Vaxt.Az

Ərdoğanı hansı çətinliklər gözləyir?


 

Türkiyədə seçki sonrası durum

Ərdoğanı hansı çətinliklər gözləyir? Türkiyədəki parlament seçkilərinin qalibi hər şeyi - hökumət formalaşdırmaq üçün qeyri-məhdud hakimiyyət, məhkəmə sistemini formalaşdırmaq üçün səlahiyyət və üst qanunverici funksiyaları əlinə alacaq.

Türkiyə 81 milyon sakini ilə dünyanın 16-cı ən böyük iqtisadi gücüdür. Seçkilərdə inamlı qələbə qazanan Ərdoğan bu böyük ölkənin həm uğurlarına, həm də uğursuzluqlarına görə cavabdeh olacaq.

Bütün dünya yalnız aprel ayında növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı xəbər tutmuşdu. Halbuki, bu proqnozlaşdırılan hadisə idi. Ərdoğan tələsirdi. Çünki ölkə iqtisadiyyatı ciddi xroniki problemlər nümayiş etdirirdi. İqtisadçıların “orta gəlir tələsi” adlandırdıqları sindrom artıq 40 ildir ki, ölkə iqtisadiyyatını izləyir. 

2002-ci ildə 48 yaşlı Rəcəb Tayyip Ərdoğanın yenicə yaratdığı Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələn zaman ölkə vətəndaşları iqtisadi böhranlardan, saysız-hesabsız parlament koalisiyalarının yaratdığı siyasi çəkişmələrdən bezmişdilər.

90-cı illərdə Avropanın ən böyük meqapolisi – İstanbulun meri səlahiyyətlərini icra edən Ərdoğanın həmin postda qazandığı uğurlar ölkə vətəndaşlarını AKP-yə səs verməyə vadar etmişdi.

Partiya qalib gəlsə də, onun lideri “ekstremist maddə” ilə məhkumluq yaşadığı üçün parlamentə seçilmək hüququndan məhrum olmuşdu. Ərdoğanın bütün ekstremistliyi mühafizəkar şairin şeirini ictimai yerdə oxumasından ibarət idi. Həmin şeirdə minarələr raketlərlə müqayisə olunurdu. Türkiyənin o zamankı hərbi-dünyəvi demokratiyası üçün bu siqnal idi. Həmin vaxt Ərdoğan bir neçə ay həbsdə yatıb.

Yalnız partiyasının seçkilərdə qələbəsindən sonra AKP müxalifətlə razılaşaraq, Məcəlləni dəyişməyə nail oldu. Bundan sonra dövlət postu tutmaq yalnız terrorizm maddəsi ilə məhkum olunanlar üçün qadağa altında idi və seir demək daha siyasi hesablaşmalar üçün bəhanə rolunu oynamırdı.

2003-cü ildə Ərdoğan üçün xüsusi olaraq 1 seçki dairəsi boşaldıldı və o, həmin dairədən deputat seçilərək hökumətin başına gətirildi. Ölkənin sükanını əlinə keçirən Ərdoğan uzun illərdir ki, Atatürkün dünyəvi respublika dəyərlərini Osmanlı ənənələri və dini motivlərə harmoniyada saxlamağa çalışır.

Yeni baş nazir kimi Ərdoğan tikinti sektoruna ciddi dəstək verdi, maliyyə sistemini liberallaşdırdı və Dünya Bankının keçmiş əməkdaşı Kamal Dərvişi antiböhran proqramının rəhbəri təyin edərək, onun bütün məsləhətlərini reallaşdırdı.

Ölkə iqtisadiyyatı hər il stabil 6 faiz artırdı. Amma 2008-ci ildə Dünya İqtisadi Böhranı başlanana qədər idxal ixracı kifayət qədər ciddi qabaqlayırdı. 2009-cu ildə Türkiyə Ukrayna, Estoniya və Latviya ilə birlikdə Avropa iqtisadiyyatları arasında ən böyük eniş göstərən ölkələr idi. Böhran Türkiyə iqtisadiyyatının xarici maliyyələşmədən ciddi asılı olduğunu ortaya qoydu və “orta gəlir tələsin”dən azad olmalı olduğunu göstərdi.

