Bir vaxtlar işğal edilmiş Azərbaycan ərazilərini talayan general Manvelin 2016-cı ilin aprel döyüşləri zamanı Qarabağda erməni əsgərlərinə göndərilən ərzaq yardımlarını, o cümlədən Rusiya ermənilərinin göndərdiyi avtomobil texnikasını da talayıb anbarlarına yığdığı kadrlarda əks olunur.
Milli Təhlükəsizlik Xidməti bildirir ki, general Manvel istirahət zonasını silah anbarına, onlarla retro və müasir avtomobillərin, çoxsaylı motosikletlərin, qarda özüyeriyən maşınların, habelə Qarabağa göndərilmək üçün nəzərdə tutulan UAZ və təcili yardım avtomobillərinin qarajına çevirib. Axtarış zamanı Manvelin malikanəsinin anbarlarından əsgər paylarının qablaşdırıldığı çoxsaylı qutular tapılıb. Qutuların içərisinə qoyulan məktublardan bəlli olur ki, onları 2016-cı ilin aprel döyüşləri zamanı erməni məktəbliləri toplayıblar və Qarabağa göndərmək üçün Manvelin başçılıq etdiyi “Yerkrapa” könüllülər birliyinə təhvil veriblər. Lakin yırtıcı general bu əsgər paylarını anbarlarına yığıb və onları şəxsi zooparkındakı yırtıcılara-ayılara, pələnglərə yedirdirmiş.
Bağlamaların içərisindən əsgərlər üçün nəzərdə tutulan mal əti konservləri, qatılaşdırılmış süd, makaron, vermişel, tomat pastası, gigiyena vasitələri və s. çıxıb. Habelə Manvelin anbarlarından Müdafiə Nazirliyinin hazırladığı və satış üçün nəzərdə tutulmayan əsgər payları da tapılıb. Manvelin Arşaluys kəndindəki istirahət məkanından 18 tank əleyhinə mina, onlarla əl qumbarası, on minlərlə pulemyot və avtomat patronu, çoxsaylı qumbaraatanlar və onlara aid sursat, müxtəlif markalı 39 pistolet, snayper tüfəngləri, müxtəlif tipli karabinlər və digər silah-sursat tapılıb.
Qarabağ “qəhrəmanının” yırtıcı xislətinə xas olan bu rüsvayçı əməlləri ortaya çıxandan sonra onun vəkili Qrant Ananyan generalı müdafiə etməkdən imtina edib.