E. Aslanov bildirib ki, Azərbaycan tərəfi bu vədlərə inanır və düşünür ki, bu xətt Türkiyə xarici siyasətinin strateji istiqaməti olaraq davam etdiriləcək: «Biz buna əminik. Çox təəssüf ki, bir sıra dövlətlər tərəfindən bu proses maliyyələşdirilir, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində müəyyən işlər aparılır və aparılmaqdadır. Amma yenə də məsələnin kökünə qayıtsaq, sərhədlərin bağlanma səbəblərini araşdırmağa başlasaq, görərik ki, sərhədlər yalnız və yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər. Bölgədə sülh, əmin-amanlıq, sabitlik Ermənistanın pozucu siyasətindən əl çəkməsindən sonra bərqərar ola bilər. Bu gün çox təəssüf ki, Ermənistan öz qeyri-konstruktiv və irrasional siyasəti ilə bölgədə pozucu amilə çevrilib. Ermənistanın bu siyasəti onun həm iqtisadi blokadada, həm siyasi müstəvidə oyundankənar bir vəziyyətdə qalmasına səbəb olur».