Vaxt.Az

Avtomobil alanlara dəyərli məsləhətlər


 

Alqı-satqı müqaviləsi, yoxsa etibarnamə?

Avtomobil alanlara dəyərli məsləhətlər Mərkəzi Bankın avtomobil kreditlərinin ləğvi qərarı alıcılara avtomobili nağd almaqdan başqa yol qoymadı. Qərardan sonra bu ticarəti nə qədər səngisə də, hazırda nağd alıcılar arasında artım hiss olunur. Bunu nəzərə alaraq, avtomobil alqı-satqısı üçün vəkil məsləhətlərini Sizə təqdim edirik.

Mərkəzi Bankın avtomobil kreditlərinin ləğvi qərarı alıcıları Etibarnamə ilə avtomobil almağa (faktiki alqı-satqı) dair verilən sualların çoxluğunu nəzərə alaraq bildiririk:

Etibarnamə ilə faktiki alqı-satqı etmək dövlət tərəfindən tanınmır. Etibarnamə sadə formada avtomobili idarə etmək üçün, universal formada isə başqa şəxsə satmaq, bağışlamaq, girov qoymaq və etibarnamədə göstərilən digər hüquqların keçməsi məqsədilə verilir. Universal etibarnamə alan şəxs avtomobili başqasının adına keçirə bilər, yaxud avtomobilin qeydiyyat şəhadətnaməsində göstərilən şəxsin adından hərəkətlər edə bilər.

Alqı-satqı etibarnamədən fərqli olaraq, həmin avtomobilə dair alıcıya mülkiyyət hüququ verir. Yalnız alqı-satqı halında avtomobil sizin mülkiyyətiniz sayılır.

Buna baxmayaraq, adətən avtomobillərin alqı-satqısı faktiki formada - yəni etibarnamə ilə həyata keçirilir. Halbuki bu halda dəyəri ödənərək alınmış avtomobil satanın mülkiyyəti olaraq qalır. Bu adətən iki səbəbdən edilir:

 

1. Avtomobillərin alqı-satqısında tərəflər bir qayda olaraq, gələcəkdə bir-birinə hüquqi müstəvidə problem yaratmır.

2. Alqı-satqı zamanı əlavə xərclər və sənədlər tələb olunur.

 

Etibarnaməli faktiki alqı-satqı zamanı etibarnamənin surətu notarius tərəfindən DYP-yə göndərilir və bununla da məsələ bitir.

Əsl alqı-satqıda isə məsələ bir qədər fərqlidir. Belə ki, əsil alqı-satqıda əvvəla notarius DYP-dən müayinə arayışı tələb edir. Bundan sonra alqı-satqı aparıla bilər. Etibarnamənin dövlət qiyməti idarə etmə etibarnaməsi üçün 10 manat, universal (generalnıy) etibarnamə üçünsə 20 manatdı. Alqı-satqının qiyməti daha yüksəkdir - 50 manat. Bundan başqa alqı-satqıdan sonra DYP-yə getmək, alqı-satqını qeydiyyata saldırmaq üçün 10 manat, qeydiyyat şəhadətnaməsi almaq üçün 17 manat ödəmək lazımdır.

Beləliklə, etibarnamə ilə alqı satqının fərqi bir dəfə DYP-yə getmək və 57 manat artıq pul almaqdan ibarətdir. İnsanlar bunu etməmək üçün etibarnaməyə üstünlük verirlər. Halbuki avtomobil alarkən 10.000, 20.000 və daha artıq pul xərcləyirlər.

Ancaq əsas problem təkcə bu deyil. Etibarnamə ilə almaq olduqca təhlükəlidir. Belə ki, etibarnamə ilə alınmış avtomobilin sahibi bank kreditlərini və digər hər hansı ödənişi vaxtında edə bilmədikdə məhkəmə qərarı ilə tutma artıq faktiki olaraq satılmış avtomobilə yönəldilir və avtomobil DYP tərəfindən tutulur. Bu halda avtomobilə görə ödənmiş pullar risk altına düşür və bəzən ümumiyyətlə batır.

Bundan başqa etibarnamə verən arvadından boşansa yenə ciddi problemlər yaranır. Belə ki, boşanan arvad tənbəllik etməyib avtomobilin sənədlərini toplasa həmin avtomobilin üzərinə həbs qoyulması və geri qaytarılmasını tələb edə bilər. Bu halda da ödənən pullar riskə düşür və adətən batır.

Düzdür, belə problemlər yarananda alqı-satqını tanıtmaq, yaxud ödənən pulun geri qaytarılmasını tələb etmək olur. Ancaq bu olduqca çətin bir prosesdir.

Beləliklə, göründüyü kimi, avtomobil alarkən alqı-satqı etdirmək daha məqsədəuyğundur. Bununla həm problemlə üzləşməz, həm də pullarınızı riskə atmış olmazsınız.

Tanrı bütün sürücüləri təhlükədən qorusun!

 





15.02.2014    çap et  çap et