Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, neft qiymətlərinin yüksək olduğu hazırkı dövrdə büdcəyə xeyli həcmdə əlavə vəsait daxil olmaqdadır: “Bildiyiniz kimi, neft qiymətlərinin kəskin aşağı düşməsi, 2015-ci il devalvasiyalarından sonra yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində çox ciddi islahatlara start verilib. Məqsəd qeyri-neft sektorunun inkişafını daha da stimullaşdırmaqdan ibarətdir”.
Parlament üzvü neft qiymətlərinin yüksəlməyə başladığı dövrdən etibarən islahatların bir az da olsa, arxa plana keçdiyinin müşahidə edildiyini vurğulayıb:
“Hesab edirəm ki, bu da neftin yüksək qiymətlərinin verdiyi arxayınlıqdan doğur. Çünki islahatların gedişində ləngimə hiss olunmaqdadır. Əsaslı tikinti qoyuluşlarını qeyri-neft sektoruna vermək lazımdır. 2017-ci ildə cəmi 0,1 faiz Ümumi Daxili Məhsul (ÜDM) artımına nail olduq. Çünki 2017-ci ildə investisiya qoyuluşu 25 faiz azalmışdı.
Ona görə də əsas investisiyanı qeyri-neft sektorunun inkişafına yönəltmək lazımdır ki, neft qiymətlərinin oynaması iqtisadiyyatımızı laxlatmasın. Ümumilikdə Azərbaycan neft sektorunun özünün kifayət qədər gəlirləri var və oraya vəsait ayrılmasına ehtiyac görmürəm”.