“British Petroleum”un (BP) hesabatındakı məlumata görə, ötən il dünya üzrə mavi yanacağın satışlarının 65 faizi boru kəmərləri vasitəsilə, 35 faizi isə sıxılmış şəkildə (maye halında) həyata keçirilib.
Hesabata görə, 740 milyard 700 milyon kubmetr qaz boru kəmərləri vasitəsilə, 393 milyard 400 milyon kubmetr isə sıxılmış halda tankerlərlə daşınaraq satılıb.
Qlobal enerji bazarlarında ötən il qaz ixracı əvvəlki illə müqayisədə 5,8 faiz artımla təqribən 1 trilyon 134 milyard kubmetrə qalxıb. Bu miqdar 2016-da 1 trilyon 71 milyard kubmetr təşkil edirdi.
Ötən il dünyada kəmərlər ilə mavi yanacaq ixracında 215 milyard 400 milyon kubmetrlə Rusiya ilk yeri tutub. Rusiyanın ardından 109 milyard 200 milyon kubmetrlə Norveç ikincidir.
Almaniya 94 milyard 800 milyon kubmetrlə 2017-də kəmərlərlə ən çox qaz alan ölkə mövqeyindədir. Almaniyanın ardınca 80 milyard 700 milyon kubmetrlə ABŞ yer alır.
Sözügedən dövrdə qlobal bazarda ən çox sıxılmış qaz satışı həyata keçirmiş ölkə 103 milyard 400 milyon kubmetrlə Qətər olub. Qətərin ardından 75 milyard 900 milyonluq satışla Avstraliya ikinci yeri tutub.
Ötən il ən çox sızılmış qaz alan ölkə 113 milyard 900 milyon kubmetrlə Yaponiya olub. Bu ölkənin ardınca 52 milyard 600 milyon kubmetr LNG alan Çin gəlir.