Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboya səfəri zamanı rayon mərkəzində Bayraq muzeyinin açılışında iştirak edib.
Goranboy şəhərindəki Bayraq muzeyi Bayraq meydanının ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb. Bayraq muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb.
Muzeyin sərgi zalında 3 bölmə var. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsr xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Bundan başqa, muzeyin eksponatları arasında Xalq Cümhuriyyəti dövrünə aid rəsmi sənədlər, Azərbaycan SSR dövründə və müstəqillik illərində qəbul olunmuş konstitusiyalar, habelə gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.
Bu cür muzeylərin yaradılması Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən və hər bir vətəndaş üçün müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımıza olan hörmət və ehtiramın göstəricisidir. Bayraq muzeyləri dövlət atributlarına olan sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin milli dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfədir.