Vaxt.Az

SOCAR-a əngəlin şok sirri


 

İlham Əliyevin son müşavirəsi Ərdoğanı qəzəbləndirib; AKP ARDNŞ-i «Hizmet» Hərəkatına yaxın hesab edir

SOCAR-a əngəlin şok sirri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən iri investisiya layihələrindən biri - İzmirin Əliağa qəsəbəsində «Star» neftayırma zavodunun və eyniadlı terminalın tikintisi layihəsi daha bir problemlə üzləşib. Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, Türkiyə dövləti həmin ərazidə SOCAR-a neftayırma zavodunun tikintisi üçün lisenziya versə də, «Buhar Enerji» adlı başqa şirkətə də geotermal sulardan elektrik enerjisi istehsal etmək üçün lisenziya verib. Nəticədə SOCAR illərdir ki, bu şirkətlə məhkəmə çəkişməsindədir.

«Yeni Müsavat» Türkiyənin «Hürriyet» qəzetiinə istinadən yazır ki, iki gün əvvəl hakim Ədalət və İnkişaf Partiyasının parlamentə təqdim etdiyi qanun düzəlişləri paketi bu problemi həll edə bilər. Qanun düzəlişləri paketindəki təkliflərdən birinə görə, geotermal sulardan istifadəni tənzimləyən xüsusi agentlik yaradılacaq. Həmin agentliyin yaradılması SOCAR-la «Buhar Enerji» adlı şirkət arasında məhkəmə çəkişməsinə də son qoya bilər. Belə ki, yeni yaradılacaq agentlik bu kimi mübahisələrdə kimin lisenziyasının daha üstün olduğuna dair qərar vermək səlahiyyətində olacaq.

Bəs necə olub ki, Türkiyə hökuməti eyni ərazidə iş aparmaq üçün iki ayrı şirkətə lisenziya verib?

Qəzet yazır ki, Əliağadakı «Petkim» zavodlarının yaxınlığındakı ərazidə kəşfiyyat aparan Mədən Kəşfiyyatı və Axtarışı Agentliyi (MTA) 700 metr dərinlikdə 120-150 dərəcə temperatura malik su kəşf edib. MTA 2009-cu ildə bu suyun hasil edilərək elektrik enerjisinə çevrilməsi üçün tender elan edib. Tenderi «Buhar Enerji» şirkəti qazanıb.

Lakin 2007-ci ildə «Petkim»in hissələrinin çoxunu alan SOCAR bundan bir il sonra digər təşkilatdan-Enerji Bazarını Tənzimləmə Təşkilatından ərazidə neftayırma zavodunun inşası üçün 49 illik lisenziya alıb. «Buhar Enerji» Azərbaycan şirkətinin bu lisenziyasının ləğv edilməsi üçün məhkəmədə iddia qaldırıb.

Bu məhkəmə çəkişməsi SOCAR-ın «Star» neftayırma zavodunun və terminalının tikintisi layihəsi üçün Türkiyə banklarından kredit almaq üçün apardığı danışıqlara zərbə vurub. Nəticədə SOCAR da «Buhar Enerji»nin «Star» layihəsinin maliyyələşdirilməsinə dair danışıqlara zərbə vurduğunu əsas gətirərək bu şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Hər iki iddia üzrə məhkəmə çəkişməsi davam edir.

Xatırladaq ki, bu yaxınlarda İzmirin Əliağa səmtindəki iki qəsəbənin bələdiyyəsi də «Star» layihəsinin ətraf mühitə zərbə vurduğunu əsas gətirərək məhkəmə iddiası qaldırmışdı. «Star» layihəsinin maliyyələşdirilməsinin bir hissəsini Azərbaycan Dövlət Neft Fondu həyata keçirir. Layihənin dəyəri 5 milyard dollardır.

Diplomatik qaynaqlardan «Yeni Müsavat»a SOCAR-ın Türkiyədə  son vaxtlar üzləşdiyi problemlərlə bağlı  şok məlumatlar daxil olub. Diplomatik mənbə bildirir ki, Türkiyə hökumətinin Azərbaycan hökuməti ilə yenidən münasibətləri gərginləşib: «Nə qədər qəribə olsa da,  bu dəfə gərginliyin səbəbi rüşvətxorluğa qarşı rəsmi Bakının elan etdiyi mübarizədir».

