Vaxt.Az

Tərbiyəsizliyə nə qədər dözməliyik?


 

Tərbiyəsizliyə nə qədər dözməliyik? Yaşıl meydanlarda bir sıra futbolçuların tərbiyəsizliklərinin şahidi olmuşuq. Lakin bu məsələlər AFFA İntizam Komitəsinin gözündən yayınmayıb. Mahir Şükürovun, Elnur Allahverdiyev və digər futbolçuların birinci növbədə özlərinə, daha sonra azarkeşlərə etdiyi hörmətsizlik başbilənlər tərəfindən cəzasız qalmayıb. Nədənsə, bu cəzalar tək yerli futbolçulara aid edilir.

Elə son turda Lənkəran şəhər stadionunda ədəbsiz jest göstərdiyinə görə «Neftçi»nin müdafiəçisi Mahir Şükürov 3 oyunluq cəzalandırılıb və onun bir barmağına görə klubu 2000 manat cərimə ödəməli olub. Oxşar hadisə eyni turda baş tutan «Rəvan» - «İnter» qarşılaşmasında da baş vermişdi. Belə ki, 94-cü dəqiqəyə qədər hər şey öz axarı ilə davam edirdi. Lakin «bankirlər»in son dəqiqədə vurduğu 2-ci qol baş məşqçi Kaxaber Sxadadze başda olmaqla, Georgi Lomaya, Aleksandr İaşvili və Laşa Salukvadzeni dilə gətirib. Lakin «gürcü mafia»sının bu hərəkəti cəzasız qalıb.

Son dəqiqələrdə edilən ədəbsiz jest «Rəvan»ın məşqçisi Füzuli Məmmədovun kəskin etirazına səbəb olub. Belə ki, digərlərini görməyən, təkcə Salukvadzenin ədəbsizliyini görən Məmmədov gürcünün təhqirinə dözməyərək, onunla, eləcə də «İnter»in məşqçiləri ilə haqq-hesab çürüdüb. Rəqib komandanın texniki zonasına qədər gələn Məmmədov mübahisədən sonra yerinə qayıdıb. Həmin anda baş verənləri isə məşqçi bu cür izah edir:

«Qoldan sonra bir az anlaşılmazlıq oldu. Futbolçu tərbiyəsiz jest göstərdi. Mən də öz etirazımı bildirdim və oyundan sonra gəlib üzr istədilər. Mənim Kaxayla yaxşı münasibətim var. Bir-birimizə hörmətimiz var. Laşa tərbiyəsiz jest göstərdi. Mən də onun cavabını qəşəng verdim. Oyun bitən kimi də ona yaxınlaşdım. Daha sonra elə Kaxa da, Vaqif Cavadov da gəlib dedi ki, narahat olma, səhv edib, üzr istəyəcək. Baş məşqçi məni sakitləşdirdi. Vaqif Salukvadzeni gətirdi və gürcü futbolçu hərəkətinə görə üzr istədi».

Salukvadze etdiyi tərbiyəsizliyə görə üzr istədi və bununla da söhbət bağlandı. Bəs klub necə? «İnter» rəhbərliyi «Rəvan»dan üzr istəyən Laşanın və digərlərinin hərəkətini cəzasızmı qoyub? Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məsələ ilə bağlı bunları bildirdi: «Klub rəhbərliyi iddia edilən həmin jesti görməyib və görülməyən, təsdiqlənməyən hərəkətə görə kimsəni cəzalandırmağı doğru addım saymırıq».

«İnter» tərəfi gürcü futbolçunun tərbiyəsizliyini görmədiyini bildirir. Lakin görünən kəndə bələdçi lazım deyil. Artıq görən görür, bilən bilir. Görməyən və bilməyən yalnız «İnter» və sözügedən məsələyə görə cəza verməyən AFFA tərəfidi. Deyəsən «bankirlər»in kassası lazım olan anda necə işləməyi yaxşı bilir. Artıq gürcülər Premyer Liqada əməlli başlı söz və güc sahibinə çevrilir. Gözünüzü açın cənablar, görməli və bilməli çox şeylər var... (futbolinfo.az)

 





14.02.2014    çap et  çap et