəcəyini bildirdi. Biz də futbolçunu vətəninə göndərdik. Orada Nurlanla müqavilə imzaladılar. Bizə 3 illik icarəyə verəcəklərini bildirdilər. Lakin Nurlanın sənədlərini bizə göndərilmədi. «Heç kim yoxdu, bir neçə günə imzalanacaq» bəhanələri ilə transfer vaxtı bitənə qədər gözlətdilər. Daha sonra Vaqif mənə bu işin baş tutmayacağını söylədi. Bu transferin baş tutmamağında tək günahkar Vaqifdi. Novruzov Türkiyədə oynamaq istəyirdi. Hətta 20 gün düşərgədə qaldı və gedərkən də ağladı. Bu cür işlər azəri futbolçuların Türkiyəyə gəlməsinə də problem yaradır. Çünki bu hadisədən hamı xəbərdardı və türk klubları Azərbaycandan futbolçu alarkən daha diqqətli olacaqlar».

Türkiyəli meneceri sözlərinə görə həmkarı Vaqif Heydərli öz qazancına görə gənc futbolçunun legioner həyatı yaşamasına mane olub. Bədioğlu ilə danışdıqdan sonra Nurlan Novruzovla söhbətləşmək qərarına gəldik. Nə qədər çalışsaq da, Novruzov problemin əsl səbəbini bizə danışmaq istəmədi. Ya zəlzələdən, ya vəlvələdən, ya da «Bakı»dan çəkindiyi üçün. Əsas olan odur ki, danışmadı. Sadəcə, «heç kim mənim Türkiyəyə keçidimə mane olmayıb. Transfer müddəti bağlandığı üçün bu keçid həyata keçmədi. Ola bilsin ki, maydan sonra Türkiyəyə yollanım» deməklə kifayətləndi.

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq və az sonra Heydərlinin mövqeyini də sizə təqdim edəcəyik. Ancaq etiraf etmək lazımdı ki, türkiyəli menecer rahat qazanc istəyir. Onun istedadlı bir futbolçunu ucuz qiymətə ələ keçirmək cəhdi başadüşüləndir, Nurlanın sənəd işlərindən başının çıxmaması, bu baxımdan savadsız olması üzündən vəziyyətdən istifadə etmək istəyib. Bu alınmayanda isə günahkar axtarışına çıxıb. Ümumiyyətlə, Bədioğlunun peşəkarlığı da şübhəlidir. Çünki bir jurnalistin sözü ilə oyunçu seçən, ona heç bir əziyyət çəkmədən qazanc əldə etmək istəyən menecer sadəcə, işləmədən dişləmək niyyətindədir.

 





13.02.2014    çap et  çap et