Minlərlə əmanətçidən (xarici vətəndaşlar daxil olmaqla) yalnız 3 (???) nəfər məsləhətimlə məhkəməyə iddia ilə müraciət etdi. Bunun özü də bir göstəricidir: bank və məhkəmə sistemlərinə etimad etməyən əmanətçilər mübarizənin əbəs olduğunu zənn etdi və sadəcə pullarını geri çəkdi (nəticədə bank sistemi itirdi!). Bu ilin mart ayında Nəsimi rayon məhkəməsi bu şübhələri təsdiq etdi: iddialarımız rədd edildi. Həmin məhkəmədə proseslərin özü belə, etirazımıza baxmayaraq, qapalı keçirildi (guya hansısa sirr açılmalı idi, amma açılmadı!). İclasın qapalı olmasından sui-istifadə edən Bankın nümayəndəsi işin mahiyyətindən deyil, daha çox mənim fəaliyyətimdən danışırdı: məni az qala bank sisteminin düşməni kimi göstərməyə çalışırdı. Mən isə cavabımda o cümlədən deyirdim ki, əksinə, məhz Bankın əməli bank sisteminə etimadı sarsıdır, mən isə onu bərpa etməyə çalışıram.
Hər üç qətnamədən apelyasiya şikayəti verdik. 29 iyun tarixdə Bakı Apellyasiya Məhkəməsi hakim Məmməd Məmmədovun sədrliyi ilə ilk apelyasiya şikayətimizi təmin edərək Beynəlxalq Bankın əməlini qanunsuz hesab etdi. Bununla da ədalət bərpa olundu: bank fiziki şəxslə bağladığı əmanət müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada endirə bilməz!
Bank sisteminə etimadın bərpası üçün əhəmiyyətli olan bu qərar həmçinin onu göstərdi ki, hər kəs həmişə haqqını tələb etməlidir. Haqqını tapdalayanın kimliyindən asılı olmayaraq. Ay nə bilim, bankları məhkəmədə udmaq olmur, Beynəlxalq Bank dövlət bankıdır, ona baş qoşmağa dəyməz və s. və i.a. Biz bir daha sübut etdik ki, bu, belə deyil! Qanun, uğrunda mübarizə aparan varsa, bu Hüquqdur!