Vaxt.Az

Hər 100 nəfərdən 30-u yoxsuldur


 

Ermənistan iqtisadiyyatı çətin günlərini yaşayır

Hər 100 nəfərdən 30-u yoxsuldur Dünya Bankı göstəricilərindən toplanmış məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 2008-ci ildən bəri 2 faiz artaraq təxminən 30 faizə çatıb. Yəni ölkədəki 100 nəfərdən 30-u yoxsuldur.

Ermənistanda işsizlik nisbətləri 2008-dən bəri 16 faiz ilə 19 faiz arasında dəyişir. Ötən il rəsmi işsizlik nisbəti 17,7 faiz olaraq müəyyən edilib. Dünya Bankının məlumatlarına görə, ölkə əhalisinin təxminən 30 faizi yoxsulluq səviyyəsində yaşayır.

Təxminən üç milyon əhaliyə malik olan Ermənistan iqtisadiyyatı 2017-ci ildə 7,5 faiz artıb, bu il isə 4,5 faizlik bir artım gözlənilir. İqtisadçılar isə bu inkişafın əhatəli olmadığı qənaətindədir.

Dünya Bankına görə, ölkənin milli gəliri ötən il 11,6 milyard dollara çatıb, adambaşına milli gəlir 3 min 813 dollar olub. Adam başına düşən milli gəlir 2008-də 4 min 10 dollar idi. Ölkədəki minimum əmək haqqı isə 55 min Ermənistan Dramıdır (115 dollar).

Ermənistan iqtisadiyyatı Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının kreditlərinə və Rusiyanın yardımlarına böyük  miqyasda asılıdır. Ölkənin enerji sektoru Rusiya tərəfindən idarə olunur.

Digər tərəfdən, ölkənin xarici borcu bu ilin fevral ayında 5,6 milyard dollar olarkən, bu miqdar ÜDM-nin təxminən yarısına təsadüf edir.

Ölkə rəhbərliyi BVF və Dünya Bankı kimi beynəlxalq iqtisadi təşkilatlardan kredit alaraq iqtisadiyyatı tarazlıqda saxlamağa çalışarkən, ölkə xaricində yaşayan diaspor da iqtisadiyyat üçün yardımlar edir.

Ölkənin əsas xarici ticarət tərəfdaşları, İran, Rusiya, Avropa İttifaqı ölkələri, Gürcüstan, Çin və Ukraynadır. 

Ermənistanın Baş Naziri Serj Sərkisyan etirazlar səbəbindən dünən istefa vermişdir. Sərkisyan, “Küçələrdəki etirazçılar mənim baş nazir olmağımı istəmir. Tələbinizi yerinə yetirirəm. Sizə son dəfə baş nazir kimi müraciət edirəm. Paşinyan haqlı idi. Yanılmışam. Baş nazir vəzifəsindən istefa verirəm”,  deyərək istefa verdiyini açıqlamışdı.

 





24.04.2018    çap et  çap et