Telekanallar və yazılı media demək olar ki, hər gün Suriyada ölən azərbaycanlı gənclərlə bağlı xəbər verir və hətta vəhabilərə məxsus saytlara istinadən qan içində olan şəkillərini də paylaşır. Ölənlərin dəqiq sayı isə bəzi məlumatlara görə 100-ə çatıb.
Mövcud vəziyyətin dəyərləndirilməsi üçün müxalifətin geniş birliklərindən birinin – Milli Şuranın sədri, keçmiş prezidentliyə namizəd Cəmil Həsənlinin mövqeyini öyrənmək istədik.
AzNews.az-ın ona ünvanladığı sualı cavablandıran C. Həsənli bildirib ki, Azərbaycan gənclərinin Suriyada daxili silahlı çəkişmələrə qoşulmasına və burada ölməsinin qarşısının alınması prosesinin yalnız maarifləndixrmə mərhələsində iştirak edə bilər.
Digər məsələlər isə hökumətin üzərinə düşür: «Yəni gənclərin Suriyaya gedib çıxmaları, niyə Qarabağ cəbhəsi ola-ola vətəndaşlarımızın gedib Suriyada həlak olmasının hesabatını hökumət verməlidir. Onun yeritdiyi siyasətin nəticəsidir ki, ölkə gəncləri xarici ölkələrin daxili çəkişməsində iştirak edirlər. Hələ əsrin əvvəlində tanınmış ziyalılarımızdan biri deyib: «Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Kimin ehsan etməli malı, qanı, canı varsa gözümüzün qarşısında ürək parçalayan Azərbaycan mətamgahına sərf etsinlər».
Yəni ərazisinin 20 faizi düşmən tapdağı altında olan məmləkətin vətəndaşının, gəncinin gedib digər bir ölkədə daxili çəkişmələrdə iştirak etməsi heç nə ilə izah oluna bilməz. Bu ölkəmizdəki təhsil sisteminin, efir məkanının, ölkədə aparılan siyasətin, təbliğatın yararsızlığının nəticəsidir».
Növbəti suala Cəmil Həsənlinin reaksiyası anlaşılmaz olub.
«Müxalifət ölkədəki bu və ya digər sosial problemlərin ictimailəşməsi üçün aksiyalar keçirir. Bu gün Suriyada və Əfqanıstanda qeyri-ənənəvi radikal dini təriqətlərin yaratdığı silahlı birləşmələrdə ölən azərbaycanlıların sayı 100-ə çatıb.
Hesab etmirsinizmi ki, müxalifət, elə məhz sizin sədri olduğunuz Milli Şura bu məsələdə ictimaiyyətə yönəlik bir aksiya keçirə bilər?» sualına cavabında C. Həsənli jurnalisti qərəzli olmaqda ittiham edərək, onu aşağılayıb: «Heç utanmırsan bunu müxalifətlə bağlayırsan?»
Daha sonra C. Həsənli bütün baş verənlərdə hökuməti ittiham edərək, dövləti Suriyaya döyüşmək üçün gedənlərə nəzarət etməməkdə günahlandırıb:
«Suriyada Azərbaycan gənci mənasız yerə həyatını itirir, sən isə bunu gətirib, müxalifətlə bağlayırsan. Sən birinci get hakimiyyətdən hesab sor ki, niyə gəncimiz Qarabağ işğal altında olduğunu hiss etmir? Bunun hesabını sor».
Jurnalistin sualda qərəz və müxalifəti ittihama yönəlik heç bir məqamın olmadığını təsdiq etmək cəhdi isə uğursuz olub. Çünki Cəmil Həsənli fikirlərini deyəndən sonra telefonu bağlayıb və bir daha cavab verməyib.