Binalararası avtomobil yolu bir neçə hissədə çöküb. Magistral xətlə gedən çirkab kanalizasiya suları asfaltın üstünə çıxaraq binaların zirzəmilərinə dolub. Su axını binaların özüllərinə də təhlükə yaradır.
Şirvan Su-kanal idarəsinin müdiri Hamlet Hüseynov bildirib ki, kanalizasiya xəttində yaranmış problem sovet dövründən qalma problemdir. Hazırda magistral kanalizasiya xəttində yaranmış qəzalı vəziyyətlə əlaqədar «Azərsu» ASC tərəfindən tədbirlər görülür. Xəqani küçəsinə «Azərsu» ASC-nin texnikası və işçi qüvvəsi cəlb edilib.
Yeni plastik kanalizasiya boruları gətirilib. Qəzanın aradan qaldırılması yaxın 15-20 gündə yekunlaşacağı bildirilir.
Baş vermiş qəza ilə əlaqədar «Azərsu» ASC-nin rəhbər şəxsləri hadisə yerinə gəliblər. «Azərsu» ASC-dən verilən məlumata görə, yaxın aylarda Şirvan şəhərinin kanalizasiya xətləri yenidən qurulacaq. Artıq bunun üçün maliyyə vəsaiti ayrılıb.