Vaxt.Az

Milli Məclisdə bayraq, himn və gerb müzakirələri


 

Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi

Milli Məclisdə bayraq, himn və gerb müzakirələri Mayın 1-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov qeydiyyatdan keçməyi və gündəlikdəki məsələlərə münasibət bildirməyi tövsiyə edəndən sonra maraqlı bir an yaşandı. Sədr “10 deputat əleyhinə səs verib, yəqin bəzi deputatlar ”knopka"ların yerini səhv salıb",-deyə bildirdi.

O.Əsədov ardınca dedi ki, plenar iclasa təqdim olunan gündəlik mayın 1-i və 4-ünə aiddir: “33 məsələyə bu gün baxaq, qalanını növbəti iclasa saxlayaq”.

Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. Deputatlar Eldəniz Səlimov və Azər Badamov Gənclər komitəsinə, Hüseynbala Mirələmov Mədəniyyət komitəsinə üzv seçildilər.

“Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.

Layihələr müzakirə olunarkən çıxış edən Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov dedi ki, dilimizdə “gerb” əvəzinə, “herb” yazılmalıdır.  Onun sözlərinə görə, AXC hakimiyyəti dövründə üç dilimli ocaq təsviri gerb kimi qəbul edilib və orada ərəbcə “Allah” sözü əksini tapıb. Komitə sədri bildirdi ki, biz rusca “gerb” yazırıq, amma herbimizdə Allah sözünü əks etdiririk. “Ona görə də müsabiqə elan edilməlidir. Bizim dövlətimizə yaraşan herbimiz qəbul olunmalıdır. Arzu edirəm ki, çox yaxın zamanda himnimizin də, herbimizin də daha normal variantını ortaya qoyaq. Biz bayrağımıza, himnimizə, herbimizə bir də qayıtmalıyıq”, - R.Hüseynov bildirdi.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilməsinin müzakirəsi zamanı deputat Fazil Mustafa müzakirə zamanı maraqlı təkliflə çıxış etdi. “Biz mütləq istiqlalçı deputatlarla - 1991-ci ildə dövlət müstəqilliyimizə səs vermiş şəxsləri də burada qeyd etməliyik. 1991-ci ildə Azərbaycanın müstəqilliyinə səs vermiş insanların pensiya təminatını həll etmədik. Heç olmasa müstəqilliyə səs vermiş deputatlara istisnasız olaraq Cümhuriyyət medalının verilməsi nəzərdə tutulsun. Bu sırada mərhum prezident Heydər Əliyev də var idi”.

Komitə sədri Siyavuş Novruzov isə həmkarının təklifinə qarşı çıxdı: “Tez-tez mətbuatda ”istiqlalçı deputatlar"dan yazılır. Azərbaycan parlamentinin 350 nəfər üzvü olub, onlar da Azərbaycanın müstəqilliyinə səs verib. Referendumun əleyhinə çıxanlar özlərini istiqlalçı elan edirlər, qalan deputatlar qalır kənarda. Parlamenti iki yerə bölmüşdülər: “Demplok”, “Komblok”. Hardan bilinir? Bunun alnında yazılmışdı, sənədində yazılmışdı ki, bu “Demblok”du, digəri “Komblok”. Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputat hamızı iştirak edib. Burda o deputatlardan da var, xahiş edirəm, onlar da münasibət bildirsin. Məgər kommunist olanlar istəmirdi Azərbaycan müstəqil olsun? Xahiş edirəm, Oqtay müəllim, tapşırıq verin, o siyahını çıxarıb Milli Məclisdə assınlar, bununla da mübahisələrə son qoyulsun”.

Fərəc Quliyev “Demblok”un üzvü olduğunu dedi: “O dövrdə hər kəsin müstəqilliyə səs verdiyini mən də təsdiq edirəm. Amma ona görə istiqlalçı deputat deyirlər ki, onda SSRİ-nin saxlanması əleyhinə 43 nəfər çıxmışdı və bu zalda aclıq aksiyası keçirilmişdi. Onda rəhmətlik Heydər Əliyev də bizə dəstək verirdi, hətta Naxçıvanda referendumun keçirilməsinə imkan vermədi. Onda Heydər Əliyev bu zala girəndə ayaqlarını yerə döyənlər var idi”. F.Quliyev dedi ki, o dövrdə SSRİ-nin saxlanmasının əleyhinə olanlar fədakar insanlardır.

Araz Əlizadə “radikal müxalifət Məhəmməd Əmin Rəsulzadənin heykəli məsələsini ortaya atır” deyə, çıxışa başladı. Ardınca təklif etdi ki, 100 illiklə əlaqədar şəhərin bir yerində Cümhuriyyət memarları ilə bağlı bir yer ayrılsın və orada hər birisinin xatirəsi əbədiləşdirilsin.

