Vaxt.Az

Nazim İbrahimova cinayət işi açıla bilər


 

Keçmiş sədrin özünü 5 ildən 15 ilədək həbs gözləyir, əmlakını isə müsadirə ...

Nazim İbrahimova cinayət işi açıla bilər Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinin üzvləri arasında xeyli dəyişiklik edilib. Dəyişikliklərdən biri də Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun vəzifəsindən uzaqlaşdırılması, əvəzinə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun təyin olunmasıdır.

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dəyişikliyi şərh edərkən Komitənin işindən narazılıq ifadə edib və bu barədə prezident İlham Əliyevin məlumatlı olduğunu vurğulayıb:

“Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

R.Mehdiyev prezidentin Diasporla iş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovla görüşdüyünü və ona konkret tapşırıqlar verdiyini diqqətə çatdırıb:

“Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”.

PA rəsmisinin sözlərinə görə, Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada, Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla hər hansı iş görülməyib:

“Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Bəzi ekspertlər Ramiz Mehdiyevin bu açıqlamasını Diasporla İş üzrə Dövlət Komitəsində korrupsiyanın ifşa olunması kimi qiymətləndirirlər.

Əgər söhbət maliyyə vəsaitlərinin öz ünvanına çatmamağından, yəni dolayısı ilə mənimsənilməsindən gedirsə, onda maraqlıdır, Prezident Adminstrasiyası rəhbərinin bu açıqlamasından sonra Nazim İbrahimov barəsində istintaq araşdırması başlaya və onun həbsi gerçəkləşə bilərmi?

Tanınmış hüquqşünas Cavad Cavadov Modern.az-a bildirib ki, Ramiz Mehdiyevin səsləndirdiyi fikirlər prokurorluq orqanlarından araşdırma tələb edir:

“Maliyyə məsələlərinin qeyd edilməsi, onların ünvanına çatmaması mənimsəmədən, korrupsiya xarakterli cinayətin əlamətlərindən xəbər verir. Bu baxımdan prokurorluq araşdırmalara başlamalıdır”.

Hüquqşünas bildirib ki, yeni sədr özü də bununla bağlı müraciət edə bilər:

“Komitəyə sədr təyin edilən Fuad Muradov özü məsələlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hər bir halda, Ramiz Mehdiyevin səsləndirdiyi ittihamlar cinayət araşdırılmasının başlanması üçün ciddi əsasdır”.

C.Cavadovun sözlərinə görə, Nazim İbrahimov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə cinayət işi açıla bilər:

“Həmin maddədə külli miqdarda vəsaitin mənimsənilməsilə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hətta bura vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi də əlavə edilə bilər. Çünki səsləndirilən ittihamlar kifayət qədər ciddi ittihamlardır. Sadəcə, mənimsəmə ilə bağlı konkret rəqəm söylənilmədiyindən hüquqşünas olaraq mən də konkret fikir söyləyə bilmirəm. Amma Ramiz Mehdiyevin açıqlaması prokurorluq orqanları tərəfindən araşdırmalara başlanmasına səbəb ola biləcək fikirlər hesab olunur. Artıq Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsi ilə araşdırmalara başlana bilər”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən, təqsirkar min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə ‒ əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gülşən RAUFQIZI

 





25.04.2018    çap et  çap et