Mahmud Kasımbekov ölkəmizə səfəri çərçivəsində iyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstan Prezidentinin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi ilə bağlı təəssüratlarını bölüşdü. Qeyd olundu ki, ölkələrimiz arasında ənənəvi mehriban münasibətlər ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayevin möhkəm dostluq telləri üzərində daha da möhkəmlənib. İki ölkə rəhbərinin bu münasibətlərin inkişafına göstərdiyi səylər, tarixi səfərlər, qarşılıqlı əlaqələr bu gün də yüksələn xətt üzrə inkişaf edir.
Əbülfəs Qarayev Azərbaycanla Qazaxıstan arasında mədəniyyət sahəsində mövcud əlaqələrdən söz açdı. Ölkələrimiz arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğunu diqqətə çatdıran nazir vurğuladı ki, bu tarixi bağlılıq səbəbindən iki qardaş ölkə bütün beynəlxalq tədbirlərdə birgə rəylə çıxış edir. Azərbaycanın Qazaxıstanla hərtərəfli əməkdaşlığı mövcuddur və bu əlaqələr daha da genişlənir.
Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olmasının əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayevin sıx dostluğunun dayandığını vurğuladı. Diqqətə çatdırdı ki, iki ölkə arasındakı bu dostluq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir. Bu, xalqlarımızın ortaq mədəni irsinin, dəyərlərinin təbliği və tanıdılmasında da özünü göstərir. 2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyada keçirilən 11-ci sessiyasında ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti” təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Əbülfəs Qarayev həmçinin TÜRKSOY-un layihələrində ölkələrimizin fəal iştirakını da yüksək qiymətləndirdi. Qeyd etdi ki, “İstanbul - Avropa Mədəniyyətinin Paytaxtı - 2010” mədəniyyət ili çərçivəsində I Beynəlxalq İstanbul Opera Festivalında TÜRKSOY-un təşəbbüsü ilə hazırlanmış “Koroğlu” operasının nümayişində və ümumilikdə bu layihədə Azərbaycan və Qazaxıstan yaxından iştirak edib. Bu tamaşa Bakı, Bişkek, Almatı və Ankara şəhərlərində də böyük uğurla nümayiş olunub. Nazir ölkələrimiz arasında əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini bildirdi.
Qonaq nümayəndə heyətinin üzvlərindən Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı isə gələcəkdə iki ölkə arasında müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikirlərini bölüşdü.
Görüşdə Azərbaycanda və Qazaxıstanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, habelə kino və teatr sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edildi.