Vaxt.Az

“Zülm çəkirik...”


 

Şabranda ulaqla su daşıyıb əkin suvaran kəndlilər

“Zülm çəkirik...” Şabran rayonunda kəndlilər əkdikləri taxıl zəmilərindən qazanc götürə bilmədiklərindən, çəkdikləri əziyyətin hər il boşa getməsində şikayətlənirlər. Çünki rayonda su qıtlığı olduğundan taxılın suvarılma vaxtında su, şumlanma və biçin vaxtında isə texnika tapılmır. Nəticədə səpilən taxılın üçdə biri məhv olur, Susuzluqdan cadar-cadar olmuş torpaqların becərilməsi isə fermerlərə üzü astarından baha başa gəlir.

Bunu virtualaz.org-a rayonda təsərrüfatla məşğul olan kəndlilər bildiriblər.

Onların sözlərinə görə, artıq illərdir ki, əkdikləri buğda və arpa sahələri su üzü görmür. Rayonun Ərəblər kənd sakini Nəriman Fətullayevin sözlərinə görə, zəmilərdən yığdıqları məhsul çəkdikləri xərcləri ancaq ödəyir, yaxud bəzən heç ödəmir.

“Yaxşı məhsul götürmək üçün gərək torpaq vaxtlı-vaxtında suvarılsın, ildə iki dəfə şumlansın, gübrələnsin, peyin verilsin. Bu da xərc tələb edir. Bir hektar əraziyə 10 maşın peyin lazımdır. Bir maşının qiyməti isə 50 manatdır. Torpağın təkcə normal gübrələnməsinə  gərək 500 manat xərc çəkəsən. Bizim rayonda ciddi su problemi var, nəinki əkin, heç bostan sahələrimizi suvara bilmirik. Su olsa, məhsuldarlıq bu qədər aşağı düşməz”-kəndli deyir.

Kəndlilər bostanlarını at və eşşəklə, əl arabaları ilə su daşıyaraq suvardıqlarını deyirlər. Amma taxıl sahələrini bu cür suvarmaq mümkün olmadığından orada vəziyyət daha acınacaqlıdır.

Eyni problem rayonun Pirəmsən, Şahnəzərli, Gəndob kəndlərində də yaşanır. Kəndlilər bildirirlər ki, “Aqrolizin”də texnikanın icarəsi nisbətən ucuzdur  ancaq bundan iri təsərrüfatları olan fermerlər istifadə edə bilirlər. Üstəlik fərq də elə ciddi deyil, “Aqrolizinq”dən götürülən texnika bir hektar əkin sahəsini 30 manata biçirsə, fərdi şəxslərə məxsus texnika ilə bu biçin 10 manat baha - 40 manata başa gəlir.

“Gübrəni mağazada 13 manata satırlar, “Aqrolizinq” onu 10 manata kəndlilərə verir. Bəzən olur ki, 2-3 dəfə gedirsən, deyirlər hələ gübrə gətirilməyib. Əgər gətirilsə, “Aqrolizinq”dən gübrə almaq üçün gərək onların verdiyi sənədi rayon mərkəzinə aparıb bank filialına ödəniş edəsən. Kəndli gübrəni əldə edincə azı 3-4 dəfə rayon mərkəzinə getməli olur ki, bu da 10-15 manata başa gəlir. Ona görə də “Aqrolizinq”dən  də istifadə etmək sərfəli olmur. Ümumiyyətlə, yığılan çəkilən xərcləri –şumlama, taxılın alınması, əkilməsi üçün çəkilən xərcləri ancaq ödəyir”, - deyə Pirəmsən kənd sakini Əsgər Məmmədov bildirir.

Fermerlərin sözlərinə görə, bir hektar torpağı şumlayıb buğda əkmək təxminən 500-600 manata başa gəlir. Məhsul alınandan sonra isə istehsal xərclərini çıxsaq kəndliyə cəmi 100-150 manat qazanc qalır: “Texnika hektarı 40 manata şumlayır, 40 manata əkir və 40 manata biçir. Hər hektara  250 kq buğda toxumu gedir, onun alınıb təmizlənib çeşidlənməsinə azı 100 manat xərclənir. Gübrə, maşınla daşınma və digər xərcləri də nəzərə alsaq, bir hektar əraziyə buğda əkininə çəkilən xərc 500 manatı keçir. 500 manat xərc çəkirik, buğdadan ümumi qazancımız 600-700 manat olur. Oradan xərcləri çıxsaq yerdə 100-200 manat qalır. Bax bu cüzi gəlirə görə hambalçılıq edirik. Bəzən də ziyana düşürük...”, - deyə kəndlilər bildirirlər.

Kəndlilər deyirlər ki, taxıl biçilən vaxt günlərlə texnikanın dalınca sürünməli olurlar. Sahələri kiçik olduğuna görə, çox vaxt texnika sahibləri biçindən imtina edir.

Həm də, fermerləri narahat edən getdikcə havaların daha da istiləşməsidir. Onlar  deyirlər ki, hələlik  ara-sıra yağışlar yağdığına görə əkin və bostan sahələri yanıb tələf olmayıb. Amma qarşıdan istilər və quraqlıq gəldiyinə görə kəndlilər əkin sahələrinin əvvəllər olduğu kimi suvarma suyunun olmaması səbəbindən yanıb gedəcəyini gözləyirlər...

Gülnar ƏLİYEVA

 





08.05.2018    çap et  çap et