Vaxt.Az
Neft pulları da pul gətirəcək
ARDNF gələn il 25 milyard manatdan çox investisiya yatıracaq
2013-cü il üzrə Dövlət Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 25,2 milyard manata bərabər götürülür. 2012-ci ildə isə ARDNF-in investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 23 milyard manat təşkil edirdi.Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin proqramı ilə nəzərdə tutulur.
"2013-cü ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir", sənəddə deyilir.
2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri aşağıdakılardır:
- Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
- Dövlət büdcəsinə transfert;
- Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
- Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
- 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;
- Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi;
- Neft-qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
- Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
- TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
- Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.
01.01.2013 çap et