Bu “qalib sərkərdə”ni çiynində rüqzaqla, əynində kamuflyajla dolaşan, bir vaxtlar adi qəzet müxbiri və sonradan baş redaktoru olmuş indiki deputat Nikol Paşinyan devirdi. Hansı ki, son vaxtlara qədər Ermənistanda onu ciddi siyasətçi kimi qəbul etmirdilər və ümumiyyətlə nəzəri baxımdan Paşinyanın inqilab etməyə nə yetərli siyasi resursları, nə formalaşmış strukturları yox idi. Amma keçmiş qəzet müxbiri unikal siyasi texnologiya tətbiq edərək bir neçə günə hakimiyyəti sarsıtdı və məqsədinə nail oldu.
Bu texnologiya nədən ibarət idi? Keçmiş Yuqoslaviyadan tutmuş Gürcüstana, Ukraynadan tutmuş Qırğızıstana qədər bir çox ölkələrdə baş vermiş məxməri inqilabların təcrübəsinə əsasən demək olar ki, Paşinyan doğrudan da mükəmməl texnologiya seçmişdi-dinc yürüşlər üçün konkret küçə və ya meydan seçilməmişdi. Paşinyanın tərəfdarları hansı küçədə polis kordonu ilə qarşılaşırdısa toqquşmaya, qarşıdurmaya girmədən başqa küçəyə istiqamət alırdı.
Hakimiyyət əsas qüvvələrini prezident və hökumət iqamətgahlarının yerləşdiyi Baqramyan prospektini bağlamağa yönəltmişdi. Çünki ənənəvi məxməri inqilab praktikasına görə hakimiyyətdə hesab edirdilər ki, Paşinyanın tərəfdarları həlledici mübarizə üçün məhz Baqramyan prospektini seçəcək. Amma belə olmadı və nümayişçilər Baqramyan prospektində polislə qısa qarşıdurmadan sonra digər küçələrə istiqamət aldılar. Və günbəgün genişlənən etirazlar bütün İrəvana yayıldı-mərkəzdə, yaxud şəhərin ucqarlarında yerləşməsindən asılı olmayaraq etirazçıları hər yerdə görmək olardı. Onlar Paşinyanın çağırışı ilə küçə və yol ayrıclarını bağlayır, nəqliyyatın hərəkətini dayandırır və dövlət strukturlarının binalarının girişini bloklayırdı.
Yaxud küçələrindən birində gənclər Sərkisyanın simvolik dəfn mərasimini təşkil etmişdilər, “tabuta” isə məşhur multfilm personajı “Çeburaşka” qoyulmuşdu. Ermənilər Serjə qulaqlarının iri və yana əyilmiş olmasına görə çoxdan bu ləqəbi veriblər.
Eyni zamanda Paşinyan küçə nümayişləri ilə yanaşı dinc kütləvi itaətsizlik taktikası da seçmişdi. O, durmadan tələbələri auditoriyaları tərk edib nümayişlərə qoşulmağa səsləyirdi, məmurları xalqın tərəfinə keçməyə çağırırdı. Çox keçmədən İrəvanda başlayan dinc kütləvi itaətsizlik aksiyaları bölgələrə də sıçradı-Ermənistanın digər iri şəhərlərində də insanlar küçələrə çıxmağa, İrəvanda gördüklərini təkrarlamağa başladılar.
Əlbəttə, Serj Sərkisyan istəsəydi Paşinyanın inqilabını beşiyindəcə boğa, etirazlar başlayan kimi onun azsaylı tərəfdarlarını və özünü həbs edə, kütləvi repressiyalar apara bilərdi. Lakin Ser Sərkisyan bunu etmədi, çünki nəzərə alırdı ki, ölkədə hakimiyyətdən narazılıq hansı səviyyədədir və onun baş nazir statusunda hakimiyyətinin ömrünü uzatmaq qərarı insanların əsəblərini tarıma çəkib.
Nəticədə belə vəziyyətdə gücdən istifadə əks effekt verə bilər. Digər tərəfdən Sərkisyan bu yola əl atmaqla Qərblə körpüləri yandırmaq istəmədi, axı o parlament üsul-idarəçiliyinə keçməklə Ermənistanın daha demokratik ölkə imicini formalaşdırmaq istəyirdi və 2008-ci ildə nümayişçilərə qarşı silah işlədilməsinin mənfi nəticələrini görmüşdü.
