Vaxt.Az

Tramp Mülleri işdən çıxarmaqla hədələyir


 

“Fikrimi dəyişə bilərəm, çünki baş verənlər biabırçılıqdır”

Tramp Mülleri işdən çıxarmaqla hədələyir ABŞ Senatının komitəsi xüsusi prokuror Robert Müllerin işdən çıxarılmasını əngəlləyəcək qanunvericiliyi təsdiqləyib. Bu arada prezident Donald Tramp xüsusi prokurorun təhqiqatına müdaxilə edə biləcəyinə eyham vurub. Müller Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirlik iddialarını araşdırır.

“Onlar Birləşmiş Ştatlar prezidentinə qarşı əcinnə ovuna çıxıblar. Ədliyyə Departamentinin işindən çox məyusam”, – Tramp aprelin 26-da “Fox News”un səhər proqramına telefonla müsahibəsində deyib.

Tramp deyib ki, Ədliyyə Departamentinin işinə müdaxilə etməmək mövqeyini tutub, ancaq bu mövqeyi dəyişə də bilər.

“Bunun başa çatmasını gözləyəcəyəm. Bu, tamamilə yalanlardan ibarətdir və çox dəhşətli şey baş verir. Bir məqamda fikrimi dəyişə bilərəm, çünki baş verənlər biabırçılıqdır”, – o, sözlərinə əlavə edib.

Ağ Ev bir neçə dəfə bildirib ki, Trampın Mülleri işdən çıxarmağa hüququ və səlahiyyəti çatır.

Respublikaçı və Demokratlar partiyalarından konqresmenlər isə Trampa xəbərdarlıq ediblər ki, Müllerin işdən çıxarılması konstitusiya böhranı yaradar.

Aprelin 26-da Senatın Ədliyyə Komitəsi Mülleri səbəbsiz vəzifədən kənarlaşdırılmaqdan qoruyacaq qanunu 14-7 səs çoxluğuyla qəbul edib. Komitənin aparıcı demokrat üzvü, senator Patrik Lihi “Twitter”dəki səhifəsində yazıb ki, Trampın “bu səhər bəlağətli sözləri hüququn aliliyinə zərbə vurur”. Onun sözlərinə görə, Tramp Riçard Niksondan bəri Ədliyyə Departamentinin işinə istənilən prezidentdən artıq müdaxilə edib”.

Senat çoxluğunun lideri Mitç Makkonelin bu qanunvericiliyi Senatın tam müzakirəsinə çıxarılmasına icazə verib-verməyəcəyi bəlli deyil. Makkonelin fikrincə, Müllerə qoruma lazım deyil, çünki o, Trampın xüsusi prokuroru işdən çıxaracağına inanmır.

Baş prokuror Ceff Şessns da aprelin 26-da Trampın giley-güzəranı dəstəkləyib. Vaxtilə prezident onu özünü Rusiya istintaqından kənara çəkdiyinə görə tənqid edirdi.

“Prezident narahatdır. O, hər gün Fransa, Şimali Koreya, Suriya, vergilər, sərhədin nizamlanması, cinayətkarlığın yoluna qoyulması ilə məşğuldur. Mən də bu işin bitməsini arzulayıram. Onun məyusluğunu, Amerika xalqının məyusluğunu anlayıram”, – senator deyib.

 





27.04.2018    çap et  çap et