- Peşəkarlığın birinci və istisnasız
şərti Allah vergisi, istedaddır. Bu olmadıqca nə peşədən danışmağa dəyər, nə də
peşəkarlıqdan. Bəzən elə insanlar olur ki, görürsən, öz sahəsini gözəl bilir,
kifayət qədər məlumatlıdır, ancaq ərsəyə gətirdiyi işdə eyni məharət hiss
olunmur. Bu artıq istedad çatışmazlığının nəticəsidir. Təhsillə insana istedad
verilmir, verilə də bilməz. Tədris istedadı rəndələmək, almazı brilyanta
çevirmək deməkdir. Əgər əlinizdəki almaz deyilsə, nə qədər çalışsanız da,
brilyant olmayacaq. Daha sonra zəhmət, çalışqanlıq, sənət sevgisi, fədakarlıq
gəlir. Bir də mütləq bəxt, tale sənətkarın üzünə gülməlidir, parlamağı üçün
uyğun şərtlər olmalıdır. Elə öz nümunəmdən göstərim, mən indiki dövrdə sənətə
gəlmiş olsaydım, bəlkə də heç nə ilə yadda qalmazdım. İndi nə «Nəsimi», nə
«Babək», nə də «Dədə Qorqud» çəkilir, həmin rejissor və aktyor heyəti də
yoxdur. Deməli, istedadla, təhsillə, fədakar əməklə yanaşı, bəxt amili də
olmalıdır.
- Rasim müəllim, bəs nəsillər arasındakı bağ niyə qırılır? Axı hər dövrün öz istedadı olmalıdır. Sizcə, indi istedad qıtlığı var, yoxsa onları tapıb üzə çıxara bilmirik?
- Bu, əslində, bir az ziddiyyətli
məqamdır. Dünya təcrübəsi göstərir ki, hər dövrdə istedadlar olur və çox güman
ki, indi də onların sayı bizim dövrümüzdən az deyil. Əsas məsələ o istedadları
tapıb ortaya çıxarmaqdır. Ancaq bizim seçim metodlarımız bir çox hallarda
istedadın aşkarlanmasına yox, əksinə, onların itib-batmasına xidmət edir. Bizim
dövrümüzdə indiki Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq üçün əsas
şərt qabiliyyət idi. Tanınmış mütəxəssislər abituriyentin istedadını
qiymətləndirirdilər, qabiliyyət imtahanlarından yüksək bal alan şəxslərə digər
fənlərdə güzəşt olunurdu. Şəxsən mən özüm sənət imtahanının hər üçündən «əla»
qiymət almışdım, digər müəllimlər də həmin qiymətləri görüb, «kafi» cavab
verdiyim fənlərdən mənə «yaxşı» yazmışdılar.
Ancaq indi belədirmi? Çox təəssüf ki,
yox. Məni qabiliyyət imtahanlarında seçimə dəvət etmişdilər. Bir neçə istedadlı
gənc var idi ki, onlara yüksək bal vermişdim, fikirləşirdim ki, parlaq
gələcəkləri var. Sonra onlar haqqında maraqlandım, məlum oldu ki, test
imtahanlarından yetərli balı yığa bilmədikləri üçün kəsiliblər. Bu isə o
deməkdir ki, biz həmin uşaqları itirdik. Nəsillər arasında qırılma da boş
yerdən yaranmır ki, hər qəbulda bu qədər istedad öz qabiliyyətini inkişaf
etdirmək imkanından məhrum olursa, nəticə də ürəkaçan olmur. Bu gün həmin
uşaqların yerinə hüquqşünas olmaq istəyən, ancaq balı yetmədiyindən aktyorluq
fakültəsinə daxil olanlar var. Beləliklə, biz nə istedadlı aktyor qazanmış
olduq, nə də hüquqşünas. Ona görə də öncə kimi seçirik, necə seçirik, ona
baxmalıyıq. İstedadın əsas sayıldığı təhsil ocaqlarının qəbul qaydaları
birmənalı olaraq dəyişdirilməlidir, test üsulu ilə istedadları seçmək olmaz.
