Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ötən gün virtualaz.org-un sorğusuna cavab olaraq Naxçıvan istiqamətində atışmanın baş verdiyini təkzib edib. Habelə bildirib ki, erməni hərbi qulluqçusunun yaralanmasına Azərbaycan tərəfinin aidiyyəti yoxdur.
Bu gün səhər isə Ovanisyan dünənki məlumatını gücləndirmək üçün öz səhifəsində “Naxçıvan istiqamətində Azərbaycan ordusunun postunun yandığı” barədə videokadrlar yerləşdirib. Kadrlara əsasən dağlıq ərazidə geniş sahəni alov bürüyüb və açıq-aşkar görünür ki, yanan hərbi post deyil, hansısa otlaq və ya əkin sahəsidir.
Naxçıvan Televiziyasının yaydığı kadrlardan isə bəlli olur ki, Ermənistan silahlı qüvvələri dünən və bu gün səhər həqiqətən Azərbaycan ordusunun erməni nəzarəti altından çıxarılmış Günnüt kəndi istiqamətindəki postlarının yerləşdiyi sahələrdə yanğınlar törədib. Lakin alışdırıcı güllələrin köməyi ilə başladılan yanğın küləyin istiqamətini dəyişməsi nəticəsində Ermənistan ərazisinə keçib. Və Vaytsdozor əyalətinin Areni kəndinin ətrafında ermənilərə məxsus dəmyə taxıl sahələrində güclü yanğına səbəb olub. Habelə Ermənistan ordusunun postlarının yerləşdiyi əraziləri də yanğın bürüyüb.
“Azərbaycan əsgəri düşmənin təxribatlarına cavab olaraq nəzarətindəki ermənilərə məxsus buğda sahələrini yandırmaq imkanına malik olsa da bunu etmir. Çünki, qarşı tərəfdən fərqli olaraq bizim əsgərimiz baxmayaraq ki, o nemətlə düşmən qidalanacaq çörəyə hörmət əlaməti kimi taxıl zəmilərini və digər təsərrüfat sahələrini yandırmır. Düşmən isə əksinə olaraq təxribatlarından əl çəkmir və törətdiyi təxribatlar erməni əhalisinə ziyan vurur. Kadrlardan da gördüyünüz kimi bizim əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüb. Lakin külək şimal istiqamətə əsdiyindən erməni hərbçilərinin törətdikləri təxribat xarakterli yanğınlar sadə erməni kəndlilərinin taxıl sahələrinə və öz postlarına od salıb. Azərbaycan tərəfi erməni tərəfindən fərqli olaraq, daha doğrusu düşmən kriminal rejiminin və hərbi dairələrinin öz sadə əhalisinə etmədiyi yaxşılığı və insanpərvərliyi edərək humanist addım atıb və yanğının söndürülməsi üçün şərait yaradıb. Kadrlardan da aydın şəkildə görünür ki, Əlahiddə Ümumqoşun Ordunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və sadə erməni əhalisinin təsərrüfatlarına heç bir ziyan yetirmir. Törədilən təxribatların səbəbkarı erməni kriminal hərbi-siyasi rejimidir», - Naxçıvan Televiziyası bildirir.