«İsa Qəmbərin başqan olmayacağı təqdirdə onlar Səxavət Əlisoyu dəstəkləyəcəyinə söz veriblər. İsa Qəmbərin namizədlərindən Vurğun Əyyub və Qubad İbadoğlu bir qədər sakit və mübariz olmayan insan olduqları üçün onlar Səxavət Əlisoy və yaxud Arzu Səmədbəylini dəstəkləyəcəyini deyiblər. Arzu Səmədbəyli isə namizədliyinə israrlı olsa da Səxavət qədər inadcıl deyil. Səxavət Əlisoy Qarabağ, Ermənistan və Naxçıvan əsilli tərəfdarlar toplamağa başlayıb».
Qeyd edək ki, Səxavət Əlisoy Müsavat başqanı İsa Qəmbərin müşaviri və Müsavat Məclisinin üzvüdür.
Bu iddiaların əsaslı olub-olmadığını dəqiqləşdirmək üçün Səxavət Əliyevlə danışdıq. S.Əliyev bildirdi ki, Arif Hacılıya qarşı kampaniya təşkil etdiyi barədə deyilənlər yalandır: «57 yaşım var və bu günə qədər heç vaxt kiminsə arxasınca danışmamışam, arxasınca iş çevirməmişəm. Kimdən narazılığım olubsa, sözümü birbaşa özünə demişəm və heç kimdən də çəkinmirəm, heç kimə yaltaqlanmıram. Arif Hacılı mənim üçün düşmən deyil, Arif Hacılı mənim dostumdur, onunla çörək kəsmişəm, illərdir hər ikimiz bir partiyada təmsil olunuruq. Kimlərsə, qəsdən mənim Arif bəyə qarşı kampaniya təşkil etdiyim barədə dezinformasiya yayırlar. Mən indiyə qədər Müsavatda heç bir qrupda təmsil olunmamışam. Özüm də qrup təşkil eləməmişəm».
S.Əlisoy bəyan etdi ki, 2012-ci ilin yanvarında «Yeni Müsavat»a açıqlamasında Müsavat başqanlığına namizədliyini irəli sürəcəyini bildirib. Kimlərsə bu mövqeyi Arif Hacılıya qarşı olmaq kimi yozursa, yanlış edir: «Mən başqanlığa namizədliyimi verəcəyim barədə açıqlamamdan başqa başqanlıq barədə heç bir kimsənin adını bu günə qədər hallandırmamışam. Namizədliyimi vermək qərarında isə qalıram. Bu, hər bir müsavatçının olduğu kimi mənim də hüququmdur. Burada nə kiməsə qarşı olmaq, nə də bir kriminal axtarmaq lazım deyil. Namizədliyimi verməyim Arif Hacılıya və ya başqa bir müsavatçıya qarşı olmaq kimi dəyərləndirilməməlidir. İsa Qəmbər namizəd olsa, mən yenə namizədliyimi verəcəyəm. Bu, o deməkdir ki, İsa Qəmbərə qarşı mübarizə aparıram?! Nəinki Arif Hacılı da, Vurğun Əyyub da, Tural Abbasllı da, Qubad İbadoğlu da, rayon təşkilatının sıravi üzvü də namizədliyini verməkdə azaddır. Adamlar arasında bölücülük aparmağa ehtiyac yoxdur. Kimisə imamlaşdırmaq, müqəddəsləşdirmək, avtoritarizm yaratmaq lazım deyil. Niyə jurnalistlər ancaq Arif Hacılının adını əlahiddə hesab edirlər, mənim üçün maraqlı budur. Arif Hacılı əlahiddə bir müsavatçıdırmı, o namizəd olacaqsa hamı geri çəkilməlidirmi?! Media niyə bu məsələni şişirdir? Arif bəy də normal bir müsavatçıdır, partiyanın rəhbərliyində təmsil olunur, namizədliyini verməyi haqq edir. Məsələ bu qədər aydındır. Allahın köməkliyi ilə namizədliyini verər və demokratik yolla da seçilsin. Kimsə bunun əleyhinə olmayacaq».
S.Əlisoy kiməsə güzəştə getmək ehtimalının olub-olmadığı barədə suala belə cavab verdi: «Bəlkə, kimsə mənim namizədliyimə güzəştə gedəcək. Bütün bunları gələcək göstərəcək. Hələ namizədlərin irəli sürülməsi prosesi başlamayıb. Konkret kimlərin namizəd olacağı bəlli deyil».