Vaxt.Az

Azzarla, çorla böyüyən uşaqların sonu...


 

(Bu mövzuda yazı istəyənlər üçün)

Azzarla, çorla böyüyən uşaqların sonu... Hərdən deyirlər ki, bina evində yaşamaq yaxşıdır. Girirsən evinin içinə, sakitcə həyatını yaşayırsan. Heç də elə deyil. Bina evində yaşadığımız müddətdə nə üzbəüz yaşadığımız evdə, nə də üst qonşunun evində dava-dalaş əskik oldu.

Bizi daha çox narahat edən isə üst qonşudan gələn səs-küy idi. Çünki o evdə uşaqlar vardı. Evin kişisi içib gəlir, - hər halda biz elə bilirdik, çünki ayıq adamın o cür vəhşilik edəcəyini düşünmürdük - arvadını döyür, ora-bura çırpırdı, uşaqlar ağlaşırdılar. Bax bizi də narahat edən o ağlaşan uşaqlar, onların gələcəyi idi. Onların, heç olmasa, həftədə bir dəfə şahid olduqları bu dava, kim bilir, hələ indidən onların gələcəyində hansı yaraları açırdı. Onlar yarımçıq qalacaqlar, onların həmişə bir tərəfi ağrıyacaq, bu ağrı onları yaxşı insan, yaxşı sevgili, yaxşı valideyn olmağa qoymayacaq. Həmişə nələrisə xatırlayacaqlar və bunun acısını kimdənsə çıxaracaqlar, bəlkə də, elə öz övladlarından...

İndi də həyət evində yaşayırıq. Burada da yay boyu balaca qız uşağının “ay mama”, anasının isə cavabında elə hey “azar” deməsi bizə aman vermədi ki, vermədi. Havalar soyuduğundan qapı-pəncərəni örtmüşük, daha o səsləri eşitmirik. Amma nə olsun, o səs qulaqlarımdadır hələ də...

Ötən günlərdə bir türk yazarın müsahibəsini oxudum. Yazar jurnalistin “Romanınızın qəhrəmanları başqalarının sirləri ilə yaşamaq məcburiyyətində qalan uşaqlardır. Sirlər bir uşağa neyləyər?” sualının cavabında deyir: “Onları ana-atalarının valideyni edər. Uşaqlar sirlərlə böyüməyə məhkum olarlar. Ona görə də bizim kimi çətin cəmiyyətlərdə qoca uşaqlar böyüməkdədir”. Hələ burada söhbət ictimai-siyasi proseslərdən, müharibələrdən gedir. Amma məni düşündürən uşaqların balaca evlərində, balaca dünyalarında qopan müharibələr oldu.

Lap dava-şavasız ev olsun. Ətrafımızda neçə ailə saya bilərik ki, o ailələrdə övladla valideyn dost olsun? O ailələrdə qorxmadan, çəkinmədən uşaq gəlib dərdini, problemini anasına, atasına danışa bilsin? Çoxunun uşaqlıqdan bəri eşitdiyi söz bu olur: Səsin çıxmasın. Atan bilsə, öldürər. Atan başını kəsər. Atan ayağını qırar. Atan... atan... atan...

Hələ bir müddət əvvəl faciəli şəkildə öldürülən Aytac Babayevanın qanı soyumamış qohumları demişdilər: “Əgər o, bir oğlanla danışsaydı, anası onu küçə boyu saçından tutub sürüyərdi. Aytacgil iki bacıdır. Valideynləri qızlarını gözlərinin üstündə saxlayırdılar. Atasıgil boğazlarından kəsib, onları saxlayıblar”.

Belə də dərd olar? İnsan niyə boğazından kəsib böyütdüyü övladını nəyəsə görə saçından tutub sürüməli olsun? Bu ehtimalı nəzərə alan, kimisə sevdiyi halda başına nələr gələcəyini bilən qız anasıyla hansısa sirrini bölüşərdimi? Olmazmı, valideyn övladı ilə elə münasibət qursun ki, etdikləri səhv də olsa, günah da olsa, gəlib bunu paylaşsınlar. Həyatın çox üzünü görən, ağı qaradan seçməyi bacaran təcrübəli valideyn də onu uyğun dillə başa salsın, məsləhət versin, daha böyük səhvlərin, faciənin qarşısını alsın. Elə bilirsiniz, nəticəsi olmayacaq? Vallah olacaq. “Azar”la, “çor”la, döyməklə, sürüməklə heç bir problem həll olunmur. Əksinə, sevginin, şəfqətin, şirin dilin həll etməyəcəyi məsələlər deyil bunlar.

Bu qədər müasirləşdiyimizi deyirik, hamımız övladlarımıza ali təhsil vermək istəyirik, qonşunun uşağından yüksəklərdə olmasını istəyirik, amma başımız qızımıza qonşunun qızından yaxşı cehiz yığmağa, oğlumuzu daha pullu işlərə cəlb etməyə qarışdığından onun ürəyi, iç dünyası, arzuları yadımızdan çıxır. Övladla valideyn arasında mövcud olan uçurum, bəlkə, neçə yeniyetməni, gənci intihara, cinayətə sürükləyib. Bizə görə bir şey var: səhərdən-axşama onun üçün çalışıram, yemirəm, yedirdirəm, geymirəm, geydirirəm, ağzı nədir mənim sözümdən çıxa? Boynunu üzərəm. Amma sonra o boynu kəndirdə tapanda nə qədər sevmək, oxşamaq istəsən də gec olur. Çox gec...

Hələ körpəlikdən övladınızla oynadığınız oyunlar, rənglədiyiniz kağızlar, qurduğunuz evciklər belə onları xoşbəxt gələcəyə aparır. Eybi yox, qoy bir az ucuz paltar geyinsinlər, az yesinlər, amma sizinlə birlikdə keçirəcəkləri vaxtları çox olsun. Eybi yox, qoy ali məktəbdə oxumasınlar, pinəçi olsunlar, dərzi olsunlar, amma xoşbəxt olsunlar... Onların arzularını içində boğmayın! Sizdə tapmadıqları sevgini gedib başqa yerdə axtarmasınlar, qaranlıq küçələrdə azıb-qalmasınlar, ölməsinlər.

Əziz valideynlər, övladlarınızı dinləyin, onlarla dərdləşin. Mütləq onların sizə demək istədikləri var, mütləq vaxtından tez sevdikləri qız var, oğlan var. Mütləq eşitmək istədikləri “səni sevirəm, qızım”, “yanındayam, oğlum” sözləri var. Əgər bu münasibəti qura bilmirsinizsə, onda psixoloqa müraciət edin, burada ayıb bir şey yoxdur. Gecikməyin, bunun üçün dünyanın sonunu gözləməyin. Onları vaxtından əvvəl qocaltmayın, öldürməyin!

 





22.06.2018    çap et  çap et