Vaxt.Az

«Hər şeyi açıb danışa bilmərəm»


 

Hafiz Hacıyev Jirinovski ilə görüşündən danışdı

«Hər şeyi açıb danışa bilmərəm» «Vladimir Jirinovski ilə görüşməyimlə bağlı səsləndirilən fikirlərlə razıyam». Bunu Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski, o cümlədən digər siyasi liderlərlə açıq və gizli şəkildə görüşlərinin olduğunu bildirib: «Mən siyasətçiyəm. Siyasi dairələrdə olan bütün insanlarla həmişə görüşürəm. Təbii, Vladimir Jirinovski ilə də müəyyən işlərimiz olub. Amma hər şeyi aça bilmərəm. Ona görə də bu məsələyə fikir verməmək lazımdır.

Həm Avropa, həm Türkiyə, Qərb dövlətləri siyasətçiləri ilə mütəmadi olaraq  açıq və gizli şəkildə görüşlərim  olur. Hər görüşlərdə də çalışıram ki, Azərbaycanın  gələcəyi naminə müəyyən işlər  görülsün, o cümlədən Rusiya, ABŞ, Avropa ölkələrində ölkəmizlə bağlı gedən anti-təbliğatını qarşısını alım.  Görüşlərim ancaq millətin, dövlətçiliyin xeyrinə ola bilər».

H.Hacıyev qeyd edib ki, gələcəkdə də Jirinovski ilə görüşlərin baş tutması mümkündür: «Vladimir Jirinovski  Rusiyada prezidentliyə namizəddir, mən də Azərbaycanda. Əlbəttə, fikirlərimizi bölüşməliyik, gələcəkdə Rusiya və Azərbaycan münasibətlərinin hansı səviyyədə inkişaf etdiyini düşünməliyik.  Lakin hazırda hər iki ölkədə seçki prosesidir deyə onun da, mənim də vaxtım məhduddur.

Çalışacağıq ki, gələcəkdə də bu əlaqələr davam etsin, bu istiqamətdə müəyyən addımlar atılıb işlər görülsün, dövlət əlaqələrinin yaxşılaşması üçün partiyaların fəaliyyətindən istifadə edilsin. Jirinovskinin Rusiyada daha konstruktiv fikirləri var. Düşünürəm ki, bunlar gələcək üçün millətçiliyimizə, dövlətçiliyimizə xeyirdir».

Partiya sədri növbədənkənar seçkilərə hazırlıq prosesindən də söz açıb: «Seçkilərə hazırlıq yüksək səviyyədə davam edir. Artıq imzaları toplayıb Mərkəzi Seçki Komissiyasına  təqdim etmişik. Biz seçkinin qanun və tələblərinə uyğun olaraq hələlik təbliğat-təşviqat işlərinə başlamamışıq. Amma rəsmi şəkildə rayonlarda görüşlərimiz, kütləvi şəkildə mitinqlərin keçirilməsi gözlənilir. Hesab edirəm ki, uğurlu seçki olacaq».

 





07.03.2018    çap et  çap et