Vaxt.Az

Seçki 2-ci tura qalarsa, …


 

Kim seçilirsə seçilsin, onu ağır problemlər gözləyir

Seçki 2-ci tura qalarsa, … İncənin mitinqlərindəki böyük qələbəliklər sizi çox yanıltmasın.

Bu xalq kütlələri daha öncə də var olan, laik dövlət, sekulyar toplum həssasiyyəti yüksək olan passionar kəsim, eyni zamanda, Ərdoğan iqtidarı dövründə böyümüş və yetkinlik yaşına çatdıqdan sonra azadlığın çərçivələrinin daraldığını görüb, dərk edərək narazıların sıralarına qoşulmuş gənclərdir. Sadəcə olaraq, daha əvvəl bu əhali təbəqələri ümidsiz və küskün idi, onların bir qismi meydanlara çıxmırdı, "onsuz da mənim səsimlə heç nə dəyişmir" düşüncəsi ilə seçkilərə getməyənlər də vardı. Məhərrəm İncə gözləntilərin üstündə, çox dinamik seçki kampaniyası aparması, qeyri-standart tərzi, natiqlik məharəti, hazırcavablığı ilə bu kütlələri yenidən ümidləndirdi, səfərbər etdi, apatiya vəziyyətinə düşüb, kənara çəkilənləri aktivləşdirdi, müxalifətdəki lider boşluğunu doldurdu. Üç müxalifət partiyasının ittifaq yaradaraq Ərdoğan dönəmində ilk dəfə olaraq parlament seçkilərinə iddialı şəkildə qatılması da bu kütlələrdə ruh yüksəkliyi yaratdı. Meydanlardakı coşqu və qələbəliyin əsas səbəbi budur.

Bu durumun şübhəsiz ki, qutuya, yəni seçkinin nəticələrinə təsiri olacaq, İncə CHP-nin ənənəvi 25 faizlik elektoral sərhədini aşacaq. Amma böyük gözləntilər (ilk tur üçün) türk toplumunun sosiologiyasına və reallıqlarına uyğun deyil. İncə 30 faizi keçərsə və seçki 2-ci tura qalarsa, bu, həm İncə, həm CHP, həm də ümumən Türkiyə müxalifəti üçün böyük uğur sayılacaq. Demək istədiyim odur ki, Ərdoğanı "dəfn etmək" hələ tezdir, onun sabah ən çox səs toplayan namizəd olacağı şübhə doğurmur.

Lakin istər Ərdoğanın, istərsə də partiyasının səsində azalma gözləmək yanlış deyil. Məsələn, son parlament seçkilərində Ak Parti və MHP-nin səslərinin cəmi 61 faiz olub. Hazırda “Cümhur İttifaqı”nda birləşmiş bu partiyaların eyni nəticəni təkrarlaya bilməyəcəkləri aydındır. MHP parçalanıb və onun səslərinin yarıdan çoxunu İyi Parti götürəcək. Ak Partinin də son seçkidə olduğu kimi, 49,5 faiz səs alması mümkün görünmür. “Cümhur İttifaqı” 50 faizdən az səs alarsa və HDP 10 faizlik baryeri aşarsa, müxalifətin - Millət İttifaqı ilə HDP-nin parlamentdə qazanacağı yerlərin cəmi böyük ehtimalla “Cümhur İttifaqı”nın əldə edəcəyi yerlərin sayından çox olacaq. (Ərdoğanın son günlər koalisiya sözünü ağından qaçırması təsadüf deyil).

Prezident seçkilərində Ərdoğanın ilk turda işi bitirməsi isə əsasən MHP-lilərin onu nə dərəcədə dəstəkləməsinə bağlıdır. MHP-lilər parlament seçkilərində öz partiyalarına səs verəcəklər, hətta MHP Ak Partidən də səs cəlb edə bilər. Lakin MHP-lilərin blok halında Ərdoğana səs verəcəyi şübhəlidir. Partiyanın içərisində bu məsələdə yekdil mövqe yoxdur, Atilla Kaya kimi ülkücülər arasında hörməti olan şəxs (Ocağın sabiq başqanı) Ərdoğanın əleyhinə təbliğat aparır. Ərdoğanın yaxın keçmişdə bozqurdu sıradan bir heyvan kimi qeyd etməsi, "millətçiliyi ayaqlarımın altına aldım" sözləri, ülkücüləri aşağılaması unudulmayıb.

Görünən budur ki, şəhərli, təhsilli MHP-lilərin əksəriyyəti Ərdoğana səs verməyəcək, kənd yerlərindəki MHP-lilərin əksəriyyəti isə əksinə, Ərdoğanı dəstəkləyəcək. (Son referendumda olduğu kimi.) Lakin bu səslər məsələni ilk turda həll etmək üçün yetərli olmaya bilər. Digər tərəfdən, Ərdoğanın öz reytinqinin zirvə nöqtələrindən birini yaşadığı 2014-cü il prezident seçkilərində Ekmələddin İhsanoğlu kimi siyasətdən uzaq, əhalinin tanımadığı, nitq qabiliyyəti olmayan bir rəqib qarşısında aldığı səs miqdarını da unutmaq olmaz. Həmin seçkidə o, 51,79 faiz səs toplamışdı və İstanbul başda olmaqla, bir çox böyük şəhərdə İhsanoğlu və Dəmirtaşın səslərinin cəmi Ərdoğanın səsindən çox olmuşdu. İndi sosial-iqtisadi problemlərin artdığı, qarşısında güclü müxalifət namizədlərinin olduğu, Ak Partinin ənənəvi sosial bazası olan mühafizəkar kürdlər arasında iqtidardan narazılığın artdığı bir məqamda Ərdoğanın 50 faizdən çox səs alıb ilk turda zəfər qazanması nə qədər mümkündür, onu söyləməkdə çətinlik çəkirəm. Bildiyim budur ki, 3 böyük şəhər başda olmaqla, əksər böyük şəhərlərdə Ərdoğan 50 faizi keçə bilməyəcək.

Əgər prezident seçkiləri 2-ci tura qalarsa və müxalifət parlamentdə üstünlük əldə edərsə, 2-ci turun atmosferi çox fərqli olacaq. Bu halda, İncənin qələbə şansı yaranacaq, çünki əhali parlament çoxluğu ilə uyumlu çalışacaq namizədə yönələ bilər ki, siyasi böhran yaranmasın. Ərdoğan prezident seçilərsə, parlamentdə isə müxalifət üstünlük əldə edərsə, bu halda siyasi böhranın yaranması, hətta yeni prezident və parlament seçkilərinin gündəmə gəlməsi ehtimalı var.

Aydın olan budur ki, kim seçilirsə seçilsin, onu ağır problemlər gözləyir. İqtisadi böhran qapını döyür...

 





23.06.2018    çap et  çap et