Vaxt.Az

«Rüşvət pulları kisələrdə daşınıb»


 

Elman Rüstəmovun adamları pulları «TigerLilly» vasitəsilə alıb

«Rüşvət pulları kisələrdə daşınıb» Virtualaz.org saytı xəbər verir ki, Vyana məhkəməsində Azərbaycan Mərkəzi Bankı və bu ölkənin banknot çapı ilə məşğul olan «OeBS» şirkəti arasında rüşvət sövdələşməsinə dair qalmaqallı proses vəkillərin və prokurorun çıxışları ilə davam edir.

Prokurorun bildirdiyinə görə, iş üzrə təqsirləndirilənlərdən «OeBS» şirkətinin keçmiş yüksək vəzifəli qadın əməkdaşı - marketinq şöbəsinin rəhbəri, əslən Rumıniyadan olan F. (onun adı göstərilmir - red.) deyib ki, Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin göndərdiyi «tanımadığı naməlum vasitəçi» rüşvət pullarını almaq üçün onunla Moskvada görüşüb.

«Bu, trillerə oxşayırdı» - deyə prokuror Sackmann bildirib.

Həmin şəxs qadına saxta «hesab-faktura» təqdim edib və pulların həmin hesaba köçürülməsini istəyib. Sənədlərdə göstərilməliydi ki, guya pullar marketinq xidmətinə görə ödənilir. Prokuror bildirib ki, pulları nəqdləşdirəndən sonra bağlanan həmin marketinq firması Dubayda qeydiyyatdan keçmişdi.

Məhkəmədə «OeBS» şirkətinin həmin qadın əməkdaşının Moskada qaldığı oteldən göndərdiyi fakslar da nümayiş etdirilib. Prokuror bildirib ki, rüşvət pullarının bu yolla ötürülməsi riskli olub və «OeBS» şirkətinin rəhbərləri çirkli pulların yuyulması sxeminin üstünün tezliklə açılacağından ehtiyat edərək növbəti «şapka»ları gecikdiriblər.

Azərbaycan tərəfdən isə təzyiqlər artıb. Bu dəfə onlar Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətin hesablarını təqdim ediblər. Lakin «OeBS» həmin hesaba pulları köçürməyə tərəddüd edib, çünki sxemin üstü açılardısa, şirkətin beynəlxalq reputasiyasına ciddi zərbə dəyərdi.

Nəhayət, bir neçə cəhddən sonra F. iki vəkil tanışı ilə məsələni müzakirə edir. Onlar deyirlər ki, İsveçrə vətəndaşı olan yaşlı qadının adına olan «Venkoy» adlı offşor şirkət tanıyırlar və bu şirkət Panamada qeydiyyatdan keçib, «problemli» offşor köçürmələrlə məşğul olur. Həmin şirkətin Avstriyada bank hesabı var.

Vəkillər göstəriləcək xidmətin əvəzində 4 faiz haqq tələb ediblər. Prokuror xidmətə görə yaşlı qadına 4 min İsveçrə frankı, vəkillərin isə hər birinə 100 min avro ödənildiyinə dair sübutların olduğunu bildirib.

2008-ci ildə Avstriya hüquq-mühafizə orqanları «Venkoy» şirkətinin hesabına on milyonlarla avro köçürülməsindən şübhələnir və bu bank hesabı çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində izlənilir. Nəticədə rüşvət sxeminin iştirakçıları «Venkoy» şirkətinin Bratislava (Slovakiya) və Londonda (İngiltərə) yeni bank hesablarını açırlar. Azərbaycan Mərkəzi Bankı ilə bağlanan sonrakı müqavilələrə görə «şapka»lar həmin hesablara ödənilir.

«Bütün bunlardan əlavə, Azərbaycan diplomatları birbaşa qadının vətəni Rumıniyada peyda olaraq pulların «dərhal» nağd ödənilməsini tələb ediblər. Nəticədə pullar «Stephansplatz» şirkətinin istehsalı olan plastik «meşok»lara doldurularaq Bakıya göndərilib» - deyə prokuror bildirib.

Bu gün  Avstriyanın paytaxtı Vyanada bu ölkənin Mərkəzi Bankının törəmə şirkəti olan «OeBS» şirkəti ilə Azərbaycanın Milli Bankının rəhbərliyi arasında on milyonlarla avroluq korrupsiya və rüşvət işi üzrə çoxdan gözlənilən qalmaqallı məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytı Avstriya mənbələrinə istinadən xəbər verir ki, məhkəmənin birinci iclası olduqca izdihamlı keçir və prokurorun ittiham aktını oxuması ilə başlayıb. Prosesi çoxsaylı jurnalistlər ordusu izləyir.

Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə «OeBS» şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın - manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində «şapka» ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb.

Avstriya prokurorluğu iş üzrə 9 nəfər, o cümlədən «OeBS» şirkətinin keçmiş baş direktoru Maykl Volfa qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, mənimsəmə, rüşvət və çirkli pulların yuyulması ittihamları irəli sürüb. Onları 10 ilə qədər həbs cəzası gözləyir.

