Vaxt.Az

“Öz içlərində yanırlar”


 

Ermənistan Bakıdakı parada niyə susqun qaldı?

“Öz içlərində yanırlar” İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olundu. Bununla əlaqədar Bakıdakı Azadlıq meydanında hərbi parad keçirildi.

Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan Bakıdakı hərbi parada hər hansı reaksiya vermədi. Başqa vaxt hay-küy salan düşmən tərəf bu dəfə susqunluq nümayiş etdirdi.

Hərbi psixoloq Azad İsazadə Modern.az saytına deyib ki, Ermənistan Bakıdakı hərbi parada görə şokdadır: “Öncə qeyd etmək lazımdır ki, təkcə düşmən tərəfi üçün yox, eləcə də öz xalqımız üçün dünənki hərbi parad bir az qeyri-adi oldu. Biz ən yaxşı silah və hərbi texnikanı göstərdik, amma arxa planda bəlkə də 10 qat daha yaxşı silahlar var.

Digər tərəfdən, Azərbaycan tərəfi hər bir texnikanı müəyyən zamanlarda nümayiş etdirmişdi. İstər təlim vaxtı, istər Belarusdan “Polonez”lər gətiriləndə, istər müdafiə nazirimiz hansısa hərbi hissəsinin açılışında iştirak edəndə... Hər bir texnika, silah-sursata görə ermənilər bir az reaksiya veriblər, hay-küy yaradıblar. Buna baxmayaraq, biz yenə də bütün bu texnikaları birləşdirib dünənki paradda  nümayiş etdirdik”.

Hərbi ekspert qeyd edib ki, yaxın vaxtlarda ermənilərin reaksiyası müşahidə edilə bilər: “Yaxşı bir söz var: pişiyin əli ətə çatmayanda deyir iylənib. Adətən düşmən tərəfdən bu cür reaksiyaların şahidi olmuşuq. Lakin bu dəfə heç nə görmədik. Aydındır ki, ermənilər öz içlərində yanır. Yəqin ki, bir azdan mətbuatda da olmasa, hansısa reaksiyalarını görəcəyik. Beynəlxalq təşkilatlara, ABŞ Konqresinə məktublar gedəcək, şikayətlər ediləcək.

Onların susmağı bizə təsir etmir. Ümumiyyətlə, hərbi paradların məqsədi elə hərbi psixoloji təsirdir. Bu yolla əks tərəfə nəyə qadir olduğumuzu nümayiş etdiririk. Bəzən hərbi psixoloji təsirin nəticəsi elə susmaq reaksiyası olur”.

 





27.06.2018    çap et  çap et