Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, sən demə, Türkiyə dövləti həmin ərazidə SOCAR-a neftayırma zavodunun tikintisi üçün lisenziya versə də «Buhar Enerji» adlı başqa şirkətə də geotermal sulardan elektrik enerjisi istehsal etmək üçün lisenziya verib. Nəticədə SOCAR illərdir ki, bu şirkətlə məhkəmə çəkişməsindədir.
«Hürriyet» qəzeti yazır ki, iki gün əvvəl hakim Ədalət və İnkişaf Partiyasının parlamentə təqdim etdiyi qanun düzəlişləri paketi bu problemi həll edə bilər. Qanun düzəlişləri paketindəki təkliflərdən birinə görə, geotermal
sulardan istifadəni tənzimləyən xüsusi agentlik yaradılacaq. Həmin agentliyin yaradılması SOCAR-la «Buhar Enerji» adlı şirkət arasında məhkəmə çəkişməsinə də son qoya ilər. Belə ki, yeni yaradılacaq agentlik bu kimi mübahisələrdə kimin lisenziyasının daha üstün olduğuna dair qərar vermək səlahiyyətində olacaq.
Bəs necə olub ki, Türkiyə hökuməti eyni ərazidə iş aparmaq üçün iki ayrı şirkətə lisenziya verib?
Qəzet yazır ki, Əliağadakı «Petkim» zavodlarının yaxınlığındakı ərazidə kəşfiyyat aparan Mədən Kəşfiyyatı və Axtarışı Agentliyi (MTA) 700 metr dərinlikdə 120-150 dərəcə temperatura malik su kəşf edib. MTA 2009-cu ildə bu suyun hasil edilərək elektrik enerjisinə çevrilməsi üçün tender elan edib. Tenderi «Buhar Enerji» şirkəti qazanıb.
Lakin 2007-ci ildə «Petkim»in hissələrinin çoxunu alan SOCAR bundan bir il sonra digər təşkilatdan-Enerji Bazarını Tənzimləmə Təşkilatından ərazidə neftayırma zavodunun inşası üçün 49 illik lisenziya alıb. «Buhar Enerji» Azərbaycan şirkətinin bu lisenziyasının ləğv edilməsi üçün məhkəmədə iddia qaldırıb.
Bu məhkəmə çəkişməsi SOCAR-ın «Star» neftayırma zavodunun və terminalının tikintisi layihəsi üçün Türkiyə banklarından kredit almaq üçün apardığı danışıqlara zərbə vurub. Nəticədə SOCAR da «Buhar Enerji»nin «Star» layihəsinin maliyyələşdirilməsinə dair danışıqlara zərbə vurduğunu əsas gətirərək bu şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Hər iki iddia üzrə məhkəmə çəkişməsi davam edir.
Xatırladaq ki, bu yaxınlarda İzmirin Əliağa səmtindəki iki qəsəbənin bələdiyyəsi də «Star» layihəsinin ətraf mühitə zərbə vurduğunu əsas gətirərək məhkəmə iddiası qaldırmışdı. «Star» layihəsinin maliyyələşdirilməsinin bir hissəsini Azərbaycan Dövlət Neft Fondu həyata keçirir. Layihənin dəyəri 5 milyard dollardır.