Həm də Sərkisyan hesablayırdı ki, Paşinyanın başlatdığı hərəkat qaynayan qazanın qapağını azacıq aralayıb buxarı çıxarmağa kömək edəcək, bu hərəkat bir müddət sonra səngiyəcək və cəmiyyətdəki gərginliyin azalmasına da təsir edəcək. Amma proseslər dramatik şəkildə sürətli inkişaf edib Sərkisyanın ümumxalq etirazları ilə üz-üzə qalmasına gətirib çıxardı. Və bu keçmiş səhra komandiri görünür hakimiyyətinə yaranmış real təhlükənin yaratdığı situasiyanın təsiri ilə əsəbi qərarlar, bəyanatlar verməyə başladı.
Əvvəla İrəvan küçələrində “Addım at, Serjdən imtina et” şüarlarının ardı-arası kəsilmədiyi bir vaxtda o faktiki olaraq ömürlük hakimiyyətdə qalmaq niyyətini açıqladı. (Birinci səhv) Serj Sərkisyan “Luis” təhsil fondunun məzunlarının sorğusuna cavab olaraq bildirdi ki, baş nazir postunu Qarabağ məsələsinin “layiqli həllinə” nail olmaq üçün tutub. Və yalnız bu məsələ öz “layiqli həllini” tapandan sonra hakimiyyətin sükanını başqa adamlar ələ ala bilər.
Bu isə o demək idi ki, Sərkisyan Qarabağ məsələsi ilə manipulyasiya edib ömürlük hakimiyyətdə qalmaq istəyir. Axı məhz onun hakimiyyətinin dövründə Qarabağ məsələsinin dinc yolla həlli çıxılmaz dalana dirənib və üfüqdə heç bir dinc həll yolu görünmür. O zaman Sərkisyan indiki status-kvonu daha 10-20 il beləcə saxlamaqla hakimiyyətdə qalmağı hesablamırdımı?
Nəticədə Serjin hakimiyyətdən hansı şərtlə əl çəkə biləcəyinə dair bu bəyanatı kütlənin onu devirmək qətiyyətini artırdı.
Təsadüfi deyildi ki, həmin günlərdə Ermənistan hakimiyyəti nümayişçiləri küçələrdən çəkilməyə çağırmaq üçün Qarabağ məsələsi ilə görünməmiş və açıq-aşkar manipulyasiya edirdi. Əvvəlcə qondarma “dqr müdafiə nazirliyi” cəbhədə vəziyyətin gərginləşdiyi, Azərbaycanın təmas xəttinə zirehli texnika və qoşun birləşmələri cəmləşdirməyə başladığı haqda bəyanat verdi.
Bunun ardınca Ermənistan Müdafiə Nazirliyinin kollegiyası guya İrəvandakı siyasi vəziyyətdən Azərbaycanın istifadə etməyə hazırlaşdığı, təmas xəttinə tankları, digər hərbi texnikanı yeritdiyi haqda bəyanatla çıxış etdi. Ardınca isə Azərbaycanın “durmadan təmas xəttinə qoşun cəmləşdirməsinə” dair dronlardan çəkilmiş görüntülər yayılmağa başladı. Bu, əlbəttə ki nümayişçiləri, Paşinyanı müharibə, Azərbaycanın hücuma hazırlaşması ilə qorxutmağa hesablanmışdı. Amma taktika işə yaramadı.
Serjik ikinci səhvə aprelin 22-də İrəvanın “Armenia-Mariott” otelində Nikol Paşinyanla görüşdə yol verdi. Bu görüş belə demək olar ki, həlledici və hətta tarixi oldu. Serj Sərkisyan Paşinyanın onunla ancaq istefa məsələsini müzakirə etmək üçün görüşməyə hazır olduğunu bildiyi halda onunla görüşə getdi. Üstəlik görüş Paşinyanın istəyi ilə onlarla jurnalistin, yəni dünyanın gözü qarşısında, canlı yayımda baş tutdu.
Ermənistanda 1997-ci ildə Ter-Petrosyanı devirib hakimiyyəti ələ keçirən Qarabağ klanının liderlərindən biri, keçmiş səhra komandiri, 10 ildir ölkəni idarə edən və hakimiyyətini konstitusiya dəyişikliyi ilə uzatmağa nail olduğunu düşünən Serjlə görüşə günlərdir İrəvan küçələrində əlində meqafon o tərəf-bu tərəfə dolaşan, üzü tüklü, bir əli sarıqlı (polislə qarşıdurmada xəsarət almışdı), başında İrəvanın hansısa “talkuçkasından” alınmış “Adidas” yazılı ucuz kepka, əynində kamuflyajlı “futbolka” olan keçmiş qəzet müxbiri çıxdı. Bu görüşə getmək Sərkisyanın hakimiyyətinin qüdrətinin artıq sarsıldığını hamıya nümayiş etdmiş oldu və yanlış qərar idi.
