Fazil Mustafa söz alaraq həmkarına cavab vermək istəsə də iclasa həmin vaxt sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov buna imkan vermədi. Xatırladaq ki, Fazil Mustafanın qalmaqal yaradan həmin köşəsi də saytımızdadır. Yazıda Fazil bəy bir müddət öncə Afrikaya səfər təəssüratlarından bəhs edir və bizim deyil, onların bizə lağ etməli olduqları qənaətini bölüşür. Bir sözlə, oxumayanlara həmin köşəni oxumağı tövsiyə edirik, çox maraqlı olacaq...
İclas başa çatandan sonra Fazil Mustafa Moderator.az-ın bir neçə sualını cavablandırdı və Siyavuş Novruzovun bostanına daş atmağı da unutmadı. Şərh etmədən onun dediklərini təqdim edirik:
- Fazil bəydə bu Afrika sevgisi haradan yaranıb?
- Afrika çox ekzotik bir ölkədir. Mənim üçün ora çox maraqlıdır. Oradakı insanların davranışları, həyata baxışı həqiqətən də heyrətləndiricidir. Ona görə də bu mühiti xoşlayıram.
- Bəlkə oradakı iqtidarların bizimkilərə bənzərliyi Sizi oralara çəkir?
- Bənzərlik o qədər də çox deyil. Afrika ölkələr üzrə təsnifat olunmalıdır. Məsələn, elə ölkə var ki, bizdən qat-qat geridədirlər, bir neçə ölkə də var ki, bizdən irəlidədirlər.
- Dünyanın heç bir məkanında Azərbaycandakı Allahsızlığın mövcud olmadığını da dilə gətirdiniz, bu nə dərəcədə adekvat müqayisədir?
- Azərbaycan qanunların daha az işlədiyi bir ölkə kimi xarakterizə olunmalıdır. Yəni bir çox məsələlər var ki, burada qanunun üstündən keçərək həll olunur. Bu da yanlış bir şeydir. Bu əcaib ənənədən yaxa qurtarmaq lazımdır. Biz Afrikadan nümunəni də ona görə gətiririk ki, özümüzdən çox da müştəbeh olmayaq. Biz Afrikanı bəzən məsxərə predmeti kimi təqdim etsək də çox vaxt Afrikadan bizə baxış heç də o qədər yüksək də deyil.
- Siyavuş Novruzovla ikilikdə oturub polemika aparmaq mümkün olmur ki, bir-birinizi parlament tribunasından «salamlayırsınız»?
- Yox, mən ondan belə bir açıqlama gözləmirdim. Mən bədii yazıların bu qədər təhlil olunmasına doğru baxmıram. Çünki bu zövq məsələsidir. Ola bilsin ki, kimsə yazdığımı heç başa düşmək qafasına sahib deyil. Mən hər kəsin başa düşdüyü bir üslubda yazmayacam (gülüşürük). Amma söhbət ondan gedir ki, onu bu formada təqdim etmək ki, ay aman, bizi tənqid etməyin, nöqsanları söyləməyin, bu məntiqsiz yanaşmadır.