Türkiyənin yerləşdiyi mürəkkəb coğrafi şərait, qonşularla nizamlanmayan münasibətlər və karbohidrogen ehtiyatlarının olmaması ölkənin sürətli inkişaf etaplarını uzunmüddətli tənəzzül çağları və qeyri-stabilliklə əvəzləyir.

2016-cı ildə hərbi çevriliş cəhdindən sonra yaranmış situasiya vəziyyəti daha da çətinləşdirdi. Ölkənin bütün yerlərində universitetlər açılsa da, təhsildə əvvəllər ilk 100-lüyə daxil olan ali təhsil ocaqları get-gedə daha aşağı nəticələr göstərir.

Son 2 ilin iqtisadi uğursuzluqlarını Ərdoğan hakimiyyəti terrorla mübarizə sahəsində kompensasiya etməyə çalışır. Suriyanın Afrin bölgəsindəki hərbi əməliyyatları ölkə sakinlərinin dörddə üçü dəstəklədi. Terrorla mübarizə mövzusu türkləri siyasi və dini baxışlarından asılı olmayaraq, sıx birləşdirən amil sayılır.

Amma iqtisadiyyat hərbi uğurlardan çox da təsirlənməyib. 2018-ci ilin yanvarından lirə 35 faiz dəyər itirib. Erkən seçkilər ona qarşı təzyiqi daha da artırıb. Mərkəzi Bank uçot dərəcələrini çətinliklə 7-8 faiz diapozonunda saxlasa da, seçkilərdən sonra 17%-ə qaldırıb. Xarici valyutaya kəskin ehtiyacın qarşısı alınsa da, Argentina və Venesueladan sonra Türkiyə borc öhdəliklərini yerinə yetirməyə görə riskli olan 3 ölkədən biri sayılır.

Yığılan problemlərin ağırlığı fonunda CHP namizədi Məhərrəm İncənin apardığı parlaq seçki kampaniyası iqtidar üçün də düşünməyə əsas verdi. Seçkiqabağı gündəmi formalaşdıran İnce Egey sahillərindəki zəngin türklərlə cənub-şərqdə yaşayan kürdlər üçün vahid dünyəvi platforma yarada bildi. Parlament seçkilərində partiyasının topladığı səsdən 8 faiz çox alan İncə məğlub olsa da, AKP iqtidarını silkələyə bildi.

Xeyli vaxtı həbsdə olan HDP lideri Səlahəddin Demirdaşın partiyasının 10 faizlik baryeri aşması həm bu kürd təşkilatının uğuru idi, həm də Türkiyə cəmiyyətini partiyanın parlamentə keçməyəcəyi təqdirdə yaranacaq lüzumsuz gərginlikdən xilas etdi.

MHP-nin də sağ düşərgənin digər bir çox partiyaları kimi AKP-nin içində əriyəcəyi qorxusu olsa da, Dövlət Baxçalı çətin şəraitdə  partiyası ilə 11 faiz səs toplayaraq onun potensialını saxladı. Hazırki durumda AKP koalisiya daxilində MHP ilə hesablaşmalı olacaq.

Ərdoğan parlament seçkilərində ən aşağı yerlərdən birini aldı. AKP 600 yerlik Böyük Millət Məclisində yalnız 293 mandata malikdir. Deputatların çox nadir hallarda öz fraksiyalarını tərk etdiyini nəzərə alsaq, parlamentdə yaranmış situasiyanın kompromis tələb etdiyini söyləmək olar. Amma prezident səlahiyyətlərinin həddən artıq genişləndirilməsi Ərdoğana buna görə narahatlıq keçirməyə mane olur. O, istənilən an parlamenti buraxa bilər, amma bu zaman özü də növbədənkənar seçkilərə getməli olacaq.

Vüqar İSMAYILOV

 





27.06.2018    çap et  çap et