Müttəhimlər digər maliyyə cinayətlərinə və vergilərdən yayınmağa dair ittihamları da cavablandırmalıdır. Müttəhimlər kürsüsündə həmçinin Avstriya Mərkəzi Bankının keçmiş vitse-qubernatoru Volfhanq Duchatek, Mərkəzi Bankın keçmiş şura üzvü Con Miller, «OeBS» şirkətinin marketinq, satış və idarəetmə departamentlərinin rəhbərləri də yer alır. Prosesi hakim Georq Osçak aparır.

Məhkəmədə ittiham aktını prokuror Volkert Sakmann (Volkert Sackmann) oxuyub. Prokuror bildirib ki, hər şey 2005-ci ildə «OeBS» şirkətinin Sinqapurla ziyanlı biznesindən sonra böhrandan çıxmaq üçün göstərdiyi cəhdlərlə başlayıb. «OeBS» şirkəti maliyyə böhranından çıxmaq üçün «ekzotik ölkələrlə» işləməyin yollarını axtarıb.

Həmin vaxt Azərbaycanın Mərkəzi Bankına yeni banknotların - manatın çapı üçün şirkət tapmaq lazım idi. Yeni Azərbaycan manatının dizaynını avronu dizayn edən Robert Kalina verib.

«Azərbaycan Mərkəzi Bankının xahişi ilə manat çapına dair müqavilənin nominal dəyərinin 20 faizi onlara çatmalı idi. Hansı ki, sənədlərdə bütün pulların «OeBS» şirkətinə verildiyi göstərilməli idi. Rüşvət kimi ödənilən bu pullar Azərbaycan xalqına məxsus idi. Lakin rüşvət azərbaycanlıların pullarının hesabına ödənilsə də Avstriyanın banknot çap edən şirkəti rüşvətxorluq və mənimsəməyə vasitəçilik ittihamından yaxasını kənara çəkə bilməz» - deyə prokuror Sakmann bildirib.

Avstriyanın dövlət ittihamçısı deyib ki, Azərbaycan Mərkəzi Bankı manat çapı üçün ilk dəfə iri məbləğdə müqavilə bağlayıb. Bakıdakı yüksək vəzifəli məmurların bu müqavilədən özləri üçün tələb etdiyi 20 faizlik «şapka» isə 2005-ci ilin iyul ayında ödənilib.

Lakin ittiham aktından məlum olur ki, rüşvətin Azərbaycanın Mərkəzi Bankının rəhbərlərinə ödənilməsi əvvəlcə problem olub. Prokuror bildirib ki, tərəflər problemi həll etmək üçün çoxsaylı saxta hesab-fakturalar yaradıblar və rüşvət pullarını ora köçürüblər.

«Azərbaycanlılar hərisliklə gözləyirdilər ki, müqavilənin nominal dəyərindən 20 faiz onlara geri ödənilsin. «OeBS» şirkəti isə bu əməliyyatı o vaxtkı prezidenti Volfhanq Duçatekin iştirakı və razılığı olmadan həyata keçirə bilməzdi» - deyə prokuror bildirib.

İttiham aktına görə, azərbaycanlı məmurlara rüşvətin ödənilməsi «OeBS» şirkətinin yüksək vəzifəli əməkdaşları üçün çətinlik törətdiyindən nəhayət onlardan biri iki vəkilin köməyindən istifadə etməyi qərara alıb. Hazırda həmin vəkillər də müttəhimlər kürsüsündədir. Vəkillər rüşvəti ödəmək üçün Panamada qeydiyyatdan keçmiş offşor şirkətdən istifadə etməyi təklif ediblər və bu işin əvəzində məbləğin 4 faizini özlərinə istəyiblər.

«Venkoy» adlı həmin şirkət o vaxt 73 yaşı olan, vizit kartının üzərində elektron poçt ünvanını «TigerLilly» kimi göstərən qadının adına olub.

«Necə ola bilər ki, səhmlərinin 100 faizi ölkənin Milli Bankına məxsus olan şirkət «TigerLilly» ilə biznes qursun?» - deyə prokuror sual edib.

İttiham aktında göstərilir ki, «OeBS» şirkəti Suriyanın Mərkəzi Bankı ilə də eyni sxemlə işləyib.

«Suriyalılar azərbaycanlılara baxanda daha təvazökar olublar. Onlar müqavilənin nominal dəyərinin cəmi 14 faizini geri tələb ediblər» - deyə prokuror ironiya ilə bildirib.

Müttəhimlər kürsüsündə oturanlardan biri, «OeBS» şirkətinin keçmiş yüksək vəzifəli əməkdaşı qadındır. O, istintaqa verdiyi ifadədə deyib ki, bu rüşvət sxemində yer alan azərbaycanlılardan və suriyalılardan qorxur.

«Qadın qorxur ki, onlar ondan qisas alacaqlar, çünki onlarla çoxlu təmasları olub» - deyə prokuror bildirib.

Məhkəmə prosesinin növbəti iclası fevralın 19-na təyin edilib. Virtualaz.org bu qalmaqallı prosesi izləməkdədir.

 





17.02.2014    çap et  çap et