Başlayaq, Avropadan. Avro Bölgəsi iqtisadiyyatı 2013-cü ilin son rübündə proqnozlaşdırılandan da sürətlə böyüyüb. 2008-ci ildən bəri böhran və iqtisadi sabitliklə mübarizə aparan bölgənin 6 ölkəsindən müsbət siqnallar gəlməyə başlayıb. Almaniya və Fransa iqtisadiyyatlarındakı rəqəmlər bölgənin iqtisadi göstəricisinə müsbət təsir edib. Keçən ilin son rübündə Almaniya 0,4 faiz, Fransa 0,3 faiz, İtaliya isə 0,1 faiz nisbətində artım nümayiş etdirib.
Siyasi sabitliksizlik və maliyyə böhranı ilə 12 ildir yerində sayan İtaliya iqtisadiyyatında da artım baş verib. Ölkənin iqtisadiyyatının bu il üçün 1,1 faiz nisbətində böyüməsi gözlənilir. Onu da bildirək ki, bunlar ilkin rəqəmlərdir. Avropa Statistika Təşkilatı detallı rəqəmləri gələn ayın ilk həftəsində açıqlayacaq.
Avropanın bir parçası sayılan Ukraynada isə siyasi gərginlik ölkənin iqtisadi problemlərini daha da dərinləşdirib. Belə ki, ölkə Rusiya, Avropa Birliyi və ABŞ arasında sıxışıb qalıb. Konkret Rəsmi Kreml yeni hökumət qurulana qədər Ukraynaya açacağı kredit xəttini təxirə salıb. Xarici asılılığı daha da artan Kiyev bir tərəfdən də borc təlaşına düşüb. Yaranmış vəziyyətdə pul tapmaq üçün Beynəlxalq Valyuta Fondunun qapısını döyməyi təklif edənlər də var.
Analitiklərin fikrincə, Ukrayna iqtisadiyyatı üçün BVF-dan dəstək almaq yaxşı olar. Çünki BVF səlahiyyətlilərdən islahatlar aparılmasını tələb edəcək. «Rusiyadan borc almanın mənası isə onlardan borc alacağıq ancaq idxal etdiyimiz qaz üçün yenidən pul ödəyəcəyik deməkdir» kimi qiymətləndirilir.
Bu arada qeyd edək ki, Beynəlxalq Valyuta Fondu Ukraynadakı böhrandan dövlət xərcləmələrini artıran, eləcə də iqtisadi islahatlar tətbiq etməyən prezident Viktor Yanukoviçi məsul tutur.
Onu da bildirək ki, ölkədə 45 milyon əhalilinin ortalama gəlir 370 dollar təşkil edir. Bizə şükür. 2013-cü ilin nəticələrinə görə, əhalinin hər nəfərinə düşən gəliri 336,6 manat olub. Nəzərə alsaq ki, 370 dollar manat ekvivalenti ilə 290 manat təşkil edir və beləliklə, bir ukraynalılardan 46 manat çox qazanırıq.
Bu yunanların da ağlaşması bitmir. Böhranın təsiriylə dibə vuran ölkədə işsizlik rekord səviyyəyə çatıb. Yunan iqtisadiyyatında sabitləşmə impulsları müşahidə edilsə də işsizlik rəqəmləri yüksəlməkdədir. Ötən ilin noyabrında işsizlik nisbəti 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 28 faiz olub.
Gənclər arasındakı işsizlik də rekord qırıb. Gənc əhali arasındakı işsizlik 59,4 faizdən 61,4 faizə yüksəlib. İqtisadçılar 1,5 milyon işsizin işlə təmin edilməsinin uzun zaman alacağını deyirlər. Onların fikrincə, bir milyonun adamın təkrar iş tapa bilməsi üçün Yunanıstan 20 il boyunca 5 faizlik bir artım nümayiş etdirməlidir.
Məlumat üçün bildirək ki, ölkə iqtisadiyyatının bu il 0,6 faiz nisbətində artması gözlənilir.
