Nazirliyin mətbuat xidmətindən Vaxt.az-a verilən məlumata görə, tədbirdə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, həmçinin “MKT İstehsalat Kommersiya” MMC-nin, “Azərpambıq” MMC-nin və pambıq tədarükü məntəqələrinin nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə ölkə başçısı tərəfindən kənd təsərrüfatı nazirliyinin qarşısına qoyulmuş tapşırıq və vəzifələr barədə danışaraq bu sahənin inkişaf etdirilməsini dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, hazırda 133 min hektar sahədə pambıq əkini aparılıb, ancaq buna baxmayaraq keçən il həm
obyektiv, həm də subyektiv səbəblərə görə pambıqçılıqda müəyyən problemlər yaşanıb.
“Cənab Prezident tərəfindən qarşımıza qoyulan vəzifələr böyükdür. Bu sahədə çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılmalıdır. Biz pambıq əkinini nümunəvi həddə çatdırmalıyıq. Düzgün planlaşdırma həyata keçirilməli, koordinasiya düzgün olmalıdır”, deyə nazir qeyd edib.
Müşavirədə pambıqçılıqla məşğul olan rayonların və həmin rayonlara təhkim olunmuş nümayəndələrin səpinlə bağlı məlumatları dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb.
Həmçinin pambıq istehsalında mövcud vəziyyət geniş müzakirə edilərək cari ildə pambıq səpininin mütəşəkkil həyata keçirilməsi, tələb olunan texnika və avadanlıqlarla vaxtında təmin olunması üçün “Aqrolizinq” ASC-yə, pambıqçılıqda tətbiq olunan kimyəvi preparatlardan vaxtında və düzgün istifadə olunması barədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinə, nazirliyin məsul işçilərinə tapşırıq və tövsiyələr verilib.
“Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır. Bu bizim əsas fəaliyyət prinsiplərimizdəndir. Biz kəndlilərin yanında olmalıyıq. Bugünkü görüş bizim tapşırıq görüşümüzdür”, deyə nazir bildirib.