Vitse-spiker Bahar Muradova yubiley medalı təşəbbüsü ilə çıxış etdiyinə görə prezidentə təşəkkür etdi. B.Muradova bildirdi ki, Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə hazır olmalıdır: “Məlumat üçün bildirim ki, Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq hazırlıq işlərinə başlayıb. Həmçinin bildirim ki, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı da yubiley medalının təsis edilməsi istiqamətində iş gedir. Biz, yəqin ki, payız aylarında parlamentin böyük bir yubiley tədbirini keçirəcəyik”.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər də geniş müzakirəyə səbəb oldu. Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təklif olunan dəyişikliklər barədə məlumat verdi. Vitse-spiker dedi ki, İnzibati Xətalar Məcəlləsinin 33.1.6-cı maddəsinə görə, inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal sayılır. 2017-ci il 14 fevral tarixdə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsindən əlavə hərbi vəziyyət dövründə də törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar siyahısına aid edilir. Məcəllədə təklif olunan dəyişikliklərin əsas məqsədi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Komitə sədri Ziyafət Əsgərov dedi ki, məcəllənin 88-ci maddəsi inzibati qaydada tutma məsələlərini tənzimləyir. Bu maddəyə görə, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün bir sıra səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu maddədə göstərilən hallarda inzibati qaydada tutma hüququna malikdirlər. “Hərbi vəziyyət haqqında” qanun qəbul edildikdən sonra hərbi vəziyyət rejiminin tələbləri pozulduqda bu səlahiyyətli orqanların siyahısına hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri də daxil ediliblər.

Qeyd olunub ki, məcəllənin müvafiq maddələrində fövqəladə vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər. Həmin maddədə inzibati qaydada tutulan şəxslərin dərhal azad olunması halı da göstərilir. Burada fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidən əlavə hərbi vəziyyət elan olunmuş ərazi də göstərilir. “Hərbi vəziyyət haqqında” qanunun 26-cı maddəsi qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutur. Qanunun bu tələbini təmin etmək məqsədilə İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan yeni müvafiq maddə əlavə olunur.

Dəyişiklik hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəzaları nəzərdə tutur.  Dəyişikliklə İnzibati Xətalar Məcəlləsinə yeni-517-2-ci (Hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsi əlavə edilir. Maddəyə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunur. Rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan altmış manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnir.

Birinci vitse-spiker Ziyafət Əsgərov dedi ki, siyasi partiyaların məhdudlaşdırılmasından bəhs olunarkən mətbuatda bir sıra hallarda təhriflərə yol verilir: “Söhbət yalnız və yalnız hərbi vəziyyətin tətbiq olunmasından sonrakı zamandan gedir. Mətbuatda bəzi qanunların, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən ”Hərbi vəziyyət haqqında" qanuna uyğunlaşdırılmasını yanlış təqdim edirlər. Cərimələrin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Onlar məsələlərə münasibət bildirərkən konteksdən çıxarırlar, yəni “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırmanı qeyd etmirlər. Hərbi vəziyyət nə vaxt tətbiq olunacaqsa, onda qanun tətbiq olunacaq, hörmətli jurnalistlər, xahiş edirəm, bu məsələni nəzərə alasınız! Hərbi vəziyyətin tətbiqi cənab prezidentin səlahiyyətində olan məsələdir, o qərarını verir, təsdiq üçün Milli Məclisə müraciət edir. Biz arzu edərdik ki, buna ehtiyac olmasın, amma hər şey ola bilər".

Deputat Çingiz Qənizadə Z.Əsgərovun fikirlərini və qanun layihəsinə dəyişiklikləri müdafiə etdi.

Deputat Qüdrət Həsənquliyev çıxışında dedi ki, vaxtilə o, hərbi vəziyyət zamanı siyasi partiyaların fəaliyyətinin qadağan olunmasını təklifini səsləndirib, bunu da Gəncə hadisələri ilə izah edib: “Ölkədə hərbi vəziyyət elan olunursa, bütün siyasi partiyaların fəaliyyəti dayandırılmalıdır”.

Z.Əsgərov isə dedi ki, fövqəladə vəziyyət haqqında qanunda onsuz da bu məsələ əksini tapıb.

“Biz Milli Məclisin xüsusi iclasını çağırmalıyıq”. Bunu da deputat Qüdrət Həsənquliyev söylədi. Deputat Ermənistandakı hadisələrə diqqət çəkdi:"Paşinyan çox güman ki, baş nazir seçiləcək. Ordakı siyasi qüvvələr daxili istifadə üçün atəşkəsi poza bilərlər. Azərbaycan ordusu hazır olmalıdır ki, belə bir halda biz cəsarətli qərar qəbul edib torpaqlarımzı işğaldan azad etsin. Xatırladıram ki, ermənilər 1993-cü ildə nəinki BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun şəkildə Kəlbəcər rayonunu işğaldan azad etmədilər, hətta Dağlıq Qarabağ ətrafındakı rayonları işğal etdilər".

Buna görə də Q.Həsənquliyev əlavə etdi ki, Milli Məclisin Qarabağla bağlı iclasının keçirilməsinə çox böyük ehtiyac var: "Mən prosesləri diqqətlə izləyən biri olaraq əminəm ki, Ermənistan yaxın zamanlarda vətəndaş qarşıdurmasına girəcək və onlar atəşkəsi poza bilərlər. Paralel şəkildə Azərbaycan KTMT ilə, Rusiya ilə intensiv danışıqlara başlamalıdır".

“Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa hazır vəziyyətdədir, buna heç kimin şübhəsi olmasın”. Bunu isə bəzi qanunların “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırılmasının müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov dedi. Spiker bildirdi ki, narahatlığa əsas yoxdur.

 





02.05.2018    çap et  çap et