Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondu ilə birgə hazırlanan tədbirdə aktyorun sənət yolunu əks etdirən fotosərgi də nümayiş olundu.
Muzeyin direktoru Sevinc Mikayılova tədbiri açaraq aktyorun həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Həsənağa Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakıda dünyaya göz açıb. 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu (indiki ADMİU) aktyorluq ixtisası üzrə bitirib və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində çalışıb.
Qeyd olundu ki, H.Turabov bir sıra ekran əsərlərində maraqlı obrazlar yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı isə tamaşaçılar tərəfindən maraqla qarşılanan və ən yaddaqalan rolu olub. Onun digər uğurlu rolu “Babək” filmindəki Afşin obrazıdır. Görkəmli sənətkarın “Axırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da diqqəti çəkir. Sənətkar 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adlarına layiq görülüb. 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2003-cü ildə vəfat edib.
Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətov unudulmaz aktyorun yaradıcılıq yolundan söz açdı. Qeyd etdi ki, Həsənağa Turabov çox xarakterik sənətkar idi. Ən çox sevdiyi rollarından biri “Dantenin yubileyi” filmində yaratdığı Kəbirlinski obrazı olub. O, kinonu da teatr qədər sevirdi. Afşin (“Babək”), Gəray bəy (“Yeddi oğul istərəm”) obrazları təzadlı rollar olsa da, sənətkarlıq baxımından yaddaqalandır.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev aktyorun sənət dünyasından danışdı. Bildirdi ki, Həsənağa Turabov fitri istedadı və zəhməti sayəsində öz üslubunu yaradan sənətkar olub. Rol aldığı səhnə və ekran əsərləri teatr və kinematoqrafiyamızın nailiyyətləri sırasında yer tutub.
Əməkdar incəsənət xadimləri – kino tədqiqatçısı Aydın Kazımzadə, teatrşünas Aydın Talıbzadə, xalq artistləri Eldar Quliyev, Rafiq Əzimov, Hacı İsmayılov və kinorejissor Əbdül Mahmudov sənətkarın həyat verdiyi obrazların dolğunluğundan danışıb xatirələrini bölüşdülər.
Çıxışlar arası sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu.
Sonda sənətkarın ailəsi adından oğlu Yalçın Turabov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür etdi.
Savalan FƏRƏCOV