Vaxt.Az

Dilimizi qısaldan şortikli qızlar


 

Valideynlər, heçmi özünüzü günahlandırmırsınız?

Dilimizi qısaldan şortikli qızlar Bayram günlərində mümkün qədər internetdən uzaq durmağa çalışdığım üçün məlum şortikli qızın metro davasını izləyə bilməmişdim. Ümumiyyətlə, məsələdən xəbərsiz idim və birdən-birə “Facebook”da hər kəsin bu hadisəni şərh etdiyini, əksəriyyətin də qıza haqq verdiyini gördüm. Nə baş verirdi axı? Fikirləşdim ki, yəqin qızımız “Azərbaycan qadını necə olmalıdır?” moizəsi oxuyan birinə yaxşı dərs verib. İnsan əxlaqının, ləyaqətinin, böyüklüyünün, gözəlliyinin, düşüncəsinin qısa ətəklə, şortiklə ölçülmədiyini adamlara izah edib.

Məhz geyiminə görə ittiham olunan bir qızın özünü sağlam şəkildə müdafiəsini görmək ümidiylə bu gün həmin videonu izlədim. Kadrı yarıda saxlayıb, neçə dəfə yenidən axtarış verdim. Dedim, yəqin başqa videoya baxıram. Yəni adamlar bu xanımı müdafiə edir? Onun nə geyindiyi gözümə görünmürdü belə. Onun oturuşu, onun jestləri, onun danışıq üslubu... Bu, bizim haqlarını qorumağa çalışdığımız cəhalətin, mentalitet davalarının əlindən salamat çıxarmaq, xilas etmək istədiyimiz, gələcəyinə böyük ümid bəslədiyimiz həmcinsimiz?

Qızlar, biz "xanımların geyimiylə onların əxlaqına, ləyaqətinə qiymət verməyin" deyə davaya çıxanda, əks cinsin nümayəndələrinin, sizi sıxışdıran yaşlı nəslin yanlış düşündüyünü, haqsız olduğunu sübut etmək istəyəndə bax onların arqumenti sizin o qüsurlu davranışlarınız olur, naqisliyiniz olur. Onda bizim deməyə sözümüz qalmır, əlimiz-qolumuz bağlanır. Onda zövqü və rahatlığı üçün bu geyim üslubunu seçən sağlam düşüncəli, dünyagörüşlü, savadlı, zəhmətkeş, uğurlu xanımları da sizin gözünüzə qatırlar. Onları da eşitmək, hansı düşüncə sahibi olduğunu bilmək belə istəmirlər. Deyirlər, şortik geyinib, vəssalam, abırsızdır, həyasızdır, asılmalıdır, kəsilməlidir. Bizim dilimizi məhz siz gödək edirsiniz, ayağını az qala başının üstünə qaldırıb oturan, metroda-avtobusda özünü deyişməklə, boğuşmaqla müdafiə etdiyini sanan xanımlar.

Azadlıq bu deyil, rahatlıq bu deyil, müasirlik bu deyil. Siz ona görə geyiminiz üstündə adamlarla ağızlaşırsınız ki, sizin normal şəkildə fikrinizi bildirməyə dünyagörüşünüz, bazanız yoxdur. Elə buna görə qızın birçəyi çıxan kimi bir bəy namizədi tapıb ərə verirlər ki, qoy "gözü açılmasın", qoy "şortik geyinməsin", qoy adımızı batırmasın...

Gözəl ziyalımız Mehriban Vəzir bir müddətdir "Cümhuriyyət qadınları" adı altında silsilə yazılar yazır. Xədicə xanım Əlibəyovadan, Mədinə xanım Qiyasbəylidən, Şəfiqə xanım Əfəndizadədən... yazır. Necə görkəmli, fədakar, uca xislətə sahib qadınlarımız olub, insanlara təhsil vermək, maarifləndirmək üçün hansı əzab-əziyyətləri çəkiblər. Bu millətin övladlarını bircə addım irəli aparmaq, aydınlığa çıxarmaq üçün hansı yollardan keçiblər, faciələrlə üzləşiblər. Bunun üçünmü?

Baxın, bəs bu günün gündəmi nədir, faciəsi nədir? Adam yazanda belə utanır, canı yanır... Bir qız metroda kiminləsə əlbəyaxa olur, hər şey qalır bir kənarda, onun şortiki müzakirəyə çıxarılır. 16 yaşlı qız - yolunu, gələcəyini müəyyən edəcək, hansı peşənin, sənətin sahibi olacağına qərar verəcək olan bir qız sevgilisi üçün son nitqini söyləyir, "ya səninəm, ya da qara torpağınam" deyib özünü öldürür.

Valideynlər, nə düşünürsünüz? Heçmi özünüzü günahlandırmırsınız? Xanımlar, qonşunuzun hansı toya nə geyindiyi, qızına neçə min manatlıq cehiz verdiyi, ona neçə minlik qır-qızıl gətirildiyi müzakirəsi bitəndə bir övladlarınızla da söhbət edin, onların hansı burulğanın içində, hansı uçurumun kənarında olduğundan xəbər tutun. Kişilər, başqasının qadınını, arvadını, bacısını "asıb-kəsməyi" bitirəndə evinizə gedin, evinizdəkilərin içinə boylanın. Evinizdə bir az da dünyanın, insanlığın hansı dəyərlər üzərində dayandığından danışın. Elmə, işığa yönəldin. Əlinizə bir kitab alıb oxuyun, ordan bir sitat gətirin, birlikdə müzakirə edin, övladınıza kitab bağışlayın. Heç birini edə bilməsəniz, sadəcə sevginizi bildirin, özünüzdən danışın, onları sevən, düşünən, qoruyan bir valideyn olduğunuzu hiss etdirin. Nə bilim axı... nə isə edin. Xilas edin övladlarınızı bu qaranlıqdan, xilas edin. (milli.az)

 





21.06.2018    çap et  çap et