Film sovet hakimiyyəti dövründə respublikanın təhlükəsizlik orqanlarına (Dövlət Təhlükəsizlik Komitəsi - DTK) rəhbərlik edən ulu öndərin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı hadisələri özündə əks etdirir.
Ekran əsərinin nümayişindən öncə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək film haqqında məlumat verdi: “Qalxan və qılınc” son illər ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təqdim etdiyi ən uğurlu layihələrdən biridir. Filmin rejissoru Etibar Məmmədovun yaradıcılığında Dağlıq Qarabağ mövzusu aparıcı yer tutur. Onun ekranlaşdırdığı filmlər maraqlı və təsirlidir. Bu, sırf kinopublisistik janrda ekranlaşdırılan filmdir. Filmin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin siyasəti, onun erməni daşnaklarına qarşı apardığı mübarizə dayanır. Ekran əsərindən məlum olur ki, ümummilli lider ermənilərin məkrli siyasətini bilirdi və bu hücumlara qarşı mübarizə aparırdı. “Qalxan və qılınc” filmi də faktlar əsasında ekranlaşdırılıb.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov filmin əhəmiyyətindən söz açdı. Vurğuladı ki, ekran əsəri ulu öndər Heydər Əliyevin ölkəmiz üçün etdiklərini ictimaiyyətə təqdim etmək baxımından önəmlidir. Bu ekran əsəri 1966-cı ildə Dağlıq Qarabağda erməni millətçilərinin apardığı təxribatçılıq əməllərinin üstünün açılmasından bəhs edir. O dövrdə ermənilərin bu əməllərinə qarşı ümummilli lider Heydər Əliyev kəskin mübarizə aparıb.
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən bəhs edən filmi çəkməsini özü üçün şərəfli olduğunu vurğuladı. Bildirdi ki, belə sənədli filmlərin ərsəyə gətirilməsi ulu öndərin xidmətlərinin daha geniş şəkildə tanıdılması və təbliğ olunması baxımdan vacibdir. O, ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.
Daha sonra sənədli film nümayiş olundu.
Dövlət sifarişi ilə ekranlaşdırılan “Qalxan və qılınc” filminin operatoru Ramin Şahbazov, montaj rejissoru Coşqun Zahidov, səs rejissoru Nurani İsgəndərov, icraçı prodüseri Orxan Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
F.HÜSEYNOV