Vaxt.Az

“Ürəkbulanma zəhərlənmə demək deyil”


 

Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”

“Ürəkbulanma zəhərlənmə demək deyil” Tərtərdəki pambıq əkininin sifarişçisi olan "Aqrarkredit" şirkəti MMC rayonda baş vermiş zəhərlənmə faktı ilə bağlı Modern.az-a açıqlama verib.

Şirkətin direktoru Bəhruz Camalov Modern.az-a bildirib ki, pambıq tarlasında təhlükəsizliyə riayət edilməməsilə bağlı iddialar əsassızıdır: “Xəstəxanalara müraciət edən adamlarda ürəkbulanma kimi hallar müşahidə olunub. Bu isə zəhərlənmə demək deyil. Zəhərlənmə diaqnozu təsdiqlənəcəyi təqdirdə lazımi tədbirlər görüləcək”.

B.Camalov tarlalarda istifadə müddəti bitmiş dərmanların tətbiqinə də münasibət bildirib: “Biz şirkət olaraq kimyəvi pereparatları qeydiyyatdan keçən, lazımi sertifikat və şəhadətnamərlər almış və  uzun müddət bu sahə ilə məşğul olan “EMA” MMC şirkətindən alırıq. Bizim mütəxəssislərimiz dərmanlarla bağlı həm fermerləri, həm də sahədə işləyəcək olanları təlimatlandırırlar.

Elə dərmanlar var ki, onu tətbiq etdikdən 1 gün sonra sahəyə girilməlidir, amma işçilər 5 gün sonra girib. Yəni “işçilərin sahə dərmanlanan kimi ora göndərilməsi” fikirləri doğru deyil. Biz nəticələri gözləyirik. Hazırda araşdırmalar gedir, iki mütəxəssisimiz Tərtərdədir. Araşdırmalar bitdikdən sonra hansı nəticəyə gəlinəcəksə, ona uyğun da qərar veriləcək. Amma biz təhlükəsizliyə və dərmanların keyfiyyətinə cavabdehik”.

Qeyd edək ki, iyun ayı ərzində Tərtərdəki pambıq sahələrində müxtəlif vaxtlarda iki dəfə kütləvi zəhərlənmə faktı qeydə alınıb.

 





21.06.2018    çap et  çap et