Çantasını sakitcə çiynindən çıxarıb Sərkisyanla üz-üzə oturan Paşinyan onunla ancaq bir məsələni müzakirə edə biləcəyini dedi-istefa. Sərkisyan əsəbiləşdiyini gizlədə bilmədi, bunu “qanuni hakimiyyətə qarşı şantaj” adlandırdı və 2008-ci ilin 1 mart hadisələrini xatırladıb Paşinyanı bundan dərs çıxarmağa (Üçüncü səhv) çağırdı. Və 3 dəqiqə sonra durub görüşü əsəbi halda tərk etdi. Paşinyan isə heç tövrünü belə pozmadan dərhal görüşü izləyən reportyorlara bu frazanı Serj Sərkisyanın qeyri-adekvatlığının sübutu kimi təqdim etdi. Bildirdi ki, onu adekvat düşünməyə sövq etmək üçün təzyiqləri artırmaq lazımdır.
2008-ci il martın 1-də ordu və polis prezident seçkilərinin şübhəli nəticələrinə etiraz edən nümayişçilərə atəş açanda Paşinyan da həmin aksiyalarda iştirak edirdi və xalqı Sərkisyanın hakimiyyətə gəlişinə etiraz etmək üçün küçələrə çağıranlardan biri idi. Nəticədə Sərkisyanın bu frazası birmənalı reaksiya doğurmadı. Bir çoxları qərara aldılar ki, baş nazir Paşinyana situasiyanın güc variantı barədə eyham edir.
Doğrudan da görüşdən saat yarım sonra Paşinyanı küçədə xüsusi təyinatlılar saxlayıb apardı. Onun iki tərəfdaşı-deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyan da saxlanıldılar. Bu, hakimiyyətin etiraz hərəkatını başsız qoymaq və zəiflədib dağıtmaq taktikasından xəbər verirdi. (Dördüncü səhv) Lakin Paşinyanın saxlanılması da güclü əks-effekt yaratdı.
Həmin axşam Respublika meydanına əvvəlki gündən 10-15 dəfə çox etirazçı toplaşdı. Ertəsi gün səhərdən isə İrəvan küçələri artıq yüz minlərlə etirazçının nəzarətində idi. Vəziyyət artıq hakimiyyətin nəzarətindən çıxmışdı və nə Paşinyanın həbsi, nə Azərbaycanın Qarabağda hücuma hazırlaşması barədə dalbadal verilən bəyanatlar Sərkisyana kömək edə bilməzdi. Heç Serji baş nazir seçiləndən cəmi 2 saat sonra tələsik təbrik edən Rusiya prezidenti Vladimir Putinin də bu vəziyyətdə edə biləcəyi nəsə yox idi. Kreml Sərkisyan naminə Ermənistanı tamamilə itirə bilməzdi.
Nəticədə günün ikinci yarısı baş nazirin müavini Karen Karapetyan elan etdi ki, baş prokurora Paşinyanla tərəfdaşlarının həbsinə dair parlamentə göndərdiyi təqdimatı geri çəkmək üçün müraciət edib. Habelə təcridxanaya Paşinyanla danışıqlara gedir. Karapetyanın bu bəyanatı artıq Sərkisyanın təslim olmağa hazırlaşdığını göstərirdi. Və çox keçmədən Sərkisyan elan etdi: “Mən səhvə yol verdim. Paşinyan haqlı idi”.
Sərkisyan doğrudan da səhvə yol vermişdi - o, hesab etmişdi ki, vaxtilə Konstitusiyanı dəyişdirəndə “Mən səlahiyyətlərim başa çatandan sonra nə baş nazir, nə prezident olmaq fikrində deyiləm” sözlərini ermənilər yaddan çıxarıblar. Yaxud məsələ Qarabağdan gedirsə onlar bu sözləri unutmağa borcludurlar və Sərkisyanın daha bir müddət baş nazir statusunda ölkəni idarə etməsi ilə barışacaqlar.
Amma xalq hakimiyyətdən boğaza yığıldığı bir vaxtda bu doğrudan da çox ciddi səhv idi və Sərkisyanın siyasi karyerasının biabırçı sonunu gətirdi. Hansı ki, o baş nazir postuna namizəd olmayıb Karen Karapetyanın namizədliyini irəli versəydi və çəkilsəydi həm Ermənistanı demokratik üsul-idarəçilik modelinə keçirmiş biri kimi yaddaşlarda qalardı, həm partiyasının hakimiyyətdə qalmasını təmin edərdi. İndi isə üzü tüklü, başı kepkalı Paşinyan Sərkisyanın getməsi ilə qane olmur, onun partiyasını və klanını da hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir. Axı inqilab Paşinyanın da dediyi kimi yarımçıq olmur...