Bunu Milli.Az-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
Generalın fikrincə, belə bir fərmanın verilməsi bütün aspektlərdən baxanda cəmiyyətimiz tərəfindən alqışlanmalıdır: “Azərbaycanın hər bir övladı Vətənin müdafiəsində durmalı, yeri gələndə onun uğrunda canından keçməlidir. Ali Baş Komandanın bu fərmanı isə şəhid olmuş və itkin düşmüş Azərbaycan vətəndaşlarının ailələrinə sosial yardım məqsədi daşıyır. Hər bir əsgər, hər bir hərbçi biləcək ki, o, döyüş tapşırıqlarını yerinə yetirərkən onun ailəsinə, övladlarına dövlət tərəfindən qayğı yüksək səviyyədə olacaq. Buna ölkəmizin maddi imkanları da var. Ali Baş Komandan ona görə belə bir fərman verib ki, onlar ən azından maddi baxımdan nəyəsə ciddi ehtiyac duymasınlar. Bu çox müsbət addımdır və bunu çox yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.