Mətbuatdan da məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan 5 fevral konfransdakı çıxışında antikorrupsiya əməliyyatlarının davam etdiriləcəyini vurğulayıb.  Maraqlı budur ki, Türkiyə qəzetləri, xüsusi ilə  AKP-yə müxalif olan qrupların media quruluşları rəsmi Bakının bu hərəkətini həmin günlərdə «Əliyev yolsuzluq və rüşvətə savaş açdı» kimi başlıqlarla manşetdən yaydı. Və əksər yazılarda da Əliyevin jestləri T. Ərdoğanın hərəkətləri ilə müqayisə edilib və Azərbaycan prezidentinə böyük üstünlüklər verilib.  Görünür, məhz bu cür təqdimat AKP iqtidarını qəzəbləndirib və rəsmi Bakıya qarşı incik mövqeyə salıb. Türkiyə iqtidarında hesab edirlər ki, bu, təsadüfi bir hadisə deyil. Üstəlik, burada başqa bir xüsusi məqam da var. Diplomatik qaynaq iddia edir ki, məsələ təkcə «yanlış zamanlama» ilə bağlı deyil: «AKP iqtidarı SOCAR və onun rəhbəri Rövnəq Abdullayevi «Nur» camaatına bağlı olan «Hizmet» Hərəkatına yaxın sima kimi bilir. Bu fakt Azərbaycanda hər kəsin təəccübünə səbəb ola bilər, lakin Türkiyə iqtidarı məsələyə məhz bu pəncərədən baxır. Ona görə də AKP SOCAR-a yeni-yeni problemlər çıxarır və çıxaracaq».

Mənbə iddia edir ki, Azərbaycan prezidentinin indiki məqamda korrupsiya və rüşvətlə  mübarizə ilə bağlı sərt bəyanatlar verməsi, həmin müşavirənin İstanbulda dərc olunan qəzetlər vasitəsi ilə tirajlanması  istər-istəməz diqqətləri Türkiyəni titrədən, Ərdoğan hökumətinin imicini zədələyən 17 dekabr həbslərinə səbəb olan rüşvət və korrupsiya məsələlərinə yönəldib.

Türkiyənin baş naziri  Tayyib Ərdoğan 17 dekabr böyük rüşvət və korrupsiya əməliyyatlarını özünə və iqtidarına qarşı qurulmuş ssenari hesab edir. O hesab edir ki, 17 dekabr həbsləri onun həm ölkə daxilində, həm də xaricində imicini və xarizmasını zədələyib. Ona görə də bu ssenariyə həm daxildən, həm xaricdən birbaşa və ya dolayı dəstək, yaxud da mediaya mövzu verən hər kəsə qarşı aqressiv münasibət sərgiləyir. SOCAR-ın layihəsinə aqressiv və qərəzli münasibət də bu viziondan qaynaqlanır.

İnsaflı yanaşılsa, doğrudan da Azərbaycanda keçirilən antikorrupsiya əməliyyatları daxili auditoriyaya, hakimiyyətin iç problemlərinə və  perspektivlərinə həsr olunub.  AKP iqtidarı bu hadisəni hər nə qədər «Bakü bizimlə alay ediyor», kimi qavrasa da, əslində Bakının dərdi bir başqadır -  korrupsiya və rüşvətxorluq AKP iqtidarı qədər də, bəlkə də daha çox Azərbaycan iqtidarını ağuşuna alıb.

Ümumi götürdükdə isə, Türkiyə ilə Azərbaycan arasında son illər zaman-zaman gərginliklər yaşanıb. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan Sürix protokolu, Şəhidlər Xiyabanında Türkiyə Dəyanət Vəqfinin inşa etdiyi Şəhidlər məscidinin bağlanması, Türkiyəyə satılan qazın qiyməti ilə bağlı uzun çəkən danışıqlar hökumətlərarası münasibətdə ciddi problemlər yaratmışdı. İndi də Türkiyəni titrədən 17 dekabr həbsləri münasibətlərdə gərginliyin yaranmasına səbəb olub. Amma inanırıq ki, bu da keçicidir.

 





18.02.2014    çap et  çap et