Qonşu Rusiya isə öz ampluasındadır. Rəsmi Kreml enerji və qaz hasilatını 2014 –cü ildə 700 milyard kub metr üçün 4,7% artırmağı proqnozlaşdırır. Həmçinin neft hasilatı 525 milyon ton üçün 0,3% artırılacaq. Ölkənin energetika nazirliyinin açıqlamasına görə, istehsalın artımı yeni yataqların istismara verilməsinə səbəb olacaq. Xatırladaq ki, 2013-cü ildə Rusiyanın qaz hasilatı 2% artaraq, 668 milyard kub metrə çatmışdı. Neft hasilatı isə, 523,275 milyon ton üçün 0,9% artıb.
Amerika Mərkəz Bankı (FED-in) istiqraz alışını azaltmasından sonra bazara müdaxilə edən ölkələr arasına Qazaxıstan da qatılıb. Qazaxların Mərkəz Bankı ölkənin pul vahidi tengenin sərmayə çıxışı səbəbiylə köhnə səviyyəsini qorumasının mümkün olmadığını səbəb göstərərək 19 faiz devalvasiyaya gedib. Qərar sonrası kurs büroları və bir çox ticari quruluş işlərini təxirə salıb.
İş dünyası
Amerika Birləşmiş Ştatlarının iki böyük kabelli nəşr şirkəti birləşmə razılığı ərəfəsindədir. Belə ki, kabelli televiziya nəşr bazarının lideri «Comcast» ilə bazarın ikinci böyük şirkəti «Time Warner Cable» satış razılaşması imzalayıblar. «Comcast» «Time Warner Cable» üçün 45 milyard dollar ödəyərək satın alacağını açıqlayıb. Yəni hissə başı təxminən 159 dollar ödəyəcək.
«Comcast»ın 22 milyon müştərisi var. «Time Warner Cable» isə 12 milyon müştəri ilə bazar payında ikinci sıradadır. Satışın tamamlanması nəticəsində «Comcast» Amerika kabelli nəşr bazarının üçdə ikisindən çoxunu ələ keçirmiş olacaq Beləliklə də 190 milyard sollar dəyərində nəhəng bir şirkətə çevriləcək.
Dünyanın ən məşhur rəqəmsal pul vahidi Bitcoin Çindən sonra Rusiyada da qadağan edilib.
Rusiya Mərkəz Bankı ölkənin pul vahidinin rubl olduğunu və Bitcoin-in ölkədə pul vahidi olaraq istifadə edilməyəcəyini açıqlayıb. Buna səbəb isə Bitcoin-in qeyri-qanuni fəaliyyətlərdə istifadə olunmasıdır. Bitcoin-in sistemi bu tərz fəaliyyətlərin sübut edilməsini də çətinləşdirirdi. Qeyd edək ki, heç bir mərkəz və ya ölkə tərəfindən nəzarət edilməyən, çox yüklü pul transferlərinin bir neçə dəqiqədə, prosedura ehtiyac duyulmadan reallaşdırıldığı Bitcoin bu sadə sistemi ilə istifadəçiləri cəzb edirdi.
Yola saldığımız həftə iş dünyasının daha bir şok xəbəri «General Motors»un baş direktoru Merri Barranın açıqlanan gəliri oldu. Necə də başqasının pulunu saymaqdan zövq alırıq ey. Dünya avtomobil istehsalı tarixində ilk avtomobil şirkəti rəhbəri olan Merri Barranın 2014-cü ildə illik gəliri 14,4 milyon dollar təşkil edəcək. Müqaviləyə əsasən M.Barranın illik maşı 4,4 milyon dollar olacaq. 10 milyon isə bonus kimi veriləcək.
Gəldik - çatdıq, öz firavan ölkəmizə. Yaxşı ki bizdə Merri Barran kimi 14 milyon dollar gəliri olan qadın yoxdu. Yoxsa, zinət əşyaları dükanlarında qiymətli metal, yüngül sənayedə paltar qıtlığı yaşanar.
