Bir sıra mənbələrə “Bişkek protokolu” adı ilə düşən razılaşma sənəd kimi göstərilsə də, o dövrün aktiv siyasət adamları heç də belə düşünmürlər. Onlar bildirirlər ki, həmin dövr üçün aktual olan “Bişkek protokolu”nın mətni hüquqi xarakter daşımayan öhdəlikdir və sadəcə sülhə çağırış məqsədi daşıyıb. Həmin öhdəlik sadəcə, cəbhə bölgəsində atəşkəsin mövcudluğuna hesablanıb.
Bəzi mənbələr həmin mətnin 20 il müddətinə hesablandığını iddia etsə də, bu da inkar olunur.
Modern.az saytı atəşkəsin əldə olunmasına dair tərəflər arasındakı razılaşmaya dair bu və ya digər suallarla keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarova müraciət edib. T.Zülfüqarov deyib ki, məlum mətnlə bağlı hər hansı müddətdən söhbət gedə bilməz.
“Sadəcə, 1994-cü ildə atəşkəs razılaşması qüvvəyə minib. Atəşkəsin əldə olunmasından danışarkən tərəflər arasında həmişə 20 illik razılığa gəlindiyi söylənilir. Halbuki, elə bir müddət yoxdur. Sadəcə, bu, kiçik bir mətndir. Atəşkəs tərəflərin üzərinə götürdüyü öhdəlikdir. Tərəflər nə vaxt istəsə, bundan imtina edə bilər”.
Tofiq Zülfüqarov deyir ki, atəşkəsin əldə olunmasına dair heç bir protokoldan, sənəddən söhbət gedə bilməz.
“1994-cü ildə atəşkəsin əldə olunmasına dair ortada bir dənə də olsun rəsmi sənəd yoxdur. Sadəcə, öhdəlik tərtib edilərək, faksla rusiyalı vasitəçi Vladimir Kazimirova təqdim olunub. Həmin mətn Müdafiə Nazirliyi adından göndərilib. Həmin proseslərdə iştirak etsəm də, o dövrü xatırlamaq istəmirəm. Bu, uzun məsələdir. Dediyim kimi, tərəflər öz öhdəliklərini vasitəçiyə göndəriblər. Vasitəçi hamıya bildirib ki, müharibədə iştirak edən tərəflərin hamısı filan tarixdən atəşkəsin qüvvəyə minməsini tanıyır və qəbul edir. Amma ortada heç bir sənəd yoxdur ki, müxtəlif tərəflərin yəni, tanımadığımız Dağlıq Qarabağın hansısa imzası olsun”.
Politoloqun sözlərinə görə, atəşkəs dövründə müharibəni şüarlarla aparmaq çox asandır:
“Reallıqda isə ordu yaradılmalı, güclü silahlar olmalıdır. Bilirsiz, populist şüarları mən də səsləndirə bilərəm. “Gedək, vuruşaq!” və s. Real vəziyyət isə başqadır. Çox vaxt bəzi populist şüarları eşidəndə Yaxın Şərq yadıma düşür. İxtisasca şərqşünasam. Vaxtilə Misirdə də populist şüarlar səslənib. Nümayişlər, etirazlar olub. Qahirə Universitetində tələbələr nümayiş keçirib. Ənvər Sadat (Misirin 3-cü prezidenti 1970-1981) gəlib ora və auditoriya qarşısında çıxış edərək soruşub: “Müharibənin başlanmasını istəyirsiz?! Çox yaxşı. İndi burda orduya kim yazılır?!”. Yalnız 5-10 nəfər adını orduya yazdırıb. Demək istəyirəm ki, şüarları söyləmək çox asandır. Müharibə çox mürəkkəb prosesdir. Biz o vaxt müharibəyə başlamalıyıq ki, itkilərimizin az olduğuna əmin olaq. Silahlarımız yüksək səviyyədədir, təlim keçən ordumuz var, xarici müdaxilələr bizim xeyrimizə olacaq və sairə”.
Siyasi ekspert tarizə “Bişkek protokolu” kimi düşən öhdəliyin əhəmiyyətindən də danışıb:
“1994-cü ilin 12 mayında tərtib olunan mətn bizə imkan verib ki, gücümüzü toparlaya bilək. Xatırlatma edim ki, o vaxtlar Azərbaycanın hərbi büdcəsi 100 milyondan aşağı idi. İkincisi, heç o vaxtlar neft sazişləri də bağlanmamışdı. Bu baxımdan Azərbaycan iqtisadi və digər tərəflərdə çox zəif idi. Ermənistanın yanında Rusiya vardı ki, o da düşmən dövlətə hərtərəfli yardım edirdi. Azərbaycanın isə o vaxtlar atəşkəsə getməkdən başqa yolu yox idi. Heç olmasa vaxt qazanıb hansısa işləri görməli idik. Ona görə də həmin vaxt atəşkəsin əldə olunması əhəmiyyətsiz deyildi. O vaxt atəşkəsə getməsəydik, itkilərimiz çox olacaqdı”.