Bu sözləri Lent.az-a Bakının Suraxanı rayon sakini Elman Həsənov deyir. O, paytaxtın Xətai rayonunda yerləşən “Outlet” mağazasından şikayətçidir. Onun sözlərinə görə, aldığı ayaqqabı çox keyfiyyətsiz olduğu halda mağaza məhsuluna sahib çıxmır:
“Ayaqqabını götürüb mağazaya gəldim. Təklif etdim ki, bir az daha pul verim və mənə daha keyfiyyətli ayaqqabı versinlər, ya da ödədiyim pulu geri qaytarsınlar. Satış qəbzim olmadığından heç birini etmədilər. Çarəsiz vəziyyətdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə zəng etdim. Şikayətimi qeydə aldılar. Onlar da bildirdilər ki, qəbz olduğu halda satışdan 14 gün müddətinə alınan məhsul ya dəyişdirilir, ya da ödənilən məbləğ tam geri qaytarılır”.
Qəbz olmadığı üçün vəziyyət bir qədər mürəkkəbləşir. Bu zaman ortaya bu sual çıxır:
“İstehlakçının satış qəbzi olmadan aldığı məhsul brak çıxıbsa, hansı hüququ var?”
Lent.az-ın əməkdaşının ünvanlandığı bu suala Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşı cavablayır: “İstehlakçıların hüquqları qanunvericiliyin 15 və 17-ci maddəsi əsasında tənzimlənir. Mala heç bir zəmanət müddəti verilməyibsə, həmin qanunvericiliyin 15-ci maddəsinə əsasən, istehlakçının tələbini ödəməyən malı lazımı keyfiyyətli mal ilə dəyişdirilmək hüququ var. Lazımı keyfiyyətli qeyri-ərzaq malı öz fason, ölçü və rənginə görə istehlakçıya yaramırsa, yaxud digər səbəblərə görə istifadə oluna bilmirsə, istehlakçı onu alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində başqa lazımı keyfiyyətli mala dəyişmək hüququna malikdir. Əldə olunan mal istifadə olunmayıbsa, onun əmtəə görünüşü pozulmayıbsa, malı mal ilə birlikdə verilmiş kassa qəbzi saxlanılıbsa, bu halda o, dəyişdirilə bilər. Məsələ ilə bağlı bizə müraciət daxil olub və araşdırılacaq”.
Xidmətinin əməkdaşı onu da qeyd edir ki, kassa qəbzi olmadan da istehlakçının hüquqlarını bərpa etmək olur: “Kassa qəbzi itirilə də bilər. Qəbzin itməsi o demək deyil ki, istehlakçının şikayətinə baxılmasın. Araşdırma nəticəsində ayırd olunmalıdır ki, istehlakçının öz günahı ucbatından malda qüsur yaranıb, ya istehsalçı qüsuru var? İstehsalçı qüsuru varsa, mal əvvəldən keyfiyyətsiz olubsa, istehlakçının hüquqları qorunur. Yox, istehlakçı tərəfindən malda qüsur yaranıbsa, bu halda istehlakçının qanuna görə heç bir hüququ yoxdur”.
Bu məsələ ilə bağlı müraciət etdiyimiz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, “Outlet” mağazalar şəbəkəsinin məhsulları ilə bağlı ona da şikayət gəlib: “Ötən il 2 şikayət daxil olmuşdu. İstehlakçı hüquqlarının pozulmasının qarşısını almışıq. Kassa qəbzi yoxdursa, mal qəbzi də hüquqi sənəddir. Heç biri yoxdursa, qalır biznes qurumu ilə istehlakçının münasibətinə. Ola bilər, qaytarsın, ola da bilər, qaytarmasın. Kamera görüntüsünə gəlincə, bu ancaq polis tərəfindən açıla bilər”.