Vaxt.Az

«Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz»


 

Elçibəyin oğlundan Siyavuş Novruzova cavab

«Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz» Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan sensasion müraciət yayıb.

YAP funksioneri musavat.com vasitəsilə Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak etmiş müxalifət liderlərinə - Etibar Məmmədov, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Nemət Pənahlı, Cəmil Həsənli, Əli Kərimli, Arif Hacılı, Sərdar Cəlaloğlu, habelə, Əbülfəz Elçibəyin ailəsi, eks-prezident Ayaz Mütəllibov, hüquq müdafiəçisi Novella Cəfəroğlu və digərlərinə müraciətində Vidadi İsgəndərlini nəzərdə tutaraq, deyib:

«Mən Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər?

Ayaz Mütəllibova müraciət edirəm. Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli azadlıq hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o, bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciət edirəm. Onu bu hərəkatda görmüsünüzsə, deyin! Yaxud sizin haqqınızda, ailə üzvləriniz haqqında bir kəlmə söz deyilibsə, deyin! Nemət Pənahlıya müraciət edirəm. Cəmil Həsənliyə müraciət edirəm, indi onun adından müraciət edirlər, sənin ailən, uşaqların, qohumların haqqında Yeni Azərbaycan Partiyası, yaxud dövlət tərəfindən bir kəlmə söz deyən olub? Heç kəs heç nə deməyib. Kimsə deyib, o, özü bilər, özü aydınlaşdırsın, bu, dövlətin fikri deyil».

...Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə bu adamı görmüsünüz, yoxsa görməmisiniz?

...başda Novella Cəfəroğlu olmaqla müraciət edirəm. Novella xanım, sənin ailən, uşaqların, nəslin-nəcabətin haqqında mən – neçə ildir mübarizə aparırıq - bir kəlmə demişəm? Sən hüquq müdafiəçisi olanda o, adamları tutub dama qoyurdu, prokurorluq orqanlarında işləyirdi. Xahiş edirəm, mövqeyinizi bildirin! Mənə mövqe lazımdır!

... Həm də mənim əxlaqım, tərbiyəm ona yol vermir ki, kimisə söyəm. Cəmil Həsənliyə, Əli Kərimliyə, digərlərinə müraciət edirəm, biri desin ki, bəli, Siyavuş Novruzov bizi söyüb. Bəli, tənqid eləmişəm, biz siyasi mübarizə aparırıq».

S.Novruzov açıqlamasında deyib ki, onu bu müraciəti etməyə vadar edən səbəb V.İsgəndərlinin onun, dövlət başçısının və digər şəxslərin ünvanına həqarətlər səsləndirməsidir.

Modern.az saytı S.Novruzovun çağırışına mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsindən münasibət öyrənməyə çalışıb. Elçibəyin xanımı Türkiyədə olduğundan oğlu Ərturqut Əliyev məsələyə dair mövqeyini açıqlayıb.

«Azərbaycan hakimiyyəti tərəfindən bizim ailəmiz, ailə üzvlərimiz təhqir olunmayıb. Kimsə kiminsə fikirlərinə etiraz edə bilər. Lazım gəlsə, kimisə tənqid də etmək olar. Amma təhqir yolverilməzdir. Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz».

 





09.03.2018    çap et  çap et