Vaxt.Az

“Xatirələr” Cocuq Mərcanlıda


 

Tələbə dram dərnəyi işğaldan azad olunan kənddə tamaşa nümayiş etdirib

“Xatirələr” Cocuq Mərcanlıda Bilik Fondunun əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən “Mizan” tələbə dram dərnəyinin üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd sakinlərinin qonağı olublar.

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində kənddə görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibətilə tədbir keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva Bilik Fondunun əməkdaşlarının Cocuq Mərcanlıya artıq bir neçə dəfə səfər etdiyini razılıqla qeyd edib. 

Kollecin direktor müavini Nigar Şirəliyeva bildirib ki, bu gün Mir Cəlal Paşayevin təkcə elmi və ədəbi irsi tədqiq edilmir, həm də pedaqoji fəaliyyəti əsl örnək kimi öyrənilir. 

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı tələbələrin Mir Cəlal yaradıcılığına müraciət etməsini yüksək dəyərləndirib.

Tədbirdə dərnəyin bədii rəhbəri, Xalq artisti Məmməd Səfanın quruluşunda Mir Cəlal Paşayevin hekayələri əsasında hazırlanmış “Xatirələr” tamaşası nümayiş olunub. 

Sonra şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində görüş keçirilib. Direktor Zamin Həziyev Bilik Fondu tərəfindən məktəbə kitabların hədiyyə olunduğunu minnətdarlıqla vurğulayıb. Bu dəfə də təhsil ocağının kitabxanası Bilik Fondunun təqdim etdiyi nəşrlərlə – Xalq Cümhuriyyəti tarixinə dair kitablar və Mir Cəlal Paşayevin əsərləri ilə zənginləşib.

 





06.06.2018    çap et  çap et