Bundan sonra Ermənistanda, Qarabağ məsələsi ətrafında proseslər necə, hansı istiqamətdə gedəcək? İndi əsas suallardan biri budur. Hələlik birmənalı cavab söyləmək çətindir. Çünki işğalçı ölkədəki inqilabi hərəkat hələ yekunlaşmayıb, məntiqi sonluğa çatmayıb, hakimiyyətin bir çox mühüm postları Sərkisyanın adamlarının əlindədir. Hətta yeni prezident Aram Sərkisyanın da onun adamı olduğu deyilir.
***
Bir şeyi artıq əminliklə söyləmək olar ki, Dağlıq Qarabağ məsələsi üçün keyfiyyətcə yeni bir dönəm başlayır. Bəs bu dönəmdə konfliktin əsas memarı olan Rusiya öz ənənəvi taktikasını dəyişəcəkmi, dəyişəcəksə hansı səmtə dəyişəcək və bunun Qarabağ probleminin həllinə pozitiv təsirləri mümkündürmü?
Siyasi analitiklərin bu yöndə şərh və proqnozları daha çox ehtiyatlı nikbinlikdən ibarətdir. Məsələn, politoloq Elxan Şahinoğlu hesab edir ki, Serj Sərkisyanın istefası hələ işin yarısıdır: “Nikol Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə yaşıl işıq yandırmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etməkdir. Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi. Çünki Sərkisyanın istefası işin yarısıdır, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazımdır. Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyir. Cin şüşədən çıxıb, Paşinyan və onun tərəfdarları Ermənistanda yaxın illərdə həlledici fiqurlara çevriləcək. Ermənistanda bu dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə xeyri olub-olmayacağı üzərində müxtəlif variantlar hazırlamalıyıq”.
“Bu istefanın Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi irəliləyişə və böyük bir nailiyyətə gətirib çıxaracağını düşünmürəm”. Bu sözləri isə ABŞ-dakı “Karnegi Avropa” fondunun böyük elmi işçisi, Qarabağ konfliktinin araşdırmaçısı, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal Axar.az-a deyib. Onun sözlərinə görə, erməni siyasi elitasında dəyişdirilə bilməyən, Azərbaycanla heç bir kompromisə izn verməyən, atəşkəsin gücləndirilməsi üçün təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirən bir razılıq mövcuddur. “Zənnimcə, bundan sonra əsas vasitəçinin kim olduğu barədə bəzi qarışıqlıqlar olacaq, çünki, əlbəttə, Serj Sərkisyan bu münaqişə və danışıqların bütün detallarını yaxşı bilirdi”, - de Vaal bildirib.
Ekspertin fikrincə, münaqişənin müzakirəsi artıq öz formatını dəyişəcək. “Qarabağ konflikti danışıqlarında Azərbaycan və Ermənistanın müzakirəsi üçün xüsusi bir qrupun yaradılması lazım olacaq. Artıq bu məsələ XİN rəhbərləri və prezidentlərin görüşü ilə çərçivələnməməlidir”, - deyə o əlavə edib.
***
Öz növbəsində Azərbaycanın sabiq xarici işlər naziri, vaxtilə Qarabağ danışıqlarının içində olmuş Tofiq Zülfüqarov düşünür ki, Rusiya Ermənistandan çıxmaq istəyir: “Uzun müddətdir ki, Rusiyada Ermənistanı qulpu olmayan bir çamadan adlandırırlar. Bu, onu göstərir ki, Ermənistan Rusiya üçün mənasız bir yükdür. Burada mənasız dedikdə, təbii ki, iqtisadiyyatdan söhbət gedir. Əslində Ermənistanı maliyyələşdirmək, bir dövlət kimi saxlamaq və müdafiə etmək üçün Rusiya tam şəkildə bütün xərcləri ödəyirdi. Ancaq Moskva artıq maliyyə baxımından Ermənistanı lüzumsuz bir yer hesab edir və Ermənistandan çıxmaq istəyir. Belə olan halda Ermənistan təbii olaraq hansısa ayrı bir güc mərkəzinə yaxınlaşmağa çalışacaq”.
Politoloqa görə, artıq o da bəllidir ki, Avropa İttifaqı ən azından Ermənistanın iqtisadi tələbatlarını ödəyəcək. “Rusiyanın bu halda Qərblə bərabər Ermənistanın təhlükəsizliyini təmin edib-etməyəcəyini isə yaxın gələcək göstərəcək. Hesab edirəm ki, Rusiya öz mövqelərini saxlamaq üçün bir müddət Ermənistanın təhlükəsizlik tələbatlarını ödəyəcək. Baxaq görək, bu müddət nə qədər çəkəcək” - eks-nazir əlavə edib.
Ümumiyyətlə, onun qənaətincə, Ermənistanı istər Qarabağ klanı idarə eləsin, istərsə də ermənilər özləri, bu ölkənin strategiyası kökündən səhvdir: “Regionda kiçik Ermənistan güclü ölkələrin qarşısına çıxa bilməz. Yəni reallıqda onlara imkan versələr, təbii ki, Azərbaycanla sülhə razı olarlar. Çünki onlar ciddi başa düşürlər ki, Azərbaycan torpaq məsələsində güzəştə getməyəcək. İkincisi isə, Azərbaycan siyasətinin əsas istiqaməti işğal olunmuş torpaqlarını azad etməkdir. Reallıq belədir və bunu başa düşməlidirlər. Üçüncü bir amil isə odur ki, Türkiyə bu məsələdə Azərbaycanın yanındadır. Nəhayət, ən əsası Ermənistan Rusiyaya bir müttəfiq kimi lazım deyil”.
***
“Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya, Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla, Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir”. Bunu da Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Serj Sərkisyanın istefasını şərh edərkən deyib (Trend).
S.Markovun sözlərinə görə, Serj Sərkisyanın və “Qarabağ klanı”nın gedişi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək, amma nə cür təsir göstərəcəyi məlum deyil: “Məsələ ondadır ki, bu, təkcə Sərkisyanın uzaqlaşdırılması deyil: bu, amerikayönümlü, erməni ”maydan"ının qələbəsidir. Paşinyan dəfələrlə deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Onlar kifayət qədər amerikayönümlüdür və onların əsas vəzifələri Ermənistanı Rusiyadan qoparmaqdır. Ancaq heç də bütün ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların saxlanması və Azərbaycana qaytarılmamasına görə blokadada əziyyət çəkmək istəmir. Ona görə də “Kazan formulu” əsasında dinc yolla nizamlanma imkanı artır".
***
Bu, analitiklərin təxminləridir. Onlara dəqiq qiyməti isə, əlbəttə ki, əlahəzrət zaman verəcək. Həmin qiymət də əsas suala aydınlıq gətirəcək: Moskva və İrəvan Qarabağla bağlı ənənəvi destruktiv kursu konstruktiv kursa dəyişəcəkmi?..