Daha bir məsələ isə təhsil ocaqları ilə
mədəniyyət müəssisələri arasında əlaqənin qırılmasıdır. Əvvəllər istedadlı
tələbləri ikinci-üçüncü kursdan teatrlara cəlb edirdilər, kinoya çəkirdilər.
Yaxşı yadımdadır, Fuad Poladov, Səməndər Rzayev hələ tələbə ikən sənət həyatına
başlamışdılar. İndi dövlət bu sahəyə kifayət qədər vəsait də ayırır, ancaq
mənzərə dəyişirmi? Ona görə də incəsənət ilk növbədə istedada bağlıdır,
maliyyəyə və digər amillərə yox.
Bundan əlavə, şərt deyil ki, hamı incəsənət
təhsilli olsun. O dövrdə kənar sahələrdən də istedadlı insanları tapıb
gətirirdilər, filmlərdə onlara ikinci, üçüncü dərəcəli rollar verilirdi.
Dərnəklərin də bu işdə böyük rolu olurdu. Axtarıb tapmaq, əziyyət çəkmək
lazımdır. Bunun üçün də güclü rejissorlar olmalıdır ki, bu cür istedadları
ortaya çıxara bilsinlər. Təəssüf ki, indi bəzi rejissorlar özlərini Fellini
hesab etdikləri halda ortaya baxımlı bir iş qoya bilmirlər. İnternetin populyar
olduğu bir zamanda auditoriya toplamaq da asan iş deyil, çox səviyyəli ekran
əsərləri, tamaşalar hazırlamaq lazımdır ki, diqqəti cəlb edə biləsən.
- Sizin kimi təcrübəli, peşəkar
insanlara həmişə ehtiyac olub. Pedaqoji sahədə fəaliyyət göstərirsinizmi?
- Təkliflər çox olsa da, heç vaxt
müəllim kimi fəaliyyət göstərmək istəməmişəm. Əvvəllər elə çox vaxtım da yox
idi, eyni zamanda, təhsilə, müəllimliyə çox ciddi yanaşırdım, çəkinirdim. Bir
müddətdən sonra məni universitetdə dərs deməyə razı saldılar. Birinci dərsə
gəldim, otaqda bir tələbə belə yox idi, elə jurnalı oradaca qoyub çıxdım.
Beləliklə, müəllimlik fəaliyyətim başlamamış bitdi. Aydın oldu ki, bu
tələblərin sənətə maraqları yoxdur. Bizim vaxtımızda sənət dərslərinə tələbələr
yarım saat əvvəldən gəlirdilər, müəllimlər də həvəslə dərs keçirdi.
- Bəs film və ya seriallara təcrübəli
aktyor, yaxud mütəxəssis kimi dəvət edilirsinizmi?
- Bir-iki filmə dəvət etdilər çəkildim, ancaq sonra çox peşman oldum. Daha sonra bütün dəvətlərdən imtina etdim, aşağı səviyyəli filmə çəkilməkdənsə, çəkilməməyi üstün tutdum. Bilirsiniz, filmdə əsas sima rejissordur. Mən bu gün həmin rejissuranı görmürəm. Axı film çəkmək «motor», «stop» demək deyil, ideya, məğz olmalıdır, rejissuranın incəliklərinə bələd olmaq lazımdır. Keçmişdə rejissorlar film çəkə-çəkə aktyorlar yetişdirirdilər, bir film bir məktəb idi. Çəkilişlərin birində maraqlı məqam yaşandı. Rejissordan soruşuram ki, sabahkı seriyanın ssenarisini verin, hazırlaşım. Mənə deyir ki, hələ axşam yazılacaq. Bu artıq iş deyil, sadəcə məşğuliyyətdir. Mən çalışıram ki, məşğul olmayım, ciddi iş görüm. O ki qaldı aktyor işində, səhnə danışığında məsləhətçi kimi dəvət olunmağıma, hələ ki bir müraciət belə olmayıb. Tanınmış şairimiz Ramiz Rövşən sırf mənim üçün ssenari yazır. İnşallah, onu ərsəyə gətirməyə çalışacağıq.