Banklara qarşı səlib yürüşünə başlayan Mərkəzi Bank (MB) bank nəzarətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyini bəyan etdi. MB bankın rəhbəri Elman Rüstəmov açıq şəkildə bildirdi ki, bank-maliyyə sektorunun dərinliyinin artması, sektora çıxış imkanlarının təşviqi məsələlərini diqqətdə saxlayacaqlar:
«Bununla da real sektorun maliyyələşdirilməsində bank sektorunun iştirakının daha da genişləndirilməsinə nail olunacaq». Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi məsələsinə toxunan E.Rüstəmov deyib ki, ipoteka mexanizminin inkişafı Mərkəzi Bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaq: ««Hökumət Ödəniş Portalı»na dövlət qurumlarının inteqrasiyası istiqamətində işlər davam etdiriləcək.
«Sovetski» adlanan ərazinin sökülməsi ilə bağlı rəsmi açıqlama daşınmaz əmlak bazarını təlatümləndirdi. Relitorlarin proqnozlarına əsasən, 10 min nəfərin bazara axışması kirayə mənzil, daşınmaz əmlak bazarında yeni qiymət siyasətini formalaşdıracaq. Hər iki sahədə bahalaşma istinasızdır.
Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev də öz maraqlı planları ilə həftə ərzində sükutu pozanlardan oldu. Belə ki, Rövnəq müəllim ARDNŞ-ın Аİ-95 benzininin istehsalını dayandırmaq və tam şəkildə Аİ-92 benzininin istehsalına keçməyi təklif edir.
Yola saldığımız həftə həmçinin Nazirlər Kabinetinin 2 dekabr 2013-cü il tarixli 333 saylı qərarına dəyişiklik edərək, yanacağa tətbiq olunan aksiz vergilərini azaltması ölkədə benzinin qiymətinə yenidən baxılmasını gündəmə gətirdi. Qeyd edək ki, NK-nın dəyişikliyinə görə, Aİ -95 markalı benzinə tətbiq edilən aksiz vergisi 159%-dən 64%-ə endirilib. Azalma digərlər benzin markalarında da olub. Aİ-92-də 134%-dən 65%-ə, Aİ-80-də isə 134%-dən 66%-ə endirilib. Halbuki 2 ay öncəki Qərarı ilə bu faizləri artırmışdı. Yəni dekabr dəyişikliyinə qədər bu hədd uyğun olaraq 101%, 92% və 93% . Belə halda bunun benzinin indiki qiymətinə təsirləri doğurdan da sual yaradır. Çünki Nazirlər Kabinetinin adıçəkilən qərarının ardınca Tarif Şurası ötən il «Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə» qərar qəbul etmişdi. Bununla da yanacağın qiyməti artırılmışdı.
Söz benzindən düşmüşkən, Azərbaycan qazını Avropaya daşıyacaq Trans-Anadolu qaz boru kəməri layihəsinin (TANAP) tərəfdaşları banklara müraciət etmədən layihəni öz kapitalları hesabına reallaşdırmaq niyyətindədir.
Bunu «TANAP-ın Türkiyənin enerji mərkəzinə çevrilməsində rolu» adlı tədbirdə çıxış edən «SOCAR Türkiyə»nin icraçı direktorun birinci müavini Samir Kərimli bildirib. O deyib ki, hazırda layihənin sərmayə dəyəri 10-12 milyard dollar həcmində qiymətləndirilir. Tərəfdaşların öz kapitallarından istifadə etmək qərarı layihənin reallaşma prosesini sürətləndirmək məqsədi daşıyır. O əlavə edib ki, layihə müəyyən mərhələyə qədər irəlilədikdən sonra bankların da cəlb edilməsi olunması mümkün olacaq.
Bildirək ki, TANAP layihəsinin boru xəttinin Türkiyə hissəsi təxminən 1 830 km nəzərdə tutulub. Bundan başqa, kəmərin Əskişəhərə qədər diametrinin 56 düym, Avropa hissəsində isə 47 düym olması planlaşdırılıb.
Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə çatdırılacaq. Yeri gəlmişkən, S.Kərimli ikinci mərhələdə Türkiyənin də alacağı qazın miqdarını artırmağın mümkün olacağını deyib: «Bu, tariflə razılaşmasından asılı olacaq».
Məndən bu qədər. Hər birinizə uğurlu həftəsonu tətili. Sevdiklərinizlə dəniz kənarına gedin, təmiz hava alın, balıq yeyin. (publika.az)