Bunu oktyabrda Zavodun fəaliyyətinin dayandırılmasından sonra daxili bazarda qiymətlərin artırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi İbrahim Əhmədov deyib.
İ.Əhmədovun sözlərinə görə, Bakı Neft Emalı Zavodunun təmirə bağlanması və xaricdən müvəqqəti benzin idxalı daxili bazarda qiymətlərə təsir etməyəcək:
“Adətən biz həmin müddət üçün müəyyən həcmdə benzini tədarük edirik. Hazırda və bundan sonra Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma işləri aparılır. Bu işlərin məqsədi “Avro-5” standartına uyğun olan keyfiyyətli yanacağın və gələcək yüksək oktanlı benzinlərin istehsal olunmasıdır. Modernizasiya aparıldığı üçün sazlama işlərinin müddəti bir qədər də artır. Buna görə həmin müddətdə tələbatı qarşılamaq üçün xaricdən benzin idxal edirik. Bunu keçmişdə də belə etmişik, bu il də belə olacaq. Yeni bir şey deyil. Keçmişdə də bazardakı qiymətlərdə heç bir dəyişiklik olmayıb, bu il də heç bir dəyişiklik gözlənilmir. Yəni müvəqqəti bezin idxalı bazara heç cür təsir etməyəcək”.
Qeyd edək ki, keçmiş "Azərneftyağ" neft emalı zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan ELOU-AVT (neftin ilkin emalı) qurğusu vakuum bloku ilə birlikdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) köçürülməsi 2020-ci ilin sonunda yekunlaşacaq. Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma proqramı 2021-ci ilin I rübündə yekunlaşacaq. ELOU AVT qurğusunun köçürülməsi 2020-ci ilin sonuna yekunlaşmalıdır. Bundan sonra sazlama və işə salma həyata keçiriləcək.
Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə əsas qurğusu ELOU-AVT-6 ildə 6 mln. ton xam neft emal etmək gücünə malik olan, neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması blokları olan kombinə olunmuş atmosfer-vakuum qurğusudur. Qurğu 1976-cı ildə Bakı neftayırma zavodlarının köklü yenidən qurulması planına uyğun olaraq qurulub.
BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin icrası üç mərhələdə (bitum, dizel və benzin) nəzərdə tutulub. Zavodda modernizasiya və yenidənqurma işlərindən sonra emal gücü hazırkı illik 6 mln. tondan 7,5 mln. tona çatıdırılacaq. Hazırda zavodda illik istehsal gücü 400 min ton yeni bitum qurğusu inşa olunur və qurğu gələn ilin III rübündə istifadəyə veriləcək. Dizel mərhələsinin 2020-ci il noyabrın 30-da, benzin mərhələsinin isə 2021-ci il fevralın 28-də yekunlaşacağı gözlənilir.
Görülən işlərdən sonra müəssisədə istehsal olunacaq avtomobil benzininin illik istehsal həcmi 2,2 mln. ton, dizel yanacağının 3 mln. ton, ağ neftin isə 1 mln. ton təşkil edəcək.
Xatırladaq ki, SOCAR prezidentinin 2014-cü il 24 dekabr tarixli əmrinə əsasən, “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən Heydər Əliyev adına BNEZ-ə qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb. "Azərneftyağ"dakı bütün qurğular söküldükdən sonra burada təmizlik işləri aparılacaq və ərazi "Ağ Şəhər" layihəsinə veriləcək.