Vaxt.Az

Sirlər açılır?!


 

Tramp Agalarovla telefonda 11 dəqiqə nədən danışıb?

Sirlər açılır?! Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı Amerikanın xüsusi prokurorunun təhqiqatında yer alan kiçik Donald Trampla rusiyalı iş adamı Emin Ağalarov arasında silsilə yazışmaların ilkləri 2016-cı ilin prezident seçkilərindən iki gün sonra göndərilib. Virtualaz.org xəbər verir ki, bu barədə özəl mənbəyinə istinadən “BuzzFeed News” nəşri yazıb.

Yazışma ən azı 2016-cı ilin dekabr ayına qədər davam edib. “BuzzFeed News” qeyd edir ki, hər bir tərəfin yazışma sırasında nə qədər məlumat yollaması bəlli deyil. Nəşr əlavə edir ki, 2016-cı ilin dekabrında kiçik Trampla Emin Ağalarovun danışıqlar aparması faktı Rusiyanın müdaxiləsi haqqında ABŞ Konqresinin aprelin 27-də dərc etdiyi 250 səhifəlik məruzədə də yer alıb. “Bu, onun göstəricisidir ki, “Trampla Ağalarov arasında münasibət prezident və onun ailəsinin bildirdiyindən daha yaxın olub”, - nəşr qeyd edir.

Konqresin əvvəllər bəyan etdiyi məruzədən aydın olur ki, kiçik Tramp və musiqi prodüseri Rob Qoldstoun Ağalarovla kiçik Tramp arasında 2016-cı ilin iyun ayının 6-da telefon əlaqəsi yaratmağa cəhd ediblər. İlk zəng elə həmin gün baş tutub. Qoldstoun kiçik Trampa yazıb ki, Ağalarov “Moskvada səhnədədir, 20 dəqiqədən sonra qurtaracaq”. 21 dəqiqə sonra telefon danışığı olub. Söhbət 11 dəqiqə davam edib, belə ki, məhz bu qədər vaxtdan sonra kiçik Tramp Qoldstouna yazıb: “Rob, köməyə görə sağ ol”.

Bu telefon danışığı kiçik Trampın “Trump Tower”də rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşünə 3 gün qalmış baş tutub. Məruzədə deyilir ki, kiçik Tramp görüşdə Hillari Klintona qarşı təxribat əldə etmək istəyirdi, lakin müzakirə tez bir zamanda “Maqnitski qanunu”na keçdi ki, Rusiyanın həmin qanununa əsasən, amerikalılara rusiyalı yetim uşaqları övladlığa götürməyə icazə verilmir. Bununla yanaşı, söhbətdə ABŞ-ın Rusiya şirkətlərinə qarşı sanksiyaları da müzakirə edilib.

2017-ci ilin iyul ayında “The New York Times” yazmışdı ki, 2016-cı ildə kiçik Tramp Hillari Klintona qarşı təxribat xarakterli məlumat əldə etmək ümidi ilə Veselnitskaya ilə görüşüb. Nəşr qeyd edirdi ki, görüş müğənni və iş adamı Emin Ağalarovun xahişi ilə Rob Qoldstoun tərəfindən təşkil edilib. Qəzet iddia edirdi ki, Ağalarov təxribat xarakterli məlumatı atasından – “Crocus Group”un sahibi Araz Ağalarovdan alıb. Deyildiyinə görə, həmin məlumatı A.Ağalarov “kral prokuroru”ndan əldə edib. Nəşr yazır ki, Rusiyada belə bir vəzifə yoxdur və güman ki, söhbət baş prokuror Yuri Çaykadan gedir. Daha sonra Rusiya Baş Prokurorluğu ABŞ prezidentinin oğlu ilə Veselnitskayanın görüşünə heç bir aidiyyətinin olmadığını bildirmişdi.

 





29.04.2018    çap et  çap et