İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı darmadağın ediblər...
Modern.az saytı Şuşanın işğal günündə şuşalılarla həmsöhbət olub. Növbəti müsahibimiz Natilla Əşrəfovadır. Şuşa işğal olunanda Natilla Əşrəfovanın 29 yaşı olub. Şuşadan olan müsahibimiz şuşalı günlərini belə xatırlayır.
“Şuşa rəsmən 1992-ci ildə işğal olundu. Halbuki, ermənilərin Şuşaya qarşı təxribatları 1988-ci ildən başlamışdı. Yadımdadır ki, 1988-ci ildə belə xəbər yayıldı. “Şuşanın ətrafında ağ bayraqlar asılıb”. Biz bunun nə demək olduğunu bilmirdik. Sonradan bəlli oldu ki, ermənilər ağ bayraqları asmaqla şuşalıları Şuşanı təslim etməyə çağırırmışlar. Amma ermənilərin bu mənfur addımını şuşalılar qəbul etmirdilər. Necə yəni axı?!.. Şuşanı kiməsə könüllü təslim etmək?!.. Bu o demək olardı ki, biz onların nökəri oluruq. Halbuki, biz onları heç vaxt saymamışıq. O vaxtlar bir çox işləri onlara tapşırırdıq. Təsərrüfat işlərimizdə mütləq erməni nökərimiz olurdu. Ona görə də biz heç vaxt ermənilərə Şuşanı ərməğan etmək barədə düşünməzdik”.
“Ermənilər Şuşaya göz dikmişdilər”
Müsahibimiz deyir ki, Şuşada o qədər tarixi yerlərimiz vardı ki!...
“Ermənilərin Topxana meşəsini qırmaları barədə tez-tez xəbərlər eşidirdik. Bizim evimiz Topxana meşəsi ilə üzəbüz idi. Şuşada tarixi yer olan Qızılqaya vardı. Qızılqayaya gedəndə öz səsimizin əks-sədası eşidilirdi. Tez-tez gedib “Qızılqaya-Qızılqaya, qızılın var?!” deyirdik. O da bizə “var” deyirdi. Elə bilirdik ki, o qaya həqiqətən də bizə cavab verir. Həmin qayada 1750-ci ildə Pənahəli xan özü üçün sığınacaq tikmişdi
Qızılqaya ilə Cıdır düzü arasında Daşaltı çayı axırdı. Hətta o vaxtlar Qızılqayadan Cıdır düzünə kanat yolu çəkmək ideyası vardı. Ermənilər isə Şuşaya göz dikmişdilər. Meşələri qırmaqla məşğul idilər. Eşitdiyimizə görə meşələri qırıb silah anbarı tikmək istəyirdilər”.
“Xocalı faciəsi belə bizi qorxutmadı”
Natilla Əşrəfovanın sözlərinə görə, ermənilər həmişə mənfur əməlləri ilə seçilib. Buna baxmayaraq, Xocalı faciəsindən sonra heç bir şuşalı Şuşanı tərk etmək barədə düşünmədi.
“Anam Şuşa uşaq sanatoriyasında çalışırdı. Orada çalışanların çoxu erməni idi. Anam deyir ki, ermənilər təxribat törətməklə məşğul idilər. “Siz onsuz da Şuşadan çıxacaqsız. Şuşa ermənilərindir. Siz gedəcəksiz və biz burada işləyəcəyik”. Bu cür təxribat xarakterli fikirlər səsləndirirdilər. Ermənilər insanları çox incidirdi.
İnanın ki, heç bir şuşalı Şuşanın itirilməsi, təslim olması barədə düşünmürdü. Bizim qaldığımız evdən o tərəfə ev yox idi. Ermənilərin məskunlaşdığı kəndi görə bilirdik. Pəncərədən baxanda ermənilərin “Alazan” raketi atdığını görürdük. Hətta təxmini hara atdıqlarından da xəbərdar idik. Buna baxmayaraq, Şuşanın təslim olacağının xəyalını belə etmirdik. Baş verən hər hadisədə özümüzü qalib hiss edirdik”.
Müsahibimiz deyir ki, o zamankı hakimiyyətin uğursuz rolu Şuşanın işğalını sürətləndirdi.
“1992-ci ilin fevralında Şuşanın Malıbəyli və Quşçular kəndi ermənilər tərəfindən yandırılıb. O vaxtlar müdafiə naziri Rəhim Qazıyev guya ki, Şuşada idi. Malıbəyli kəndi yanan zaman ona zəng vurduq, vəziyyəti izah etdik. Halbuki, o, hər şeyi daha yaxşı bilməli idi. Hadisələrə laqeyd yanaşırdı. Rəhim Qazıyev guya ki, hakimiyyət nümayəndəsi idi. Amma heç bir işə yaramırdı. “Şuşa getsə başıma güllə vuraram” deməsi də yadımdadır. Hətta onun yaralanması da bir təxribat idi. Düzü, o vaxtlar Şuşanın əldə saxlanılması ilə bağlı nəsə edəcəyinə ümidli idik. Bizə o qədər vədlər vermişdi ki!.. Şuşanın özünümüdafiə dəstələri vardı. Şuşa özünü müdafiə etməyə çalışırdı. Bütün bunlara baxmayaraq, Şuşa əlimizdən getdi”.